Zahid Oruc yeni vəzifəsindən yazdı - İqtisadçıları işə dəvət etdi

2019-02-15 10:14:21 / 878 dəfə oxunub
İlk növbədə şəxsimə göstərdiyi etimada görə ölkə Prezidenti cənab İlham Əliyevə səmimi təşəkkürlərimi bildirir, Azərbaycan dövlətinə xidmət naminə on minlərlə insana, o cümlədən, bizə verdiyi rəsmi imkana görə ona dərin hörmət və ehtiramımı ifadə etmək istəyirəm!

BakuPost xəbər verir ki, bu sözləri millət vəkili, yeni yaradılan Sosial Tədqiqat Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilən Zahid Oruc qeyd edib.

O, bu təyinat münasibəti ilə onu təbrik edənlərin hər birinə təşəkkürünü bildirib:

"Ünvanıma deyilən hər kəlməni insanlar üçün işləmək, çalışmaq, fədakarlıq etmək siqnalı kimi qəbul edirəm - bəlağətsiz və boyasız səmimi mövqeyim bundan ibarətdir.

İşimizlə bağlı onu deyə bilərəm ki, dövlətin və hökumət orqanlarının çevrəsində onlarla institut, beyin mərkəzi və analitik qurum var.

Eyni zamanda, ölkə rəhbəri gündəlik olaraq, Azərbaycanın daxili və xarici siyasətinə dair məlumatları müfəssəl qaydada müxtəlif mənbələrdən alır, hesabat və təhlillərlə tanış olur, qəbul etdiyi qərarlar zamanı onları nəzərə alır. Həmin informasların təminatı məxfi xidmət orqanları, həmçinin icra və siyasi strukturlar tərəfindən həyata keçirilir.

Sosial Tədqiqatlar Mərkəzinin yaradılması dövlət və vətəndaş arasında sağlam, etibarlı və dürüst əlaqələrin formalaşması məramından irəli gəlib. Məqsəd hakimiyyət institutlarına ictimaiyyətin münasibətini həm də bu yolla öyrənməklə dövlət quruculuğu prosesinə aktiv yön vermək, xalq qarşısında hesabatlı, şəffaf və ədalətli idarəçilik sistemini bərqərar etməkdir.

İndi hər kəs qəbul edir ki, istənilən rəsmi qərar cəmiyyətin ona hazırlanmasını, millətin həmin siyasətdə aktiv iştirakını tələb edir. Sosial Tədqiqatlar Mərkəzi öz imkanları və səlahiyyətləri daxilində əldə etdiyi təhlilləri, hesabatları və rəy sorğularını daimi əsasda ölkə rəhbərliyinə təqdim etməyə çalışacaqdır”.

Z.Oruc əməkdaşlıq edəcəkləri qurumların da bəlli olduğunu vurğulayıb:

"İstər beynəlxalq təşkilatlar, istərsə də yerli institutlar, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə çiyin-çiyinə çalışmaq bizim üçün bir nömrəli vəzifədir.

Eyni zamanda, hər kəs əmin olsun ki, təkcə mövqeyi dövlətin iqtisadi-siyasi xətti yaxın olan iqtisadçılarımızla deyil, eləcə də fərqli dünyagörüşü daşıyan istənilən fikir adamı ilə ünsiyyətə, əməkdaşlığa və işgüzar münasibətlərə hazırıq. Hörmətli iqtisadçılar Vüsal Qasımlı, Rövşən Ağayev, Samir Əliyev və onlarla tanınan, yaxud tanınmayan insanlar bizə öz köməyini göstərəcəksə, onlardan qətiyyən imtina etmək fikrində deyilik”.

Millət vəkili daha sonra qısa şəkildə təşkilati işlərlə də bağlı məlumat verib:

"Bildiyiniz kimi, STM-in yaradılmasının təşkilati bazası keçmişdə mövcud olan Strateji Araşdırmlar Mərkəzinin kadr və inzibati binası əsasında həyata keçiriləcəkdir. O üzdən bir sıra hüquqi prosedurları sürətlə keçmək ərəfəsindəyik. Amma bu işlər bir qədər zaman alacaqdır.

Xüsusi vurğulamaq istəyirəm ki, Mərkəzin işçi heyətinin mühüm bir hissəsi əvvəlki illərdə SAM-da daxili siyasət üzrə çalışan insalardan ibarət olacaqdır. Yerdə qalan vakansiyalarda təmsil olunacaq şəxslərə dair müxtəlif tələblər mövcuddur və onu da ən qısa zamanda bildirəcəyik. Lakin bir prinsipə əmin ola bilərsiniz - ölkə rəhbərinin tapşırığı ilə savadlı, intellektual gəncləri sıralarımıza alacağımıza heç kəsin şübhəsi olmasın!

Sonda informasiya məkanında şəxsimə dair göstərilən inamı, müsbət sözləri, eləcə də tənqidləri, hətta ittiham və mühakimə epitetlərini də çox anlaşıyla qarşıladığımı bildirmək istərdim. Doğrudur, onlarla tam tanış ola bilməmişəm. Lakin belə də olmalıdır. Çünki biz tənqidlərə hər zaman açığıq".

Z.Oruc sonda müsahibə və görüşlərlə bağlı müraciət edən media mənsublarından bir az zaman istəyib:

"Bizə bir qədər zaman verməyinizi sizdən xahiş edirəm. Danışmaq üçün əvvəlcə gərək cəfakeşliklə və ürəklə işləyək!"


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!