İlham Əliyev baş katibi qəbul etdi - YENİLƏNİB

2019-04-16 15:08:12 / 2229 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevi qəbul edib.

Bu barədə Sabahinfo.az-a Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

Dövlət başçısı Bağdad Amreyevi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi vəzifəsinə təsdiq olunması münasibətilə bir daha təbrik edərək, onun təşkilata üzv olan qardaş ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis olunması ilə əlaqədar 10 il bundan əvvəl Naxçıvanda keçirilmiş əlamətdar Zirvə görüşünü məmnunluqla xatırlayaraq, ötən müddət ərzində bu təşkilatın gücləndiyini və vacib beynəlxalq quruma çevrildiyini vurğuladı.

Təbrikə görə minnətdarlığını bildirən Bağdad Amreyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 10 il əvvəl məhz türk dünyasının böyük oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğulduğu Naxçıvanda, Azərbaycan torpağında təsis edilməsinin bu təşkilata xüsusi mahiyyət verdiyini diqqətə çatdırdı. Qonaq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis olunmasının 10 illiyi münasibətilə növbəti Zirvə toplantısına bu ilin payızında Azərbaycanın ev sahibliyi edəcəyini vurğulayaraq, bu Zirvə toplantısının da Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə etdi. Bağdad Amreyev təşkilat daxilində iqtisadiyyat, ticarət, maliyyə, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi, müvafiq beynəlxalq təşkilatlarla əlaqələrin qurulması barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevə gələcək fəaliyyətində uğurlar arzuladı və ölkəmizin bu təşkilatın 10 illiyi münasibətilə Azərbaycanda keçiriləcək Zirvə toplantısına yüksək səviyyədə ev sahibliyi edəcəyini dedi.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!