Yadigar Təvəkküldən ŞEİRLƏR

2019-04-02 16:05:50 / 6107 dəfə oxunub

İnan ki...

 

Gözlərim yaşarır kövrəlir qəlbim,

İnan ki, yadıma sən düşən kimi.

Tükənir taqətim, tükənir səbrim .

 İnan ki, yadıma sən düşən kimi.

 

Xatirələr dilə gəlir gözümdə,

Göz yaşlarım izin salır üzümdə,

Adın olur söhbətimdə, sözümdə ,

İnan ki,  yadıma sən düşən kimi.

 

Bulud dolur gözlərimdə ağlayır ,

Göz yaşlarım yanağımı dağlayir ,

Könül küsür yenə matəm saxlayır,

İnan ki,  yadıma sən düşən kimi .

 

Ürəyimdə xəyalınla danışır,

Fikirlərim , arzularım qarışır,

Dəli könül həsrətindən alışır,

İnan ki ,yadıma sən düşən kimi

 

 

 

Sən mənim əbədi məhəbbətimsən

 

Sən məni sevsən də ya sevməsən də ,

Əbədi mənimsən, məhəbbətimsən.

Mən sənin eşqinə möhtac olduğum,

Sən mənim  əbədi səadətimsən.

 

Sən mənə  öyrətdin eşqi həsrəti ,

Qəlbində yaşadım, xəyallarımda.

Dünyanın içində dünyam sən oldun ,

Sən getdin, puç oldu xəyallarım da.

 

Əvvəl məhəbbəti öyrətdin mənə,

Özümü dünyanın xoşbəxti bildim.

Bütün dərdlərimin əlacı oldun , 

Sən varsan deyə mən, dərd qəmi sildim.

 

Bilmədim, dostum kim, düşmənim kimdir ,

Sən idin ömrümə tək olan varlıq .

Bilməzdim ,cəzamı kəsərsən belə ,

Düşər aramıza düşər ayrılıq.

 

İndi ayrılığı mənə öyrədir ,

Əvvəl məhəbbəti öyrədən yarım,

Əğyarmı ayırdı yollarımızı ,

Könlümü hicranla göynədən yarım.

 

Bilmədin mən sənsiz yolumu çaşdım .

İtirdim özümü sənsiz heç oldum ,

Sən susdun sənsizlik yıxdı ruhumu ,

Bitirdim ömrümü sənsiz puç oldum.

 

Bütün ürəkləri sıxıb bürüyən,

Ruhunu məhv edib, yerlə sürüyən,

Getdiyin yollarda öndə yeriyən ,

Ay bu darıxmağın dədəsi ölsün.

 

Gəlir qonaq olur geriyə dönmür ,

Qəlbini odlayır ,alovu sönmür ,

Ölürsən içində, bir kimsə görmür,

Ay bu darıxmağın dədəsi ölsün .

 

Öpür yanağından yarın baxışı ,

Süzülür qəlbinə gözünün yaşı,

Alışır sinəndə qəlbinin  başı ,

Ay bu darıxmağın dədəsi ölsün .

 

Dolur ürəyinə ürəyi sıxır,

Qəlbində yaşayır,evini yıxır,

Yandırır ,odladır, könlünü yaxır ,

Ay bu darıxmağın dədəsi ölsün.

 

Tanrı,sən göylərdən bir bax aşağı,

Tanrı göylərindən bir bax aşağı

Dünya alovlanıb,köz içindədir.

Hər işdə şeytanı günahkar bilən,

İnsan əməliylə toz içindədir.

 

Tanrı sən göylərdən bir bax aşağı ,

Şahin öz türünə xəyanət edir.

Aslan meşəsində yalan içində,

Qartal dağlarında  cinayət edir.

 

Tanrı,sən göylərindən bir bax aşağı,

Sənin  öz dünyandan əsər qalıbdır?

İnsan seytanlığa qoşulan gündən,

Yer üzü ocaqsız -odsuz yanıbdır.

 

Tanrı ,sən göylədən bir bax aşağı ,

Körpələr can verir qan yağışıda .

Güllələr ələnir yağış yerinə ,

Analar ağlaşır can savaşında.

 

Tanrı sən göylərdən bir bax aşağı,

Fitnə,  xəyanətlə  evlər yıxılıb,

Xocalı qətlində çırpınan canlar,

Ruhları göylərdə sənə  sıxılıb.

 

Tanrı sən göylərdən bir bax aşağı ,

Çayların torpağı qanla suvarır.

Dünyanın əşrəfi olan insanlar,

Əlində insanlıq sənə yalvarır.

 

Tanrı göylərindən bir bax aşağı ,

Nolar qəzəbini silkələ bir az.

Ya insan oğlunu yoluna qaytar,

Ya dünya əsərin poz,yenidən yaz.

 

Bir də gəl

 

Eşqini sevgini heç istəmirəm,

Nə saçıma sığal çəkən soyuq əl.

Yaratdığın əsərini görməyə

Yolun düşsə bu dünyaya bir də gəl !

 

Demirəm gəl,sirrini açmağa,

Sevdalanıb göy üzünə uçmağa ,

Günəş olub dünyama nur sançmağa ,

Deyirəm ki qollarında ölməyə ,

Yolun düşsə bu dünyaya bir də gəl!

 

Bu dünyadan bezdir məni yenə də ,

Həsrətinə əzdir məni yenə də ,

Ürəyində gəzdir məni yenə də,

Bircə dəfə gözlərimdə dinməyə ,

Yolun düşsə bu dünyaya bir də gəl !

 

Heç gəlməsin dünya sənin darına,

Sevgi adlı dövlətinə varına

Səndən sonra xəstə düşən yarına,

Təbib kimi Yadigara dəyməyə,

Yolun düşsə bu dünyaya bir də gəl!

 

Taleyimin yazısı

 

Taleyimin yazısını yazanda ,

Qələmı əlində sındı fələyin.

Yazdığı yazını özü pozanda ,

Görəsən əlləri yandı fələyin?

 

Əvvəlindən mürəkkəbə qıymadı,

Yarımçıq yazdı nələr yazdısa.

Hər kəsə ata ana yazanda ,

Mənə birin yazdı nə" insafdısa "

 

Taleyimin rənglərini görmədim ,

Gah bəyaz boyadı, siyah olmadı .

Nə yazıdı anlamadım bilmədim ,

Siyah rəngə bir bəyazı qıymadı .

 

Nə uşaqlıq ,nə gəncliyi yasadım ,

Üzdə güldüm ürək gülə bilmədi .

Ürəyimdə dünya yükün daşıdım ,

Kimsə məni hiss etmədi görmədi .

 

Yarım yazdı nə yazdısa ömrümə ,

Bir ömürdə min ömürdə calandım .

Sön damlada məhəbbəti yazsada ,

Yarım oldu, od ocağa qalandım.

 

Yarım oldu taleyimin yazısı

Ya qələmin mənə qəsdi var imiş

Əvvəlindən nə yazdısa Sağ olsun

Sonluğunda yarım qalmaq var imiş

 

 

DARIXMIŞAM

 

Sənsiz ömür ömür deyil ,

Həsrətinlə alışmışam .

Sən yanımda olsan belə ,

Sənsiz yaman darıxmışam.

 

Sənsiz həyat zülmət gecə ,

Söylə sənsiz dözüm necə ?

Ürək ağlayar səssizcə ,

Sənsiz yaman darıxmışam .

 

Sənsiz könül küsər inan ,

Yaşamağa yoxdur güman .

Vallah ömür olub viran ,

Sənsiz yaman darıxmışam .

 

Nə gecəm var nə gündüzüm ,

Ağlar ürək , gülməz gözüm .

Budur sənə axır sözüm ,

Sənsiz yaman darıxmışam.

 

***

 

Təbiət dəyişə öz adətini,

Qanqalın ömrünü gülə göndərə .

Gözümün yaşını verib buluda

Yağışa döndərib yerə göndərə

 

Yar vuran dağlarda vüsal gül aça ,

Könül şadlıq edə gözlər nur saça .

Bütün ayrılıqlar qovuşa bir gün,

Həsrət ürəklərdən üzaq, gen qaca .

 

Gecənin qoynunda ulduz parlaya ,

Qoymaya qəm çəkib, ruhun ağlaya.

Eşqinin əlindən tutduğun adam ,

Eşqə sayğı duya, zalım olmaya .

 

Baxışlar ürəyin közünü deyə ,

Dil oyun etməyib düzünü deyə.

Hər insan duyğusun özü anlayıb,

Sevdiyi adama düzünü deyə.

 

Bir anlıq sevgidə oyun olmaya ,

Sevən ürəklərə hicran dolmaya.

Məhəbbət elçisi vaxtında gələ ,

Sevirəm ! köz olub dildə qalmaya.

 

***

 

Hərdən bir salama, hərdən bir sözə,

Hərdən sual dolu baxan bir gözə,

Hərdən də təbəssüm qonan bir üzə,

Ehtiyac duyarsan,yanında olmaz.

 

Salar ürəyinə atəşi, odu,

Onunla dəyişər dünyanın adı.

Olsa da ruhunun əziz adamı,

Ehtiyac duyarsan, yanında olmaz,

 

Ömrünə sevginin izini qoyar,

Sevincin göz yaşı üzünü yuyar.

Həsrəti qəlbinə od salar,oyar,

Ehtiyac duyarsan, yanında olmaz.

 

Gətirər ömrünə səadətini,

Alar əllərindən cəsarətini.

Ətrini almağa məhəbbətinin,

Ehtiyac duyarsan, yanında olmaz.

 

Ay daş ürəklim!

 

O daş ürəyinə bir alov düşə,

Yandıra ruhunu ay daş ürəklim!

Dərdinin dərmanı heç tapılmaya,

Sındıra ruhunu ay daş ürəklim !

 

Məhəbbət başını elə çaşdıra ,

Qəlbinin ağrısın aşıb -daşdıra,

Sinəndə ürək yox dönüb daş dura,

Sındıra ruhunu ay daş ürəklim !

 

Gözünün yaşı da qəlbinə hopa,

İçində bir tufan ,fırtına qopa,

Könlün eşq adında xəstəlik tapa

Sındıra ruhunu ay daş ürəklim !

 

Baharın qış ola qarsız qalasan,

Könlün aşiq ola yarsız qalasan,

Məhəbbət var ola, varsız qalasan,

Sındıra ruhunu ay daş ürəklim!

 

Qarğış deyil...

 

Bir xəyal

 

Tənha ağac ola əldən uzağda,

Kölgəsində zümzüməli bulağı.

Ürəyin dolanda, bir bənd şeirlə,

Olasan bulağın qəfil qonağı.

 

Evində qonağa çayı olmaya,

Gözündən tökülən suyundan verə.

Söykənib agaca fikrə gedəsən,

Heç kimsə gəlməyə sən olan yerə.

 

Dərdini şeirlə tökəsən suya,

Apara ağrını gur axan yerə.

Verəsən qəlbini, o bulaq yuya,

Bir məlhəm də çəkə yar yaxan yerə.

 

Bir az da susasan, dinə gözlərin,

Bulağın suyuna yaşın qarışa.

Ağacda bir yarpaq belə dinməyə,

İçində xəyallar yanıb alışa.

 

Dərdini dinləyə o tənha ağac,

Səni bu dünyadan apara bulaq.

Bir bəndlik şerin xatirə qala:

"Dünya yola saldı daha bir qonaq"


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!