Qarabağın Azərbaycanlı İcması: “Erməni icması ilə dialoqa hazırıq”

2019-02-04 18:14:41 / 1709 dəfə oxunub
"Ermənistan-Azərbaycan münaqişəsinin regionumuz üçün törətdiyi ağır nəticələr hamıya məlumdur. İlk olaraq bunu, Ermənistanın həyata keçirdiyi təcavüz və işğal siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınmış azərbaycanlı məcburi köçkünlər, o cümlədən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzvləri daha yaxından hiss edirlər”.

Bu sözləri Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevin bildirib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsilə regionda nəinki hərbi və siyasi təhlükəsizlik və stabillik bərpa olunardı, habelə regionun iqtisadi, humanitar və digər sahələrdə inkişafı istiqamətində daha böyük uğurlar əldə edilə bilər.

"Bu müstəvidə, 2019-cu ilin yanvar ayında Brüsseldə aparılmış "Dağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistana və Azərbaycana iqtisadi təsiri” adlı araşdırmanın təqdimatı diqqətimizi cəlb edib. Sözügedən araşdırma mənzil-qərargahı Berlin şəhərində yerləşən "BE Berlin Economics GmbH" konsaltinq şirkəti tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb.

Araşdırmada vurğulanır ki, münaqişənin tam tənzimlənməsi sərhədlərin açılması, ticarətin yenidən bərpası, əməkdaşlıq potensialı, qaçqınlar və məcburi köçkünlərlə bağlı bütün məsələlərin həlli vasitəsilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına gətirib çıxaracaq. Xülasədə qeyd edilir ki, "Dağlıq Qarabağ münaqişəsinin həlli böyük iqtisadi faydalar gətirəcək və bu hər iki ölkənin iqtisadi marağındadır. Münaqişənin həllindən 10 il sonra hər iki ölkə daha yüksək inkişaf yolunda olacaq, eləcə də yaşayış standartları nəzərəçarpacaq dərəcədə təkmilləşəcək. Bu xüsusda, sülhün iqtisadi faydaları Dağlıq-Qarabağ münaqişəsinin daimi həllinin tapılmasının lehinə güclü dəlildir”.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması olaraq, biz də bu məntiqə şərik çıxdığımızı və məhz belə yanaşmanı dəstəklədiyimizi bildirmək istərdik. Münaqişənin həlli nəticəsində Ermənistan əhalisi regionda yaranacaq əməkdaşlıq imkanlarından faydalanmaq imkanları əldə edəcək. Azərbaycan tərəfi bunu dəfələrlə bəyan edib.

Regionda sülhün bərqərar olmasının gələcək üçün önəmli olduğuna diqqəti çəkərək, biz münaqişənin həlli prosesində maraqlı tərəf olaraq Dağlıq Qarabağın erməni icması ilə konstruktiv dialoq aparmağa və təmas qurmağa hazır olduğumuzu və müxtəlif müstəvilərdə, o cümlədən iqtisadi və hümanitar əlaqələrin bərpa olunmasına öz töhfəmizi verməyə hazırıq.

Şübhəsiz ki, bunun üçün münaqişənin ədalətli həlli prosesi çərçivəsində Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, məcburi köçkünlərin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin öz doğma torpaqlarına – Dağlıq Qarabağa təhlükəsiz və ləyaqətli şəkildə qayıtması, mülkiyyət hüquqlarından istifadə olunması təmin olunmalıdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanır”.(modern.az)


Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!