İnam Kərimov: “Gələn il məhsuldarlıq daha da artacaq”

2018-11-27 13:02:06 / 1923 dəfə oxunub
"Bu günə qədər 215 min tondan çox pambıq tədarük edilib. Keçən illə müqayisədə məhsuldarlıq daha çoxdur"

Bunu kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlamasında deyib. Nazir hesab edir ki, gələn il məhsuldarlıq daha da artacaq.

"Bu il orta məhsuldarlıq 16 sentnerdən çoxdur. Hesab edirik ki, gələn il daha yüksək məhsuldarlıq əldə edəcəyik. Optimal torpaq sahələrinin seçilməsi ilə bu il 132 min hektar torpaq sahəsi əkilibsə, gələn il 100 min hektar pambıq sahəsinin əkilməsini planlaşdırırıq. Daha yüksəl məhsuldarlıq əldə etmək niyyətindəyik".

İ.Kərimov qeyd edib ki, qabaqcıl təcrübə əldə etmiş ölkələrin mütəxəssisləri ilə yeni model təsərrüfatların yaradılması planlaşdırılıb.

"Digər sahələrdə məqsədimiz intensiv məhsuldarlığa nail olmaqdır. Torpaqlardan optimal istifadə etmək, ixtisaslaşmanı təmin etmək, daha az sahə istifadə etməklə daha çox məhsuldarlıq əldə etmək niyyətindəyik. Burada ən vacib şərtlərdən biri kooperativləşməni inkişaf etdirməkdir. Sabirabad rayonunda artıq belə kooperativ təsis edilib. Bunu digər rayonlarda da genişləndirməliyik. Çünki kiçik torpaq sahələrində yüksək məhsuldarlıq əldə etmək mümkün deyil".

İxtisaslaşma üzərində ekspertlərin işlədiyini deyən nazir vurğulayıb ki, hər bir regionun iqliminə, torpağın şəraitinə uyğun məhsuldarlığın planlaşdırılması nəzərdə tutulur.

Nazir, həmçinin aqrar sektorda könüllülər məsələsinə də toxunub. Qeyd edib ki, 3 il ərzində 10 minə yaxın könüllüdən ibarət proqramın icrasına başlanılacaq. "Artıq hər bir DAİM mərkəzində könüllülər fəaliyyətə başlayıblar. Onların məqsədi yerlərdə fermerlərə dəstək olmaqdır".(azvision.az)

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!