Rəsmi Bakı Ermənistana çağırış etdi

2019-04-19 11:45:01 / 4376 dəfə oxunub

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun erməni tərəfi və ya ATƏT-in Minsk Qrupunun həmsədləri ilə keçiriləcək görüşlər və atılacaq addımlara dair şərhləri "3+2” formatında qəbul edilmiş birgə bəyanatlara tam uyğun olaraq edilir”.

Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib .

O qeyd edib ki, sözügedən bəyanatlar isə açıq şəkildə iki ölkə əhalisinin sülhə hazırlanması zərurətini dəstəkləyir.

"Ermənistan rəhbərliyi anlamalıdır ki, mövcud status-kvo qəbuledilməzdir, dayanıqlı deyildir və bu proses həmişəlik davam edə bilməz”-deyə L.Abdullayeva əlavə edib.

Qeyd edib ki, rəsmi Bakı Ermənistan Xarici İşlər Nazirliyini "3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa və daha praqmatik olmağa, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə etimad göstərməyə və dəstək nümayiş etdirməyə dəvət edir.

"Əgər Ermənistan tərəfi etimad quruculuğundan və danışıqlarda səmimiyyətin yaradılmasından bəhs edirsə, o zaman Azərbaycan tərəfində olduğu kimi onlar da qarşılıqlı etimadın yaradılmasına çalışmalı və buna uyğun şərhlər verməlidirlər. Eyni zamanda, onlar regionda sülh, sabitlik və rifahın yaradılması istiqamətindəki səylərə qoşulmalıdırlar”.

Qeyd edək ki, Rəsmi Yerevan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya xarici işlər nazirinin iştirakı ilə iki ölkə xarici işlər nazirlərinin Moskva görüşündə Rusiyanın 2016-cı ildəki təkliflərinin müzakirə edildiyi barədə dediklərinə münasibət bildirib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib ki, görüşün gündəliyi Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin görüşdən dərhal sonrakı birgə bəyanatında dərc olunub.

"Birgə bəyanatlar məhz o hədəflə hazırlanır ki, görüşün bütün razılaşdırılmış fikirləri onların yekun mətnində əksini tapsın. Razılaşdırılmış mətnlə ziddiyyət təşkil edən kənar bəyanatların verilməsi qarşılıqlı etibarın möhkəmlənməsinə imkan vermir. Hazırda danışıqlar hansısa bir proqram ətrafında aparılmır. Bundan başqa, danışıqların əsas hissəsi bir-birinin mövqeləri ilə tanışlıq, onların aydınlaşdırılması və dəqiqləşdirilməsi üzərində gedir",- deyə Ermənistan XİN-in rəsmi nümayəndəsi bildirib.

O həmçinin, Ermənistan və Azərbaycan xarici işlər nazirllərinin növbəti görüşünün Vaşinqtonda keçiriləcəyi ilə bağlı Elmar Məmmədyarovun dediklərini də təsdiq və ya təkzib etməyib.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!