Dini radikalizmə qarşı mübarizəyə həsr edilmiş maarifləndirmə tədbiri keçirilib

2019-04-08 13:13:27 / 1060 dəfə oxunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə SOCAR AQS MMC və Caspian Drilling Company şirkətlərinin əməkdaşları ilə dini radikalizmə qarşı maarifləndirmə xarakterli görüş keçirilib.

Tədbir DQİDK-nın sifarişi ilə çəkilmiş "Şəhadət” sənədli filminin nümayişi ilə başlayıb.

Daha sonra Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov geniş məruzə ilə çıxış edərək dini radikalizm və ekstremizmin yaranma səbəbləri, törətdiyi fəsadlar və ona qarşı mübarizə üsulları haqqında danışıb. Bildirib ki, Azərbaycanda mövcud olan sabitliyi, inkişafı, ölkəmizin beynəlxalq arenada nüfuzunun artmasını istəməyən bəzi qüvvələr öz məkrli planlarını həyata keçirmək üçün din pərdəsi altında ölkəmizdəki dini sabitliyə, təhlükəsizliyə təsir göstərməyə çalışırlar.

Dini radikalizmin yaranma səbəblərinə qarşı mübarizənin önəminə toxunan S.Heydərov qeyd edib ki, bu gün İslam dünyasında vəhdətə, həmrəyliyə çox böyük ehtiyac var. Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan olunmasını ölkəmizin İslam dünyasına verdiyi töhfə kimi qiymətləndirən sədr müavini bu hadisənin böyük ictimai-siyasi və beynəlxalq əhəmiyyəti olduğunu, bununla müsəlman dünyasına həmrəylik mesajı verildiyini vurğulayıb.

Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Şəhadət” sənədli filmi haqqında da danışan Səyavuş Heydərov qeyd edib ki, film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinə həsr olunub. Filmdə, həmçinin dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!