“Dövlət hər zaman vətəndaşın yanında olacaq” - Prezident islahatlardan danışdı

2019-04-30 16:16:20 / 683 dəfə oxunub

Aprelin 30-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Sabahinfo.az xəbər verir ki, dövlət başçısı İlham Əliyev keçən il prezident seçkilərindən sonra islahatların yeni mərhələsinin başladığını və onun icrası üçün məqsədyönlü addımlar atıldığını bildirdi.


"İslahatlara alternativ yoxdur”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, son 15 ildə Azərbaycan qədər dünyada inkişaf edən ikinci ölkə yoxdur.


Birinci rübdə büdcə daxilolmalarının artdığını, bununla da əlavə maliyyə resursunun formalaşdığını deyən dövlət başçısı ilin əvvəlindən ümumi daxili məhsulun, sənaye istehsalının, qeyri-neft sənayesinin, kənd təsərrüfatının, əhalinin gəlirlərinin artdığını, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulduğunu deyib. Qeyd edib ki, Dünya Bankının "Doing Business” hesabatında Azərbaycan 25-ci yerə layiq görülüb və 10 ən islahatçı ölkə arasındadır. İlin əvvəlindən böyük həcmli sosial paketin icra edildiyini deyən Prezident İlham Əliyev minimum əməkhaqqının, minimum pensiyaların, məcburi köçkünlərə verilən müavinətlərin, tələbələrin təqaüdlərinin və digər sosial müavinətlərin artdığını bildirib, problemli kreditlərlə bağlı məsələnin və vaxtilə tikilən, lakin istismara qəbul edilməyən binalarla bağlı yaranan problemin həll olunduğunu vurğulayıb.

"Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün biz əlimizdən gələni edirik”, - deyən Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının əhəmiyyətindən danışıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edərkən dövlət başçısı bildirib ki, bu məsələ ilə bağlı Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və münaqişə ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində, beynəlxalq hüququn normalarına uyğun həll olunmalıdır.

Sonra Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, kənd təsərrüfatı naziri İnam Kərimov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev görülən işlərlə bağlı məruzə ediblər.


Prezident İlham Əliyev yekun nitqində hazırda iqtisadiyyatın yeni inkişaf strategiyasının hazırlandığını, ölkədə aparılan islahatların beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyini bildirib. Dövlət başçısı ilin sonuna qədər elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorativ tədbirlər, xarici sərmayələrin cəlbi, məcburi köçkünlər və şəhid ailələrinin yeni mənzillərlə təmin olunması ilə bağlı görüləcək işlərdən danışıb. Son 15 ildə ölkədə 2 milyon yeni iş yerinin yaradıldığını, əhalinin sayının 10 milyona çatdığını, bunun da qarşıda yeni vəzifələr qoyduğunu deyən Prezident İlham Əliyev bildirib ki, bu il də sosial infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılacaq. Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş verən zəlzələnin fəsadlarının uğurla aradan qaldırıldığını deyən dövlət başçısı Azərbaycan vətəndaşlarını əmin etdi ki, dövlət hər zaman onların yanında olacaq.

Sonda Prezident İlham Əliyev 2019-cu ilin də xalqımız üçün uğurlu olacağına əminliyini ifadə edib.



Son xəbərlər
QHT müqavilələr bağladı
2019-06-12 12:13:43
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!