İstedadsızlığa milyonlar xərcləyən məmurlar – Qeyri-rəsmi sponsorluq

2019-02-13 10:12:20 / 5483 dəfə oxunub
Dünya şou-biznes aləminin qaydaları çox sərtdir - istedadı, bacarığı olmayan heç kim burada uğur qazanıb, irəliyə gedə bilməz. Səsi olmayıb dünyada tanınmaq, albom satıb pul qazanmaq bugünkü dünyada nonsensdir.

Nə qədər qəribə də olsa, Azərbaycanda şou-biznes də "yerli” xüsusiyyətləri ilə dünya şou-biznesindən kəskin fərqlənir. Belə ki, hər sahədə olduğu kimi, burada da arxası, daha dəqiq ifadə etsək, arxalı sponsoru olmasa kiminsə ulduzunun parlaması müşkül məsələdir. Maraqlıdır ki, dünyada sponsorluq qanuni fəaliyyət növlərindən biri sayılır. Kimsə, hansı şirkətsə istedadı olan birinə dəstək verirsə, bunu açıq formada və qanunlara uyğun həyata keçirir. Bu, hər sahədə, o cümlədən şou-biznesdə də belədir. Azərbaycan şou-biznesində isə sponsorluq ifaçıların, daha doğrusu, özünü ifaçı hesab edənlərin əsas uğur mənbəyinə çevrilib.

Və kiçik istisnalarla (hər hansı böyük şirkətin rəsmi sponsorluğu və sair), bu sponsorluq hər hansı qanunla tənzimlənmədən, cəmiyyətə heç bir informasiya verilmədən həyata keçirilir. Məsələn, ciddi bir istedadı, ifa qabiliyyəti olmayan biri eyni vaxtda bütün televiziyaların ulduzuna çevrilir, mahnıları radioların efirini bəzəyir. Bir neçə aylıq "raskrutkadan” sonra bu ifaçı cəmiyyətə ulduz kimi sırınır. Bir çox hallarda bu proses illərlə davam edir. Və bu əksər hallarda "ulduz” parladığı kimi qəfildən də sönür. Üstündən nə qədərsə keçəndən sonra məlum olur ki, həmin dövrdə ifaçını parladan istedadı deyil, sponsorunun pulu imiş. Səxavətlə verilən pullar hesabına aylarla, bəzənsə illərlə televiziya ekranlarında, radio efirlərində "ulduza” çevrilibmiş...

Sponsorluq məsələsi də Azərbaycanda dünyada qəbul olunan anlamından xeyli uzaqlaşıb. Belə ki, dünyada sponsor qismində adətən varlı iş adamları, biznesmenlər, yaxud hansısa şirkətlər çıxış edir. Azərbaycanda isə ən "səxavətli” sponsorlar - dövlət məmurları sayılır. Düzdür, bizdə də varlı iş adamlarından müğənnilərə sponsorluq edənlər olur. Məsələn, Azərbaycan əsilli Rusiya milyarderi Telman İsmayılov uzun müddət bizim tanınmış müğənnilərə sponsorluq edib. Hazırda onun belə imkanları olmasa da, ən azından zamanında T.İsmayılovla dostluqlarını üstünlük kimi təbliğ edən müğənnilərin onun yaxşılıqlarını unutduqlarını söyləmək mümkün deyil...

Qeyd etdiyimiz kimi, Azərbaycan şou-biznesində parlamaq üçün ən uğurlu variant məmur sponsorluğudur. Hətta bir çox məmurlar var ki, ayrı-ayrı vaxtlarda bir neçə "ulduz”a sponsorluq etməkləri ilə tanınıblar. 2005-ci ildə aşkarlanan Hacı Məmmədov qruplaşmasının cinayət dosyesində ona yaxın Azərbaycan müğənnisinin adı keçirdi. Onların arasında xalq artisti olanlar da vardı...

İndinin özündə də "ulduzu” parlayan bir çox müğənnilərin arxasında bu və ya digər məmurun dayandığına dair məlumatlar şou-biznes aləmində, TV çevrələrində heç kimə sirr deyil. Böyük əksəriyyəti qadınlar olan bu "ulduz”lar öz reklamları üçün pulu xəzəl kimi səpirlər. Eyni zamanda onlar bahalı avtomobilləri, evləri, əmlakları, gəzdikləri xarici istirahət mərkəzləri, hətta plastik əməliyyatları ilə öyünməkdən, gündəmə gəlməkdən çəkinmirlər.

Şou-biznes aləminə bələdçiliyi olan hər kəs hansı ifaçını kimin, hansı məmurun maliyyələşdirdiyini rahatlıqla söyləyə bilir. Düzdür, bunu heç kim açıq yaza, ictimailəşdirə də bilmir - çünki sponsorun adı məlum olsa belə, sponsorluq fəaliyyəti qanun əsasında həyata keçirilmədiyi üçün heç bir müğənni arxasında dayananın adını rəsmən etiraf etmir. Səbəb isə çox sadədir - əvvəla, məmurların sponsorluq fəaliyyəti qanunla qadağandır, ikincisi və ən əsası isə onlar "ulduz” düzəltməyə sərf etdikləri vəsaiti heç də qanuni yollarla əldə etmirlər. Heç bir məmur bir ifaçıya sərf etdiyi yüz minlərlə manat pulun mənbəyini açıb göstərə bilməz.

Çünki mənbə korrupsiya və büdcə vəsaitlərini mənimsəmənin ən müxtəlif yollarıdır. Dolayısı ilə götürdükdə, bu gün ulduzu parlayan bir çox ifaçıların əslində Azərbaycanın dövlət büdcəsindən maliyyələşdirildiyini rahatlıqla söyləmək mümkündür. Çox sadə bir səbəbdən ki, məmurlarımızın əldə etdikləri qanunsuz gəlirlərin bəlkə də hamısı büdcə vəsaitləridir. Təsadüfi deyil ki, işdən çıxarılan məmurların böyük əksəriyyətinin iri həcmli var-dövləti, daşınar və daşınmaz əmlakları da üzə çıxır. Bir çox hallarda isə məmurlar özləri və yaxud övladları bahalı "oyuncaq”larını nümayiş etdirməkdən çəkinmirlər. Bəzən hansısa bir rayonun icra strukturlarında orta səviyyəli vəzifəni tutan birinin övladı elə bahalı avtomobillər sərgiləyir ki, heyrətlənməmək olmur.

Bu gün şou-biznes aləmində TV və radioların efirinə çıxmaq, kliplər, hətta filmlər çəkdirməyin nə qədər bahalı bir proses olduğu hər kəsə məlumdur. Bu baxımdan, məmurların büdcə vəsaitləri hesabına ifaçıları "ulduz” etmək üçün sərf etdikləri milyonlarla manat hər bir vətəndaşın cibindən oğurlanmış pullardır. O pullar neçə minlərlə yeni iş yerinin açılmasına, səhiyyə, təhsil xərclərinin artırılmasına sərf olunmaqdansa, hansısa istedadsız birinin kaprizlərinin reallaşdırılmasına yönəldilir... (Musavat)

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!