Azərbaycan Dövlət Pedaqoji Universitetində nə baş verir?

2019-04-23 15:05:53 / 9400 dəfə oxunub

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş hüquqşünası Zakir Nağıyevin imzası ilə 16.04.2019-cu il tarixli, 07-10/282 nömrəli məktuba, ADPU-nun Mətbuat Xidmətinin rəhbəri Mansur İbrahimovun 22.03.2019-cu il tarixdə mətbuat vasitəsilə olan çıxışına cavab.

 

Zakir Nağıyev yəqin unutmayıb, mən universitetdə 19.09.2016-cı il tarixə kimi böyük dispetçer işləmişəm. Böyük dispetçer vəzifəsini hansı vəzifə əvəzləmişdi? Niyə 19.09.2016-cı il tarixində adi nəçarətçi təyin olunmuşdum? Bu haqda həm ərizə ilə, həm də mətbuatda kifayət qədər geniş məlumat vermişəm.

Bir daha Zakir müəllimin yadına salıram ki, böyük dispetçer vəzifəsinin nəzdində "Təhsilin idarə olunması və monitorinq" bölməsi yaradıldı. Niyə məni həmin vaxt bölmə müdiri yox, adi nəzarətçi təyin etdi?

Sizin də  bildiyiniz kimi Razim müəllimin işsiz olduğunu dedilər. "Hələ ki, onu verək, çünki prorektor olub, sonra yerini dəyişərik, səni yerinə qaytararıq" vədini unutmadığınıza əminəm.

Zakir Nağıyevin bir neçə uydurma və yersiz faktlarının birini diqqətinizə çatdırım. 15.07.2016-cı il tarixdə Tovuz rayon sakini Ağasıyeva Nəzakət Xasay qızı tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayevaya yazılmış şikayət məktubundan yazır. Bəli, belə məktub olmuşdur, o vaxt yazdırmışdınız.Orda mənim adım da qeyd  olunmuşdur. (həmin məktubun surəti var) Məndən başqa pedaqoji fakültənin dekanı hörmətli prof. F.Rüstəmova və digər 4 nəfərin - əvvəlki rektorun dövründə işləyən əməkdaşların adaları qeyd olunmuşdur. Səbəb, yeni gələn Cəfər Cəfərova kimləri vurmaq lazımdır planına işarə idi yəqin. Həmən adı qeyd olunan tələbənin, fakültə dekanının izahatında göstərildiyi kimi, bu ad, soyadda ümumiyyətlə fakültəmizdə təhsil almamışdır. Sonra yenə özünüzün cavab məktubunuzda yazmışdınız ki, belə ad, soyadlı tələbə ümumiyyətlə universitetin tələbələri siyahısında olmayıb. Qınamıram Sizi, yaşınız və o vaxt səhhətinizdə olan nasazlıqdan unutmuşsunuz.

Zakir Nağıyev, deyisiniz işdən qanunsuz çıxarıldığımı iddia edirəm. Amma Dövlət Əmək Müfəttişliyi Sizinlə eyni fikirdə və savadda deyil. 19130051530 saylı, 10.04.2019-cu il tarixli məktubda yazılanları olduğu kimi qeyd edirəm: "Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı məktubda və təqdim etdiyi sənədlərdə sizinlə bağlamış əmək müqaviləsinə 06.02.2017-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən xitam verildiyi qeyd edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə aranızda bağlanmış əmək müqaviləsinə işəgötürən təfəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsinin tələbləri pozularaq xitam verilmişdir".

Siz bu maddəni ən azı, bilməmiş deyilsiniz. Amma əmrimə siz də tez-tələsik qol çəkdiniz? Çünki bilirdiniz ki, mənə digər işə keçməyimə söz verilib. Onu bilməsəydiniz, inanmıram bu qədər naşılıq edərək yuxarıda göstərilən maddənin tələblərini pozasınız.

Z.Nağıyev, deyirsiniz Vidadi Hüseynov guya ADPU-da sevimli əməkdaş olmayıb. - Bəli, bu sizinlə müqayisə olunmaz dərəcədədir. İndi də mənə gündəlik Universitetdən çoxlu zənglər, SMS-lər gələrək insanlar mənə öz dəstəklərini və əminliklə bildirirlər ki, tezliklə haqq-ədalət yerini tapacaq. Bu gün də mən kollektivin sevimlisi olaraq qalıram.

Zakir Nağıyev, deyirsiz V.Hüseynov ictimai fikri çaşdırır. - Hörmətli Z.Nağyev, xalqın gözü tərəzidir. Siz Lerik sakinlərinin cənab Prezidentə ünvanladıqları müraciətə "ictimaiyyəti çaşdırmaq" kimi, öz təbirinizcə düşünürsünüz. Bu, sizin düşümcənizdir. Sakinlər nöqsanlarla idarə olunan qədim bir təhsil ocağında baş verənləri cənab Prezidentə çatdırırlar. Üuniversitetin mövqeyi sakinləri qızışdıraraq, onları ADPU-nun həyətində və ya digər aidiyyəti orqanlar qarşısında itaətsizliyə təşviq etməkdir. Əgər bunu çox istəyirsiniz və əminsinizsə onların qarşısına çıxa bilərsiz, bu məsliyyəti üzərinizə götürərsinizsə, onda sizin arzunuzu yerinə yetirsinlər. Axı nə qədər olmasa da dost olmuşuq. Bəlkə bunu da danırsınız?

Deyirsiniz V.Hüseynovun yazılarını Universitetin rəhbərliyinin şərəf və ləyaqətinə kölgə salmaq cəhdi kimi qiymətləndiririk.  - Bəs sizin təbirinizcə, sadə vətəndaşın şərəf və ləyaqətləri olmurmu? Məni bütöv yanvar ayı, mülayim desək, bu gün-sabah deyib dolamadınızmı? Nəticədə mən əsəb xəstəliyi tapdım. Bir az da irəli gedib, bəlkə deyəsiniz, mən və ailəm bu ölkədə yerinizi dar edirik? Sözününzün qabağında söz dediyimizə görə bəlkə ölkədən də çıxarsasınız? Hər kəsin şərəf və ləyaqəti dediyi sözün sahibi olmağı ilə ölçülməlidir.

Mənim gəncliyim, həyatımın çox hissəsi universitetdə keçib, həmişə və indi də hər kəsə hörmətlə yanaşmışam. Cəfər müəllimin müsbət insani keyfiyyətləri barədə mənfi söz deyə bilmərəm. Allah köməyi olsun.

Nə qədər təcrübəli kadrları uzaqlaşdıraraq, kənardandan daha təcrübəsiz və aşağı elmi dərəcəsi olan və ya heç olmayanı gətirdiniz. Mənimlə işləyən R.Orucovadan əvvəl Z.Şamədovu da öz ərizəsi ilə uzaqlaşdırımasını unutmamısınız yəqin. Yerimizə dərhal öz oğlunuzu, mənim dostim Nazir Nağıyevi yerləşdirməyinizi də unutmadığınızı yadınıza salmağım düzgün olmazdımı? Oğlunuzun hansı keyfiyyəti bizdən öndədir? Axı universitetdə hamı bir-birini yaxşı tanıyır.

Zakir Nağıyev, Universitet rəhbərlərinin humanistliyindən, düzgünlüyündən danışarıqsa, Prezidentin etimad göstərdiyi şəxs onun adına xələl gətirməməli, daha da ucaltmalı, rəhbərə xas, ədalətli idarəetmə qurmalıdır. Sizin imzanızla mənə göndərilən 07.054/392 saylı, 16.05.2018-ci il tarixli məktubunuzda qeyd edirsiniz ki, "vakant yer olarsa, işə götürülə bilərsiniz". 23.01.2019-cu il tarixdə mənə verilən, yaranmış vakant saat hesabı təqdimatını Eldar Aslanovun sözünə görə rədd etmədimmi? Özü-özünü təkzib deyilmi? Universitetin Mətbuat xidmətinin rəhbəri- "mənim dostum", M.İbrahimovun saytlara göndərdiyi təkzib cavabında qeyd  edilir: "universitetə müəllim keçmək müsabiqə yolu ilədir".

Mən hörmətli M.İbrahimovdan universitetdə daha çox, özü də Tədris şöbəsində çalışmışam. Saat hesabı nə vaxtdan müsabiqə yolu ilə olur? Niyə söz xətrinə söz yazırsınız? İctimai fikri siz çaşdırırsınız! Məntiqinizə fikir verin, dediyinizi özünüz təkzib edirsiniz axı!

Aftandil Bayramov "biz məhkəməni cibimizdə gəzdiririk" (sitat: Arzu Əliyevanın müsahibəsindən) sözü cənab Prezidentin dediklərinə əks deyilmi? Məni də məhkəmələrlə hədələyirsiniz. Gündə məhkəmələrdəsiniz, Zakir müəllim!

Niyə xalqı dövlətdən narazı salırsınız? Yüzlərlə əməkdaşı (ailə başçıları) aldadıb öz xahişi ilə işdən uzaqlaşdırmamısınızmı? Bunların hesabını nə vaxtsa qanun qarşısında verəcəyinizə şübhəmiz yoxdur.

Z.Nağyev, deyirsiniz Vidadi Hüseynov bizə məlum olmayan səbəbdən məsələni ictimailəşdirərək təkrar ADPU-ya qayıtmaq fikrinə düşüb.- Zakir Nağıyev, yenidən keçmiş tarixi Sizin əvəzinizə mən yada salım. Aftandil Bayramov məqsədli şəkildə "bir-iki ay", "bu gün-sabah" deyərək vaxt udurmuş. 2017-ci ilin yeni tədris ilinin başlanğıcında rektora  yazılı və şifahi ərizə, müraciətlərim olmuşdur. O da nəticəsiz qaldığı halda, həmin ilin sentyabr ayının əvvəlində digər orqanlara, eləcə də Təhsil Nazirliyinə indiyə kimi mütəmadi müraciətlərim olmuşdur. Müraciət etməsəydim, Sizdən 16.05.2018-ci ildə, Təhsil Nazirliyindən 04.05.2018-ci il tarixdə cavab məktubu olmazdı. (İndiyə kimi müraciətlərin qəbzləri qalıb, sizə bağışlaya bilərəm)

2017-ci ildən bəri digər qurumlardan Təhsil Nazirliyinə yönəldilən müraciətlərə cavablarda da şübhəsiz, adi vətəndaşı məmurun ayağına verməzlər.

Mən əminliklə deyə bilərəm ki, 13.07.2018-ci il tarixində Cəfər müəllimin qəbulunda olanda həqiqətən səmimiyyətlə İnsan Resursları şöbəsinin müdirinə, sizin də həmin qəbulda iştirak  zaman, tapşırıq verdi. Sentyabrda Universitetə gəldim, "yox" dediniz. Dekabr ayında məni Universitetə dəvət etdiniz (zənglər məndə qalıb). Sizinlə Qumral xanımın otağında  üçümüz söhbətləşdik. Dediniz ki, ilin axırıdır, yer yoxdur. Razılaşdıq. Sonra yanvarda saat hesabı qaydasında vakant yer oldu. Hamınıza yalvardım ki, kömək edin, ailə başçısıyam, uşaqların böyükdü, oğlum iki aydan sonra hərbi xidmətə gedəcək. Sonra sizin otağınıza getdik, siz rəhbərlik haqqında nələr dediniz, unutmamısınız? Həmin vaxtlar idi ki, sizi qəbulda iştirak etməyə dəvət etmirdilər. Həmin söhbətləri açıqlamaq mənim əqidəmə yaddır! Universitetin qocaman tanınmış bir müəllimi də otağınızda idi. O da sizə dedi ki, Vidadiyə kömək elə. Universitetdən nə istəyirdim? - 3-4 aylıq saat hesabı dərs demək.

Mənimlə universitet arasında narazılıq salan, Eldar müəllimin olduğuna şübhə yoxdur. Mərdi qova-qova namərd etməzlər. Mən Qumral xanıma az qala yalvardım ki, əgər nəsə bir problem varsa, mənə de, mənim 50 yaşım var, qapılarda durmağım düz deyil. O da çox səmimiyyətlə həmişə bildirirdi ki, yox, Cəfər müəllim dedi ki, Vidadi problemsiz adamdır, ona kömək edin.  Cəfər müəllimdən mən ona görə incidim ki, ətrafının qərəzli mövqeyinə qulaq asdı. Bu gün də, yəni 23.04.2019-cu il tarixdə dekanlara tapşırıq verib ki, özlərinə yaxın olan müəllimlərə mənim əleyhimə ağ kağıza imza atsınlar, beləcə mənim etdiyim müraciətlərə görə şərləyərək susdursunlar. Bu təcrübə artıq ADPU-da var, məndən əvvəl əməkdaş Arzu Əiyevaya və digərlərinə qarşı bu imza kampaniyaları təşkil edilmişdi. Mən isə öz şərəf və ləyaqətimi, eləcə də təhlükəsizliyimi qorumaq üçün aidiyyəti hüquq-mühafizə orqanlarına bu haqda məlumat vermişəm.

 

Vidadi Hüseynov

ADPU-nun sabiq əməkdaşı

Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!