Prezident İlham Əliyev: Maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq

2019-04-18 16:26:24 / 4140 dəfə oxunub

Maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq.

Bunu Prezident İlham Əliyev Bakının Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olarkən sakinlərlə söhbət zamanı deyib.

Sakinlərlə söhbətində pensiya və maaşların artırılması, eləcə də problemli kreditlərlə bağlı imzalanmış son fərmanlardan danışan ölkə başçısı qeyd edib:

"Doğrudan da böyük işlərdir. Çünki Azərbaycanda bu məsələ elə səviyyədə həll olunur ki, bunun dünyada bənzəri yoxdur. Çünki bilirsiniz, bir çox ölkələrdə bu problem mövcuddur. Ölkələr və ölkə rəhbərlikləri çalışırdı bu problemi həll etsin, bəzi hallarda qərarlar qəbul edildi, icra olunmadı, bəzi hallarda hələ də müzakirələr gedir. Ancaq biz çox ciddi qərar qəbul etdik və bu, vətəndaşların maraqlarını maksimum nəzərə alan qərar oldu. Təqribən 800 minə yaxın insan bu Fərmandan faydalanacaq. O cümlədən minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz qaldırılması da önəmli addımdır. Ancaq onu da deməliyəm ki, bu artım böyük olsa da, bizi qane edə bilməz. Çünki bizdə maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq. Müvafiq göstəriş verildi. İndi hökumətdə iş aparılır, müvafiq nazirliklərə göstəriş verilib. İndi bizim maliyyə imkanlarımız artıb. Çünki ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirib. Artıq bu ilin əvvəlindən büdcəyə kifayət qədər böyük məbləğ daxil oldu və yığılan əlavə büdcə gəlirləri mənim göstərişimlə, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə istiqamətləndirilməlidir, o cümlədən maaşların, pensiyaların qaldırılmasına. Baxmayaraq ki, biz mart ayında bu qərarı qəbul etdik və aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi, burada da sosial müavinətlər orta hesabla iki dəfə artırılıb və 600 minə yaxın insan bu proqramla əhatə olunub. Bu istiqamətdə işlər davam etdiriləcək. Minimum əməkhaqqı, minimum pensiya Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!