“Cənab Prezident bu fərmanla konseptual bir məsələni həll etmiş oldu”

Nəsib Məhəməliyev: “Maliyyə-təsərrüfat, kommunal xarakterli bütün məsələləri bələdiyyələrə etibar etmək lazımdır”

2019-04-05 18:47:23 / 3372 dəfə oxunub

Milli Məclisin deputatıNəsib Məhəməliyev SABAHİNFO.AZ saytına geniş müsahibə verib.Millət vəkili müsahibəsində ölkədə həyata keçirilən islahatlardan danışıb.Onunla söhbəti təqdim edirik:

-Nəsib müəllim. 2019-cu il ciddi islahalarla start götürüb, bilirsiniz ki son aylardaölkəbaşçısıtərəfindən mühüm qərar vəsərəncamlar verilir,ümumiyyətləaparılan daxili siyasəti necəqiymətləndirirsiniz?

lbəttəki,çox müsbət qiymətləndirirəm. Mən deyərdim ki, Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar 2019-cu ildə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. İslahat dinamik prosesdir. Zamana, cəmiyyətdən gələn sosial sifarişlərə, beynəlxalq vəziyyətə, regionda və dünyada baş verən proseslərə uyğun olaraq daima aparılır və aparılmalıdır. Bu baxımdan cəmiyyətimizin bütün sahələrini əhatə edən islahatların kökü ötən əsrin 90-cı illərinə, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir.2003-cü ildə İlham Əliyev prezident seçildiyi ilk gündən islahatların anonsunu verdi və ötən 16 il faktiki olaraq göstərdi ki, aparılan siyasətin nəticəsində hər birimiz qürur mənbəyi olan güclü, hərtərəfli inkişaf etmiş Azərbaycan kimi ölkənin vətəndaşlarıyıq. Cənab Prezident tərəfindən ictimai-siyasi, sosial məsələlərin həllinə yönəlik inqilabi dəyişikliklər sayıla biləcək çox mühüm fərman və sərəncamlar imzalanıb. Əmək pensiyalarının, müxtəlif statuslu vətəndaşlarımıza ödənilən sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, cəmiyyətimizin çox həssas təbəqəsi olan məcburi köçkünlərə ödənilən birdəfəlik yardımın artırılması, onlar üçün yaşayış komplekslərinin davamlı olaraq tikilməsi, münasibətin birmənalı olmadığı, müxtəlif sferalarda müzakirə mövzusuna çevrilmiş və vətəndaşlarımızın əhəmiyyətli hissəsinin sosial durumunu çətinləşdirmiş bank kreditlərinin silinməsi, vaxtı çatmış, dərhal həllini gözləyən şəhid ailələrinə kompensasiyaların ödənilməsi və sair sosial məsələlərin həllinə yönəlmiş bu fərman və sərəncamlar cənab Prezident tərəfindən aparılan daxili siyasətin mahiyyətini özündə əks etdirir. Göründüyü kimi Azərbaycan insanının rifah halının daha da yaxşılaşdırılması bu fərman və sərəncamların əsas hədəfidir. Cənab Prezidentin Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında son fərmanına məxsusi olaraq münasibət bildirmək istəyirəm. İcraedici, qanunverici hakimiyyətin həyata keçirdiyi islahat xarakterli nəticə verməsi məhkəmə hakimiyyətində ədalətin yüksək səviyyədə təmin olunmasından birbaşa asılıdır. Cənab Prezident bu fərmanla konseptual bir məsələni həll etmiş oldu. Məhkəmələrdə proses zamanı audio yazının aparılması, rəy vermək səlahiyyəti olan alternativ ekspertiza mərkəzlərinin, sahibkarlıq fəaliyyəti sferasında baş verən mübahisəli məsələlərə baxılması məqsədi ilə ixtisaslaşmış məhkəmələrin yaradılması ilə bağlı fərmanda öz əksini tapan bu məqamlar Cənab Prezident tərəfindən aparılan ümumi islahatlara birbaşa müsbət təsirini göstərəcəkdir.

-Milli Məclisin deputatıkimi sizi düşündürənölkəyüklüəsas məsələlər nələrdir?

-Həm Milli Məclisin deputatı, həm də sıravi bir vətəndaş kimi məni ən çox düşündürən Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizdə əmin amanlığın, sabitliyin olmasıdır. Son zamanlar aparılan kadr islahatları ilə bərabər struktur islahatlarının aparılmasının zəruriliyi də düşündürücü məsələdir.

Təbii ki, insanlarımızın rifah halının yaxşılaşması, hər bir Azərbaycanlı ailəsinin ən yüksək mədəni tələblərə cavab verən gənclər yetişdirməsi, bütövlükdə millətimizin dünyanın hər yerində digər millətlərə nümunə olacaq imicinin formalaşması daim məni düşündürən məsələlərdir.

Yeri gəlmişkən böyük fransız yazıçısı Aleksandr Dümanın (ata) "Qafqaza səyahət” kitabında müxtəlif millətlər haqqında, o cümlədən Azərbaycanlılar haqqında dediyi sözləri xatırladım. O yazır ki, Azərbaycanlılarla hər hansı iş görən zaman hansısa imzaya, rəsmiyyətə ehtiyac yoxdur, onlarda sadəcə "kişi sözü var”. Əgər dedisə, ölüm də olsa yerinə yetirəcək. Fəxr etməliyik ki, 200 il əvvəl xələflərimiz belə bir imic formalaşdırıblar.

Mən çox arzulayardım ki, hər bir ailədə bu barədə düşünsünlər.

-Bir müsahibənizdə demisiniz ki, istənilən məmur tənqidə hazır, həm də dözümlü olmalıdır. Amma təəssüf ki, bir çox hallarda məmurlarımızda bu dözümü görmürük. Səbəbi nədir?

-Bəli, həmişə bu fikirdə olmuşam. Əgər məmursansa istənilən təhqirə yox, təndiqə hazır olmalısan. Hərçənd bizdə tez-tez bunları səhv salırlar.Uzun illər birlikdə çalışdığım insanlar təsdiq edərlər ki, bütün müşavirələrdə, iclaslarda alternativ fikrə yer ayırmışam, şərait yaratmışam ki, hər kəs öz fikrini sərbəst ifadə edə bilsin. Hesab edirəm ki, konstruktiv, sağlam tənqid istənilən məmurun vəzifəsinin icrası üçün çox böyük köməkdir. Yalnız o halda ki, məmur fəaliyyətində dövlət maraqlarını, ictimai maraqları öz şəxsi maraqlarından üstün tusun. Əks halda ən cüzi tənqid belə düşmənçilik kimi qəbul olunacaq. Sizə bir fakt da deyim. Cənab prezident illər öncə bir nümunə olaraq bütün məmurlara tövsiyyə etdi ki, yazdıqları yazılara görə jurnalistləri məhkəməyə verməsinlər. Bunun nəticəsi olaraq Azərbaycanda demək olar ki, jurnalistlər məhkəməyə verilmir. Ancaq bundan sui istifadə etmək lazım deyil, ümumiyyətlə hər kəs, hər hansı bir əməli törətməmişdən əvvəl həmin adamın yerinə özünü təsəvvür etsin. Belə olan halda cəmiyyətdə mənəvi saflıq bərqərar olar, böyük günah hesab edilən şər, böhtan kimi neqativ hallar azalar. Təəssüf ki, tənqidə dözümlü olmayan məmurlarımız var. Səbəbi məncə ilk növbədə qeri-peşəkarlıq, mentalitetimizdə olan paxıllıq, xəbislik və s.

-Sizin icra strukturu sahəsində böyük təcrübəniz var. Bələdiyyə də icra strukturuna malik bir idarəetmə orqanıdır. Amma nədənsə bizim bələdiyyələr fəaliyyətsizdir. Bu nədən qaynaqlanır?

-Bütün bələdiyyələr fəaliyyətsizdir, demək düzgün olmazdı. Ölkəmizdə kifayət qədər öz vəzifəsinin öhdəsindən gələn bələdiyyələr fəaliyyət göstərir. Ancaq bu da faktdır ki, ölkəmiz üçün yeni olan bələdiyyə institutunun fəaliyyətini lazımi səviyyədə qura bilməmişik. Səbəbləri çoxdu, subyektiv səbəblərdən tutmuş obyektiv səbəblərə qədər. Hesab edirəm ki, çox böyük məsuliyyət bələdiyyələrin hüquqlarını müdafiə etmək üçün yaranmış respublika bələdiyyələri assosasiyalarının üzərinə düşür. İstər şəhər, istər kənd, qəsəbə bələdiyyələri assosasiyaları hər bir bələdiyyənin yerləşdiyi əraziyə, spesifik xüsusiyyətlərinə uyğun kadrların yetişdirilməsindən tutmuş, onların hüquqlarının müdafiəsi, maliyyə bazasının formalaşdırılması istiqamətində çox böyük işlər görə bilər. Səbəblərdən biri də bir çox yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin fəaliyyətinə müdaxiləsi onları özlərindən tam asılı vəziyyətə salmasıdır. Belə olan halda bələdiyyələr yerli özünü müdafiə orqanı olaraq öz vəzifələrini lazimi şəkildə icra edə bilmir, hər hansı müstəqil qərar qəbul etmək imkanını itirirlər. Nəticədə əhalinin bələdiyyələrə inamı azalır. Burada dördüncü hakimiyyət hesab olunan jurnalistikanın üzərinə də məsuliyyət düşür o baxımdan ki, yaxşı olardı yerli özünü idarə etmə orqanlarının fəaliyyəti mətbuatda geniş işıqlandırılsın, onların qarşılaşdığı problemlər barədə, gördükləri müsbət və yaxud mənfi işlər barədə, dünya təcrübəsindən bəhrələnərək innovativ ideyalarla bağlı silsilə yazılar yazılsın. Bütün bunlar yerli demokratiyanın inkişafı baxımından çox önəmlidir.

-Hərdən belə fikirlər səsləndirilir ki, icra hakimiyyətləri varsa, bələdiyyələrə heç bir gərək yoxdur. Bu barədə siz nə düşünürsünüz?

-Bu çox yanlış fikirdir. Dövlət idarəetmə sistemində, cəmiyyətin dinamik və harmonik inkişafı baxımından həm yerli icra hakimiyyətlərinin, həm də yerli özünüidarəetmə orqanlarının xüsusi yeri vardır. Konstitusiyada və digər qanunvericilik aktlarında hər birinin səlahiyyətləri çərçivəsində qanunvericiliyə uyğun fəaliyyət göstərməlidirlər. Yerli icra hakimiyyəti siyasi orqan olaraq Respublika Prezidentinin yerlərdə siyasətinin tam və düzgün şəkildə həyata keçirilməsini təmin etməlidirlər. Bələdiyyələr isə yerli xarakterli sosial problemlərin həlli ilə məşğul olmalıdırlar. Bu sahənin perspektiv inkişafı ilə bağlı mənim subyektiv fikrimi bilmək istəyirsinizsə, hesab edirəm maliyyə-təsərrüfat, kommunal xarakterli bütün məsələləri bələdiyyələrə etibar etmək lazımdır. Məsələn: qardaş Türkiyədə siyasi rəhbər kimi, valilik və digər məsələlərlə məşğul olan bələdiyyə institutu uzun illərdir ki, çox effektiv şəkildə fəaliyyət göstərir. Dünya təcrübəsində belə ölkələrin sayı kifayət qədər çoxdur. Ola bilər kimlərsə mənim fikirlərimlə razılaşmasın. Amma hesab edirəm ki, artıq inkişaf etmiş, oturuşmuş stabil Azərbaycan dövləti var, xalqla iqtidar arasında sarsılmaz birlik var, əhalimizin tam əksəriyyətinin prezident İlham Əliyevə inamı əsas verir ki, cəmiyyətin indiki halda sosial sifarişlərindən biri olan yerli özünü idarəetmə orqanlarının fəaliyyəti güclənsin, vahid bir institut olaraq xalqımıza, dövlətimizə xidmət etsin.

-Nəsib müəllim, Milli Məclis ciddi, eyni zamanda ictimaiyyətə açıq bir dövlət qurumudur. İctimai-siyasi mühitin formalaşmasında bu qanunverci orqanın rolunu necə qiymətləndirirsiniz?

-Şübhəsiz müsbət qiymətləndirirəm. hakimiyyətin üç əsas qolundan biri olaraq Milli Məclis dövlətimizin inkişafı üçün lazımi qanunların qəbulu ilə yanaşı cəmiyyətdə, eyni zamanda dünyada, ələlxüsus Azərbaycanla, azərbaycanlılarla bağlı, diasporamızla bağlı ictimai mühitin formalaşmasında çox əhəmiyyətli rol oynayır. Elə bir rezonans doğuran hadisə yoxdur ki, Milli Məclisdə müzakirə olunmasın və yaxud münasibət bildirilməsin. Bu baxımdan demək olar ki, Milli Məclis cəmiyyətin güzgüsüdür. Təbii ki, hər bir normal insan kimi, öz dövlətinin, xalqının inkişafını düşünən bir vətəndaş kimi arzulayardım ki, Milli Məclisin cəmiyyətdəki rolu daha da genişlənsin. Heç olmasa qəbul olunmuş qanunların icrasına nəzarət, digər məsələlərlə bağlı səlahiyyətləri genişlənsin.

-Bölgələrin iqtisadi inkişafı üçün irimiqyaslı dövlət proqramları həyata keçirilir. Lakin hələ də rayonlarda işsizlik problemi tam aradan qalxmayıb. Nəticədə bir çox gənclər iş üçün paytaxta üz tuturlar. Urbanizasiyanın pozulmaması üçün nə kimi təkliflər verərdiniz?

-Sizə bir Sovet dövrünün lətifəsini danışım. Deməli işsizliyin aradan qaldırılması ilə bağlı beynəlxalq simpozium keçirilir. Müxtəlif ölkələrin əsasən Amerika, Avropa və digər inkişaf etmiş ölkələrin nümayəndələri çıxiş edərək bildirirlər ki, bütün görülən tədbirlərə baxmayaraq bizdə 15-20%, bəzi hallarda daha çox işsizlik mövcuddur və biz bunu ləğv edə bilmirik. Bəs necə olur ki, SSRİ-də işsizlik sifra bərabərdir, tamamilə problem həll olunub. SSRİ nümayəndəsi qalxıb izahat verir ki, bizdə istənilən tikintiyə bir mühəndis təyin olunur və təxminən iki ildən sonra həmin mühəndisin vəzifəsini dəyişirlər. Yeni təyin olunan mühəndis özündən əvvəlkinin tikdiyini sökür və yenidən tikir. Bu minvalla hər yeni təyin olunan mühəndis əvvəlkiləri sökür, yenidən tikir. Beləliklə işsizlik problemi Sovet İttifaqında öz həlllini tapır. Allaha şükür ki, nəticəsini də gördük. Bu problem dünyanın hər bir ölkəsində mövcuddur. İndi daha ciddi məsələlər barədə danışaq.

Danılmaz faktdır ki, cənab prezidentin "Regionların sosial-iqtisadi inkişafı ilə bağlı üç dövlət proqramı” icra olunduqdan sonra istisnasız olaraq bütün bölgələrimiz inkişaf etmişdir. 70 il Sovetlər dönəmində həll olunmamış minlərlə problem cəmi bir neçə ilin ərzində həll olunmuşdur. Minlərlə məktəb, xəstəxana, mədəniyyət obyektləri, yollar, infrastuktur layihələri, zavodlar, fabriklər tikilmişdir. Proqramların icrasi iş yerləri deməkdir, sosial problemlərin həlli deməkdir, əhalinin rifahı halının yaxşılaşması deməkdir. Proses davam edir, cənab prezidentin rəhbərliyi altında elə bir sahə yoxdur ki, diqqətdən kənarda qalsın. Qaldi ki, urbanizasiya, tarix göstərir ki, bu bütün dövlətlərə xas prosesdir. Sadəcə prosesi ləngitmək, düzgün məcraya yönəltmək lazımdır. Bunun qarşısını almaq üçün kifayət qədər metodlar mövcuddur. Hesab edirəm bu sahədə ən yaxşı təcrübə İsveç təcrübəsidir. Hesab edirəm ki, "Sərhədyanı ticarət”, "Sərhədyanı turizm” haqqında qanunların qəbulu, sərhəd bölgələrində yaşayan insanlar üçün müəyyən vergi qanunlarının formalaşdırılması, əhalinin ələlxüsus gənclərin məşğulluğunun artırılması istiqamətində aparılan işlər problemin həllində mühüm əhəmiyyət kəsb edir.

Ədil Ədilzadə


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!