Azərbaycan "Cənub Qaz Dəhlizi" üçün iri kreditdən imtina edib

2019-04-08 11:06:30 / 3746 dəfə oxunub

Optimallaşdırma və layihə xərclərinin azaldılması nəticəsində Azərbaycanın "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyətinin Asiya İnkişaf Bankının (AİB) birbaşa kreditinə tələbatı olmayıb.

Bunu Trend-ə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Əhmədov deyib.

O qeyd edib: "Məlum olduğu kimi, "Cənub Qaz Dəhlizi" QSC AİB ilə iki saziş imzalayıb. Onlardan biri 524,5 milyon dollar məbləğində vəsaitin cəlb edilməsinə zəmanət verir və QSC tərəfindən tam istifadə olunub. Digər saziş – 500 milyon dollarlıq birbaşa kreditə isə optimallaşdırma və layihə xərclərinin azaldılması nəticəsində "Cənub Qaz Dəhlizi" QSC-nin tələbatı olmayıb".

Avropa Yenidənqurma və İnkişaf Bankından cəlb olunan 500 milyon dollar məbləğində kreditə gəlincə, İ.Əhmədov bildirib ki, bu vəsait də tam mənimsənilib:

"QSC ilin əvvəlindən "Cənub Qaz Dəhlizi" layihəsində (maliyyələşdirmə xərcləri daxil) öz iştirak payının maliyyələşdirilməsinə təqribən 320 milyon dollar yönəldib".

Qeyd edək ki, 2018-ci il mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim baş tutub.

"Cənub Qaz Dəhlizi"nə "Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik "Şahdəniz” Azərbaycanın ən iri qaz-kondensat yatağı və "Cənub Qaz Dəhlizi"nin hasilat mənbəyidir.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!