Döyülən direktor iş vaxtı niyə başqa yerdə olub? - Təhsil İdarəsindən açıqlama

2018-11-22 12:15:36 / 1614 dəfə oxunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 175 nömrəli tam orta məktəbin direktoru Mirzəliyev Tural Elmi oğlunun dərs zamanı Nizami Rayon Məhkəməsinin inzibati binasının qarşısında olmasının səbəbinə aydınlıq gətirib.

Qurumdan BakuPost-a verilən məlumata görə, T. Mirzəliyev noyabrın 20-də Nizami Rayon Məhkəməsinin inzibati binasında keçiriləcək məhkəmə iclasında şahid qismində ifadə vermək üçün cavabdehlərin vəkili tərəfindən dəvət olunub.

Eyni zamanda Tural Mirzəliyevin məhkəmə prosesinə gedəcəyi barədə öncədən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat verdiyi bildirilib.

Qeyd edək ki, noyabrın 20-də Nizami Rayon Məhkəməsinin qarşısında "Dolu” filminin aktyoru, "Drakon” obrazını canlandıran Rza Rzayev və T. Mirzəliyev arasında dava-dalaş olub. Əraziyə polis gəlib, hər iki şəxs Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinə aparılıb, ifadələri alınıb. T. Mirzəliyev müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Aktyor isə BakuPost-a müsahibəsində bildirib ki, Nizami Rayon Məhkəməsində baxılan məhkəmə işində məktəb direktoru cavabdeh və şahid olmadığı halda hər dəfə cavabdeh qismində çıxış edən başqa bir məktəbin valideynləri ilə birlikdə məhkəmə binasının qarşısına gəlib, təhrikedici hərəkətlərə yol verib. R. Rzayev hadisədən əvvəl direktorun dərs zamanı məhkəmə binasının qarşısına gələrək təhrikedici hərəkətlərə yol verməsinə son qoyulması üçün Təhsil Nazirliyinə yazılı müraciət etdiyini də bildirmişdi.

Lakin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsələ ilə bağlı BakuPost-un sualına cavabında yalnız dava-dalaşın baş verdiyi son hadisə zamanı direktorun məhkəmə binası qarşısında olmasına aydınlıq gətirilməyə çalışılıb. Ancaq bundan öncəki məhkəmə proseslərində belə T. Mirzəliyevin nə üçün hər dəfə məhkəmə binasının qarşısına gəldiyinə aydınlıq gətirilməyib.


Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!