Prezident məmurlara xəbərdarlıq etdi: “Xalqın problemləri ilə məşğul olun!”

2019-05-01 10:59:32 / 1137 dəfə oxunub
"Azərbaycan bu gün xarici sərmayələrin qoyuluşu üçün öz imkanlarını təqdim edir və bu, hər bir ölkə üçün çox önəmli məsələdir. Şadam ki, qeyri-neft sektoruna investorlar tərəfindən böyük maraq var. Burada əsas məsələ bürokratik əngəlləri aradan götürməkdir. Biz potensial investoru cəlb etməliyik, investoru axtarmalıyıq, ona sübut etməliyik ki, Azərbaycana sərmayə qoysun.Ancaq bəzi hallarda hansısa yerli və ya xarici şirkət investisiya qoymaq istəyəndə onun qarşısında süni, bürokratik və digər əngəllər yaradılır. Bu, tamamilə qəbuledilməzdir, buna yol vermək olmaz”.

Sabahinfo.az-ın məlumatına görə,bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Ölkə başçısı bildirib ki, investisiyaların cəlb edilməsi hər bir ölkənin iqtisadi inkişafı üçün əsas şərtlərdən biridir: "Azərbaycanda dövlət investisiyaları qoyulur və qoyulmalıdır. Ancaq biz çalışmalıyıq ki, özəl sektor daha da böyük həvəslə investisiyalar qoysun. Biz buna nail oluruq və nail olacağıq. Dövlət hər zaman bu sahədə öz dəstəyini göstərəcək. Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır. Dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar”.

İlham Əliyev bildirib ki, müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə daim vətəndaşların problemləri ilə məşğul olmaları barədə göstəriş verib: "İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər.Bu sahədə çox ciddi islahatlar aparılır və aparılacaq”.

Dövlət başçısının sözlərinə görə, ölkədə idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var: "Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar.
Biz regional inkişaf proqramını böyük dərəcədə yerlərdən gələn məktublar, sifarişlər əsasında formalaşdırmışıq. Hansı problemlər insanları narahat edir, biz o problemləri də dövlət proqramına salmışıq və onları həll edirik. Amma bəzi hallarda bu layihələrin icrası ilə bağlı da bir çox qüsurlar, bir çox çatışmazlıqlar olur. Bunlar aradan qaldırılmalıdır. Əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır”.

Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!