Bakının Baş planı 2020-ci ilin sonunadək hazır olacaq

2019-05-04 09:55:16 / 1528 dəfə oxunub
Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur.

ONA-nın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2019-cu ilin 1-ci rübünün yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclasında çıxış edən Komitənin sədri Samir Nuriyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Baş plan şəhər ərazisi daxilində torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadə növlərini müəyyənləşdirir və növbəti 20 il ərzində şəhərin inkişafında iştirak edən bütün qurumlar tərəfindən bu istiqamətdə fəaliyyətdə rəhbər tutulacaq əsas sənəddir.

Komitə sədri onu da bildirib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin Baş planının hazırlanması prosesinin beynəlxalq təcrübəyə uyğun olaraq 2 mərhələdə təşkil edib. Bu prosesin 1-ci mərhələsində əməkdaşlığa cəlb olunmuş nüfuzlu beynəlxalq məsləhətçi – "Boston Consulting Group” şirkətinin dəstəyi ilə Bakı şəhərinin inkişaf konsepsiyası hazırlanmış, habelə aparılmış hərtərəfli təhlil və hazırlıq işlərinin davamı olaraq 2018-ci ilin sonunda beynəlxalq şəhərsalma şirkətinin seçilməsi məqsədilə açıq tender elan edilib. Komitənin, aidiyyəti dövlət orqanlarının nümayəndələrindən və ictimai xadimlərdən ibarət olan tender komissiyasının qərarı ilə Bakı şəhərinin Baş planının hazırlanması üzrə tenderin qalibi Almaniyanın nüfuzlu "AS+P” şəhərsalma şirkəti seçilmişdir. Bakının Baş planının hazırlanması işinin artıq başlanılmış 2-ci mərhələsində Komitə "Boston Consulting Group” və "AS+P” şirkətlərinin iştirakı ilə şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılması, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlər aparacaq.

Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!