Ərəblər Azərbaycana axın edəcək - “Yol xəritəsi” hazırlanır

2019-01-11 12:14:56 / 338 dəfə oxunub
Səudiyyə Ərəbistanında Turizm Assosiasiyaları Konfederasiyası Azərbaycana ərəb turistlərinin cəlb olunmasına yardımı nəzərdə tutan "yol xəritəsi” hazırlayır.

Sabahinfo.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan - Ərəb ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.

Y.Əliyevin sözlərinə görə, "yol xəritəsi” beş il müddətinə nəzərdə tutulub. Əməkdaşlığın bütün aspektləri Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən əlaqələndiriləcək. İcraçı direktor əlavə edib ki, ərəb tərəfi də Azərbaycana turistlərin cəlb olunması ilə məşğul olacaq və ölkəyə investisiyaların azı 5 faiz səviyyəsində illik artımını təmin edəcək.

Ərəb ölkələri ilə əməkdaşlığın genişləndirilməsi üzrə planlardan danışan Y.Əliyev qeyd edib ki, bu il Azərbaycan nümayəndə heyətlərinin Qətər, Küveyt, Səudiyyə Ərəbistanı və İordaniyaya səfərləri planlaşdırılır:

"Ötən il Azərbaycana İordaniya, İraq, BƏƏ və Qətərdən nümayəndə heyətləri səfər edib. Analoji görüşlər bu il də baş tutacaq. Hesab edirəm ki, səfərlərin dəqiq tarixləri yanvarın sonunadək məlum olacaq. Bundan başqa, Bakıda birinci Azərbaycan-ərəb investisiya forumu kimi irimiqyaslı tədbirin keçirilməsi nəzərdə tutulur. Bu məsələ yaxın günlərdə Beyrutda Ərəb Assosiasiyaları Palatası ilə müzakirə olunacaq”.

Qeyd edək ki, ötən ilin 11 ayı ərzində Azərbaycana gələn turistlərin sayında ən böyük artım Fars körfəzi ölkələrindən qeydə alınıb. 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə ötən il Azərbaycana gələn turistlərin sayı Səudiyyə Ərəbistanından 2,2 dəfə, Bəhreyndən 2,1 dəfə, Küveytdən 1,9 dəfə, Qətərdən 1,6 dəfə, İraqdan 10,4 faiz, Omandan 8,5 faiz artıb.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2018 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!