Azərbaycan təhsili: sabaha qoyulan sərmayə

2018-12-13 12:56:28 / 561 dəfə oxunub

Ölkədə təhsilin durumunu müəyyən edən əsas faktor dövlət büdcəsi hesab olunur. Təhsilin inkişafını şərtləndirən əsas amil məhz dövlətin bu sahəyə ayırdığı vəsaitlərin həcmidir. 2019-cu il dövlət büdcəsində təhsil sektoru üzrə xərclər 2 milyard 275 milyon manat proqnozlaşdırılır. 2018-ci ildə dövlət büdcəsinin təhsil sektoru üzrə xərcləri 2 milyard 44 milyon manat, 2017-ci ildə isə bu göstərici 2 milyard manat civarında olub.

Göründüyü kimi 2019-cu ilin təhsil cari ilə nisbətən 231 milyon manat və ya 11,3 faiz çoxdur. Təhsil xərclərinin dövlət büdcəsinin xərcləri tərkibində xüsusi çəkisi 9,2 faiz təşkil edir. Təhsilə qoyulan sərmayə bu sahənin ayrı-ayrı sektorlarında da özünü aydın hiss etdirməkdədir.

Məsələn, 2019-cu ilin yanvar-mart aylarından başlayaraq gənc alimlərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Dövlət başçısının göstərişi ilə gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Artıq Masazır gölü ətrafında sərfəli qiymətlərlə gənc alimlər üçün binanın tikintisi aparılır. Bundan başqa iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması məqsədilə yaradılan AMEA-nın Yüksək Texnologiyalar Parkında çalışan gənc alimlərimiz artıq 1000-1500 manat civarında əməkhaqqı alırlar.
Yüksək Texnologiyalar Parkının AMEA-nın büdcəsinə əlavə gəlirlər gətirəcək ki, , bu gəlirlərdən gənc alimlərin elmə həvəsini stimullaşdırmaq üçün istifadə olunacaq.

Təhsilin korrupsiyadan təmizlənməsi

Göründüyü kimi, elm və təhsilə ayrılan dövlət vəsaitinin miqdarı ildən-ilə artırılır, təhsil ocaqlarının maddi-texniki bazası genişləndirilir, müəllimlərin maaşına əlavələr edilir, tədrsində elektron idarəçilik sistemi tətbiq edilir və s. Bəs, bütün bunlar təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olurmu?

Bu suallara cavab tapmağa çalışacağıq.

Təhsil sosial sahə olduğundan orada baş verənlər barədə mətbuat, ictimaiyyət daha tez məlumat əldə edir. Elə bu sətirlərin müəllifi də mətbuatda dəfələrdə təhsildəki problemlərdən - "fond pulu”, "süpürgə pulu”, "müəllimlərə hədiyyə” və s. mövzulardan dəfələrlə yazıb. Ən ciddi problemlərdən biri isə, şübhəsiz, müəllim olmaq istəyən şəxslərin get-gələ salınması, əyri yollarla işə götürülməsi, saxta diplomlu şəxslərə "müəllim” adının verilməsi, dərs saatlarını məktəb rəhbərliyi tərəfindən ədalətsiz bölüşdürülməsilə bağlı idi. Bütün bu problemlərə baxmayaraq, Azərbaycan ailəsi övladları təhsildən yayındırmayıblar. Valideylər min bir əziyyətlə qazandıqları pulu övladlarının təhsilinə xərcləməyi əsirgəməyiblər.

Sevindirici haldır ki, son illər təhsildəki nöqsanlarla bağlı mətbuata gedən yazılara aidiyyəti-dövlət qurumları reaksiya verməyə başlayıblar, qüsurların aradan qaldırılması istiqamətinə addım atmağa başlayıblar.

Son illər müəllimlərin işə qəbulu ilə bağlı problemlər demək olar ki, həll olunub. Söhbət qəbul qaydalarının elektronlaşdırılmasından gedir.

Həmsöhbətimiz İlahə Qarayeva deyir ki, o, Azərbaycan Pedoqoji Universitetinin Fizika müəllimliyi fakültəsini bitirib: "Yaşadığım rayonda yaxın orta məktəblərin birində işləmək istədim. Məni get-gələ saldılar. Tələbləri mənə gülməli gəlirdi. Mən 4 il müəllimlik təhsili almışam ki, kimlərinsə maddi maraqlarını təmin edərək müəllim işləyib? Xöşbəxtlikdən, Təhsil Nazirliyi müəllimlərin işə qəbulunu test üsulu ilə etdi. İmtahan verib yaxınlıqdakı məktəbə düşdüm. Artıq 4-cü ildir ki, müəllim işləyirəm”.

İlahə Qarayeva müəllimlərin diaqnostik qiymətləndirməsindən keçdiyini və bunun maaşına təsir göstərdiyini bildirdi: "Əslində diaqnostik qiymətləndirmə sistemi gənc müəllimlərin inkişafı üçün böyük töhfədir və məktəb rəhbərliyi tərəfindən sıxışdırılmağımızın, dərslərimizin əlimizdən alınmasının qarşısını alır”.

Xatırladaq ki, təhsil sektorunda islahatların aparılması "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda da nəzərdə tutulub.

Milli Fəaliyyət Planında qeyd olunur ki, ali təhsil müəssisələrinin informasiya sistemlərinin formalaşdırılsın, tələbələrə verilən arayış və sənədlərin elektron formada əldə edilsin və təhsil haqlarının elektron formada ödənilməsi təmin edilsin.

Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı elektron xidmətin yaradılması və ümumtəhsil məktəbləri, lisey, gimnaziyalara qəbulla bağlı elektron sənəd qəbulu sisteminin əhatəsinin genişləndirilməsi də Milli Fəaliyyət Planında öz əksini tapıb.

Ali və orta ixtisas təhsili müəssisələrinin tədris proqramlarına antikorrupsiya mövzusunun əlavə edilməsi, tələbələr üçün ictimai mühazirə və seminarların keçirilməsiMilli Fəaliyyət Planında vacib məqam kimi qeyd olunub. İki il ərzində Milli Fəaliyyət Planında təhsillə bağlı nəzərdə tutulan bütün islahatların həyata keçirildiyini söyləmək mümkündür.

Xaricə pul axını

Məhz bunun nəticəsidir ki, 2018-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilib. Qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı rekord miqdarda – 34475 nəfər (43,9%) təşkil edib ki, bu da 2016-cı ilki göstəricidən 3, 9%, 2015-ci ildəki göstəricidən isə 9,2% artıqdır.

Eyni zamanda, tələbə qəbulu imtahanlarında iştirak edərək 200-dən artıq bal toplayan abituriyentlərin nəticələrinə görə keyfiyyət göstəriciləri yüksəlib.

Azərbaycanda aparılan təhsil islahatlarından biri də hər istəyənə ali təhsil almaq hüququ verməkdir. Təhsil hər kəs üçün əlçatan olmalıdır. Bir çox ölkələr ali təhsilə yiyələnmək arzusu olan hər kəsə bu imkan yaradılır. "Bilik iqtisadiyyatı”nın vacib elementlərindən olan pullu təhsil hər kəs üçün əlçatan olmalıdır. Onsuz da Azərbaycanda imtahanda lazım olan balı toplaya bilməyən imkanlı abituriyentlər dünyanın ən inkişaf etmiş ölkələrində pullu təhsil ala bilirlər. Bununla da hər il ölkədən külli miqdarda vəasit xarici təhsil ocaqlarının büdcəsinə axır. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin qeyd etdiyi kimi: "Belə formada asan ali təhsil əldə etmək üsulundan valideynlər daha çox yararlanırlar. Bu da hardasa "əldəqayırma diplom" əldə etmək sevdasından irəli gəlir. Halbuki belə diplomlar vaxtilə Moskvada metroda da satılırdı. Övladını təhsil üçün xaricə göndərən valideyn ilk növbədə keyfiyyətə üstünlük verməlidir. Valideyn bilirsə ki, onun övladı orta məktəbi güc bəla ilə bitirib bizim təşkil etdiyimiz imtahanlarda nəticə göstərə bilmir və oxumağa meyilli deyil, ancaq onun dünya görüşünün artması üçün xaricə göndərirsə, bu, onun öz seçimidir. Xaricə gedib o qədər maliyyə vəsaiti verənə qədər ölkədə fəaliyyət göstərən özəl ali təhsil müəssisələrində təhsil almaq olar”.

Azərbaycan dövləti xaricdə təhsil proqramlarına nə qədər dəstək versə də, bununla bağlı narahatlıqlar daim səsləndirilib. Narahatlıqlar baş verən beyin axını, gənclərin xaricdə yad ideologiyaların təsiri altına düşməsi və maliyyə vəsaitinin xaricə axması ilə bağlıdır.

Eyni zamanda son illər Azərbaycanın ali təhsil sistemində də böyük dəyişikliklər baş verib. Ölkədə beynəlxalq standartlara cavab verən ali təhsil ocaqları, bir sıra xarici təhsil müəssisələrinin filialları açılıb. Özəl və dövlət ali təhsil müəssisələrinin tərkibində yerli və xarici mütəxəssislər, professorlar tədrisə cəlb edilib.

Bunun nəticəsi olaraq 2007-ci ildən Azərbaycan prezidentinin təşəbbüsü ilə həyata keçirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” başa çatdırıldı. Bu proqramın həyata keçirildiyi müddətdə 3500-dən çox Azərbaycan vətəndaşı, gənc soydaşlarımız dünyanın ən nüfuzlu ali məktəblərində, müəssisələrində təhsil almaq imkanı əldə ediblər.

Aparılan təhlillər göstərdi ki, Azərbaycanın ali təhsil ocaqlarında verilən tədrisin keyfiyyəti heç də xaricdəki tədrisin keyfiyyətindən geri qalmır. Həmçinin universitetlərimizin xarici professorları, alim və müəllimləri təhsil ocağına dəvət etmək imkanları var. Belə olan halda haqlı sual yaranır. Dövlət nə üçün əlavə xərc çəkib xaricdə təhsil proqramını maliyyələşdirməlidir?

Təhsilin Azərbaycan modeli

Bu gün Azərbaycan təhsilinin qarşısında duran əsas problemlərdən biri şagirdləri milli-mənəvi dəyərlərə yiyələnmiş bir şəxsiyyət kimi formalaşdırmaqdır. Şagirdlərin mənəvi tərbiyəsinin cəmiyyətin həmişə diqqət mərkəzində olub. Təhsilin əsas vəzifəsi sağlam düşüncəli nəsillər formalaşdırmaqdır. Tədrisin keyfiyyətcə yaxşılaşdırılması nə qədər vacibdirsə, şagirdlərin şəxsiyyət kimi formalaşması, həmçinin təlim-tərbiyə məsələləri bir o qədər önəmlidir.

1999-cu ildə Heydər Əliyevin imzaladığı fərmanla qüvvəyə minən "Dövlət gənclər siyasəti haqqında” qanun gələcək nəslin inkişafına göstərilən qayğını ifadə edir. "Dövlət gənclər siyasəti haqqında” qanun çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, ölkənin ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir.

2005-ci ildə prezident İlham Əliyev tərəfindən "Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər) imzalanıb. Proqrama gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası, gənclərin sağlamlığının qorunması sahələrində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması kimi vəzifələr daxil edilib.

Azərbaycanda keçirilən beynəlxalq sviyyəli idman yarışlarında şagird və tələbələrin iştirakı təmin edilib. Eyni zamanda şagird və tələbələr arasında mütəmadi olaraq idman yarışları keçirilir.

"2015-2018-ci illərdə Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı Dövlət Proqramı”nın da məqsədi əhalinin bədən tərbiyəsi və idmanla məşğul olmasına dair marağının artırılması, xüsusən uşaq, yeniyetmə və gənclərin fiziki inkişaf səviyyəsinin yüksəldilməsi, şagird və tələbələrin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, inkişaf etdirilməsi və onların müntəzəm idman məşğələlərinə cəlb olunmasıdır.

Bir sözlə, ölkədə həyata keçirilən proqramlar uşaq və gənclərin mənəvi psixoloji inkişafı üçün yeni imkanlar açır. Bu da onların pis vərdişlərdən uzaq olmalarında, ölkənin uğurlu gələcəyi üçün layiqli vətəndaş kimi yetişmələrində mühüm rol oynayır.

Yuxarıda sadalanan bütün faktlar Azərbaycan təhsilinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Ədil Ədilzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!