Rusiyada Azərbaycan diasporu birləşir

2019-04-24 20:30:35 / 4489 dəfə oxunub

Aprelin 27-də Rusiyada Azərbaycanlıların Birinci Moskva Forumu keçiriləcək. Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçiriləcək Forum paytaxt Moskvada, Prezident otelində baş tutacaq. Forumun Təşkilat Komitəsindən verilən məlumata görə, tədbir iki hissəli olacaq. İlk hissədə Rusiya-Azərbaycan əməkdaşlığı, strateji tərəfdaşlıq məsələləri müzakirə ediləcək. Tədbirdə ictimai siyasi xadimlər, eyni zamanda Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və çoxsaylı qonaqlar iştirak edəcəklər. Forumun ikinci hissəsində önəmli qərarlar qəbul ediləcək. Forum çərçivəsində Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) təsis konfransı keçiriləcək. Konfransda həmçinin RAİ prezidenti və İdarə Heyətinin üzvləri seçiləcək.

Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Füzuli Məmmədov bildirib ki, Forum Azərbaycan diasporunun güclənməsi, daha təkmil və koordinasiyalı formada fəaliyyət göstərməsi üçün önəmli addımdır. Onun sözlərinə görə Rusiyadakı Azərbaycan diasporunun birliyi, daha effektiv fəaliyyət göstərməsi ilə bağlı müzakirələr aparılacaq, önəmli qərarlar qəbul ediləcək: "Atacağımız addımlar Azərbaycan diasporunun daha effektiv fəaliyyətini təmin etmək və dövlətimizin diaspor siyasətinə dəstək verməkdir”.

Füzuli Məmmədov Rusiyada fəaliyyət göstərən bütün diaspor təşkilatlarını Rusiya Azərbaycanlıları İttifaqının ətrafında sıx birləşməyə çağırıb: "Bir daha nəzərinizə çatdırıram ki, bu addım dövlətçiliyimizə, Azərbaycanın gələcəyinə, birliyinə, bütövlüyünə və daha da güclənməsinə xidmət edir. Bilirsiniz ki, Rusiyada Azərbaycan diasporunun daxilində olan arzuolunmaz hallara, birliyimizə, milli mənafelərimizə zərbə vuran intriqalara, lazımsız söz-söhbətlərə birdəfəlik son qoyulması vacib şərtdir. Bunun üçün isə bir ideya ətrafında birləşməyimiz olduqca önəmlidir və həlledici əhəmiyyət daşıyır. Bu baxımdan Rusiya Azərbaycanlıları İttifaqı önəmli platformadır. Rusiyada fəaliyyət göstərən hər bir diaspor təşkilatına səslənirəm ki, vahid ideya ətrafında birləşək. Əgər bir olarsaq, daha böyük işlər görə bilər, dövlətimizə və Rusiya-Azərbaycan münasibətlərinə daha ciddi töhfələr verə bilərik”.

Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!