Millət vəkili: Anti-Azərbaycan mərkəzlər Mehman Hüseynovu süni gündəmə alət etməyə çalışırlar

2019-01-08 14:35:26 / 197 dəfə oxunub

Son günlər anti-Azərbaycan mərkəzlər yenidən Azərbaycanda süni gündəm yaratmağa və barəsində məhkəmə hökmü olan Mehman Hüseynov adlı şəxsi bu məqsədlə həmin süni gündəmə alət etməyə çalışırlar.

Sabahinfo.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, əslində bu hay-küyün M.Hüseynovla heç bir əlaqəsi yoxdur: "O, Azərbaycan vətəndaşı olaraq qanunun tələblərini pozub və hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmə hakimiyyətinin qərarı ilə məsuliyyətə cəlb edilib. İndi isə onu bu vəziyyətə düşməyə təhrik edənlər bir daha onu növbəti qanun pozuntusuna cəlb etməklə vəziyyətdən sui-istifadə edirlər. Bu yolverilməzdir və heç bir beynəlxalq istismarçı şəbəkənin bunu etməyə haqqı yoxdur. Təəssüf ki, bəzən Mehman kimi qurbanları öz toruna salmağı bacaran anti-Azərbaycan şəbəkələr belə gəncləri axıra qədər istismar etməklə onları öz milli maraqlarına qarşı qoyurlar. Hazırda baş verənlər də növbəti belə oyunun bir halqasıdır”.

H.Babaoğlu vurğulayıb ki, Azərbaycana qarşı cəbhə açan belə şəbəkələri nə Mehmanın taleyi, nə də Azərbaycanın mənafeyi maraqlandırır:

"Tam əksinə, onlar hüquq və demokratiya müdafiəçiləri kimi görünməklə əslində Azərbaycana qarşı düşmənçilik edir, onun beynəlxalq nüfuzuna kölgə salmağa çalışır, ölkəmizin dünya ictimai rəyində antidemokratik obrazını yaratmağa cəhd edirlər. Nəticədə belə mərkəzlər üçün elə Mehman Hüseynov da bir azərbaycanlıdır və onun həbs edilməsi də elə həmin mərkəzlər üçün bir qənimətdir. Çünki hazırkı mürəkkəb beynəlxalq şəraitdə söhbət xalqların qlobal müstəvidə mübarizəsindən gedir. Bu mübarizənin qalibləri öz təhlükəsizliklərini təmin edib yaşayacaq, məğlublar isə milli dövlətçiliklərini itirəcəklər. Ona görə də Azərbaycanın əldə etdiyi heç bir uğur imperialist mərkəzlər tərəfindən həzm edilmir. Onlar güclü, təhlükəsiz, özünü müdafiə etməyi bacaran, Lələtəpə, Günnüt əməliyyatları keçirməyə qadir olan, qlobal meqalayihələri həyata keçirən və nəhayət, bir gün öz ərazi bütövlüyünü təmin edə biləcək Azərbaycanı istəmirlər. Məsələnin qısa mahiyyəti bundan ibarətdir. Ona görə də vaxtaşırı bu tipli manipulyasiyalarla üzləşirik. Ancaq məsələ ondadır ki, artıq anti-Azərbaycan mərkəzlərin belə ssenarilərinə qarşı Azərbaycanda ictimai immunitet yaranıb və bənzər metodlarla ölkəmizə təzyiq göstərmək mümkün deyil”.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!