Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq Yasamaldakı partlayışla bağlı məlumat yayıb

2019-01-09 18:01:35 / 191 dəfə oxunub

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq Yasamaldakı partlayışla bağlı məlumat yayıb.

Həmin qurumların mətbuat xidmətlərinin Sabahinfo.az-a daxil olan birgə məlumatına görə, yanvarın 9-da saat 03 radələrində paytaxtın Yasamal rayonu, Tolstoy küçəsi, ev 40-da yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin, Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin, "Azəriqaz” İstehsalat Birliyinin, rayon polis idarəsinin və rayon prokurorluğunun əməkdaşları gəlmiş, yanğın söndürüldükdən sonra ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib və digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Hadisə yerinə baxış zamanı müəyyən edilib ki, partlayış nəticəsində həmin ünvanda yaşayan Aydın Məmmədov, arvadı Xuraman Məmmədova və qızı Aygün Məmmədova aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Baxış zamanı həmçinin, fərdi yaşayış evinin yataq otağında divarda yerləşdirilmiş evi qızdırmaq üçün istifadə edilən, nəzarət kranları açıq vəziyyətdə olan 1 ədəd qaz sobası aşkar edilib.

İlkin ehtimala görə partlayış qaz sızması nəticəsində baş verib.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, məhkəmə tibbi, yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizaları təyin olunub.

Hazırda təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!