Arzuman Abdulkərimov: “İqtidarı dəstəkləyən yeni siyasi hərəkat yaradılmasına ehtiyac var”

2019-05-09 11:21:37 / 2461 dəfə oxunub

"Hilal” İctimai birliyinin sədri Arzuman Abdulkərimov "Yeni Müsavat”a açıqlamasında ölkədəki mövcud siyasi durumla bağlı yeni təkliflər səsləndirib.

A.Abdulkərimov bildirib ki, Azərbaycanda iqtidarın siyasətini dəstəkləyən yeni bir siyasi hərəkatın yaradılmasına ehtiyac var:"Son zamanlar müxalif düşüncəli insanlar və müxalifət yönümlü təşkilatlar daha çox hərəkatlar formasında birləşməyə üstünlük verirlər. Məsələn, siyasi partiyaların blokları formalaşır ki, burada eyni zamanda ictimai nüfuzlu şəxslərin qəbuluna da fərd olaraq üstünlük verilir. Xatırlayıram ki, bir zamanlar iqtidarı dəstəkləyən ictimai təşkilatların "məşvərət məclisi” adlı bloku vardı. Orada iqtidaryönümlü partiyalar, təşkilat sədrləri, ictimai nüfuzlu şəxslər yer alırdılar. Hansı ki, onlar iqtidarın fikrini dəstəkləyir, apardığı siyasətin təbliğatına daha çox üstünlük verirdilər. Eyni zamanda müxalifət düşüncəli siyasi blokların qarşısına iqtidarı dəstəkləyən qeyd etdiyimiz bloklar çıxırdılar. "Məşvərət məclisi” də böyük bir format idi. Orada Yeni Azərbaycan Partiyası, Ana vətən partiyası, Sosial Rifah partiyası yer almışdı. Düşünürəm ki, indi də belə bir format yaratmaq olar. Tək siyasi partiyalar deyil, orada təşkilatlar, ictimai nüfuzlu şəxslər də təmsil oluna bilərlər. Yəni ümumilikdə bu, bir ictimai hərəkat formasında yaradılar. Düşünürəm ki, hazırda buna ehtiyac var. Çünki bu gün hər kəsə bəllidir ki, Azərbaycan iqtidarının apardığı siyasət kifayət qədər dəstəklənir. Düşünürəm ki, iqtidarın apardığı bu cür uğurlu siyasətin təbliğatını daha da gücləndirmək lazımdır. Deyə bilərsiniz ki, internet resursları, televiziyalar var. Ancaq bu, sadəcə olaraq bir formatdır. Hər şeyə sırf olaraq hakimiyyətdə təmsil olunan qüvvələr, nazirlər də cavab vermək zorunda deyillər. Müxalifət tərəfindən formalaşdırılmış hərəkatların arqumentlərinə, qeyd etdiyim, yaradılacaq olan hərəkat cavab verə bilər. Bu, həm də görülən işlərin ictimaiyyətə daha tez çatdırılması üçün lazımlıdır.

A.Abdulkərimov bildirib ki, son zamanlar ölkədə siyasi tonus bir qədər artıqdır:"Azərbaycan iqtidarı Avropa İttifaqı ilə saziş ərəfəsindədir. Bütün hərəkətimizdə, gündəlik həyatımızda bəzi qüvvələrin bu sazişin əleyhinə olduğunu hiss edirik. Burada xarici və daxili faktorlar var. Xarici faktor bir zamanlar Azərbaycan dövlətini ittiham edirdi ki, Avropa İttifaqı ilə sazişə getməyib, bu dəyərlərdən yayınırsız. İndi isə həmin qüvvələr bu sazişə qarşı çıxıb, maneə yaratmağa çalışır. Eyni zamanda Azərbaycanın daxilində radikal müxalifət qüvvələri də var ki, onlar iqtidarı günahlandırırlar ki, siz, Avropa İttifaqı ilə sazişdən, münasibətlərdən qaçırsız. Ancaq əslində bu, belə deyil. Azərbaycanın Avropa, beynəlxalq strukturlarla çox yaxşı münasibətləri var. Baxırıq ki, Azərbaycan, Avropa İttifaqı ilə saziş ərəfəsindədir və bir zamanlar bunu tələb edən qüvvələr, indi də əks mövqeyə keçiblər. Bunun ziddiyyətini hələ də indiyə qədər anlaya bilmirəm”.

Arzuman Abdulkərimov bildirib ki, hazırda onların da iştirakı ilə 10-a yaxın təşkilatın birləşdiyi formatla fəaliyyət qurublar:"Ola bilər ki, bu ictimai təşkilatların ümumi bir ad altında birləşdirilməsinə start verilsin. Ancaq yenə də biz eyni platformadan çıxış edib, birgə tədbirlərdə iştirak edirik. Növbəti həftə də bizim də təmsil olunduğumuz təşkilatların birgə tədbiri olacaq. Bu tədbir Azərbaycanda sosial siyasi islahatlar və buna maneə olan qüvvələrlə bağlı olacaq. Azərbaycanda sosial siyasi islahatlar başlayandan iqtidar "qara piar”, təhdidlərlə üz-üzədir. Bu barədə də tədbirimizdə açıqlamalar olacaq. Siyasi qüvvələr qərar verərsə, biz də gələcəkdə özümüzü iqtidaryönümlü hərəkatın daxilində görə bilərik”.

Əli Rais,
"Yeni Müsavat”


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!