Limitin artırılması əhaliyə necə təsir edəcək?

2019-05-03 08:57:27 / 2727 dəfə oxunub

Ölkədə həyata keçirilən sosial siyasət uğurla davam etməkdədir. Etiraf edilməlidir ki, yürüdülən sosial siyasətin mahiyətində ölkə vətəndaşlarının sosial rifah halının yüksəldilməsi dayanır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib ki, əsas iqtisadi və sosial göstəricilər müsbətdir, dinamika təmin edilir: "Əlavə gəlirlərimiz imkan verir ki, biz sosial məsələlərin həllində daha fəal olaq və daha böyük işlər görək. Bildiyiniz kimi, ilin əvvəlindən çox böyük həcmli sosial paket təqdim edildi, təsdiqləndi, müvafiq fərmanlar imzalandı. Bu prosesə hazırlığı biz keçən ildən başlamışdıq və prezident seçkilərindən sonra andiçmə mərasimində əslində, görüləcək işlərlə bağlı mənim tərəfimdən göstərişlər verildi, yeni yanaşmanın konturları müəyyən edildi. "Əlavə maliyyə vəsaiti imkan verir ki, biz sosial sahəni daha da gücləndirək", - deyən dövlətimizin başçısı vurğulayıb ki, minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır. Nəyin hesabına, əlbəttə ki, islahatların hesabına. Ona görə ki, biz daha səmərəli işləyirik, şəffaflığı təmin edirik, biznes mühiti yaxşılaşır. Bu, bizə imkan verir ki, bu məsələləri həll edək".

Artıq Azərbaycan Respublikası Prezidentinin sistemli və davamlı sosial siyasətinin davamı olaraq, növbəti humanist addım atılmış, dövlət başçısının tapşırığına əsasən, Tarif (qiymət) Şurasının 30 aprel tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılmışdır. Artıq bu güzəştdən - yalnız aşağı tariflə qaz istehlakından 1,8 milyondan artıq abonent (7 milyondan çox vətəndaş) yararlanacaqdır. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-dək artacaqdır. Təbii qazdan güzəştli tariflə istifadə limitinin artırılması ilə əlaqədar olaraq yaranmış fərq bütünlükdə dövlət tərəfindən qarşılanacaqdır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyindən bildirilib ki, artırılmış limitin tətbiqinə gəlincə, qeyd edək ki, hesablaşma 1 yanvar 2019-cu ildən etibarən istifadə olunan təbii qazın həcminə uyğun olaraq həyata keçiriləcəkdir. Misal: Tutaq ki, abonent 1 may 2019-cu ilədək 1400 kub m qaz istehlak edib. Bu halda abonent ilin sonunadək daha 800 kub m təbii qazı aşağı tariflə (1 kub m üçün 10 qəpik) istifadə edə biləcəkdir. Abonent bu tarixədək əvvəlki limiti (1700 kub m) ötübsə, yeni limitədək olan hissə üçün ödədiyi vəsait hesablaşmalarda nəzərə alınacaqdır.  Əgər abonent il ərzində müəyyən olunmuş yeni limitdən (2200 kub m) artıq təbii qaz istifadə edərsə, bu halda hesablaşma yeni limitdən artıq hissə üçün 1 kub mX20 qəpik olmaqla həyata keçiriləcəkdir. Məlumat üçün qeyd edək ki, bir abonentin faktiki orta illik təbii qaz istehlakı 1400 kub m-dən aşağıdır. Atılmış bu humanist addım dövlət başçısının ölkə vətəndaşlarına böyük diqqət və qayğısının daha bir nümunəsidir.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!