Beynəlxalq bank bp-nin keçmiş əməkdaşına 67 milyon dolları niyə vermişdi? - İFADƏLƏR

2019-05-13 18:25:13 / 2559 dəfə oxunub

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və digərlərinin növbəti məhkəməsi keçirilib.

Bakupost.az-ın məlumatına görə,Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hazıda həbsdə olan Emin Sadiq ifadə verib.

O bldirib ki, 1997-2007-ci illərdə BP-də işləyib: "Ordan ayrılandan sonra özəl şirkət yaratdım. Maliyyə problemləri olan zaman yaxın dostum Beynəlxalq Bankın Moskva filialının rəhbəri Fuad Abdullayevlə tanış etdi. Sonra bankla birgə çalışdıq. 2011-ci ilin sonlarında Qazaxıstandakı dostlarımızdan neftin ixracı ilə bağlı təklif gəldi. Biz də Beynəlxalq Bankla danışıqlara başladıq. Şirkətin səhiminin 60 faizi Beynəlxalq bankın olacaqdı. Səhimlər banka yaxın adam olan Həsən Hətəmovun adına rəsmləşdi. Şirkətin 12.5 faizi Qazaxıstan vətəndaşı, mənim qaynatamın adına, 15 faizi mənim adıma, digər faizi isə digər Qazaxıstan vətəndaşının adına idi. Bu layihəyə görə 27 milyon 500 dollar bankdan pul ayırılıb, Qazaxıstan dövlətinin xəzinəsinə köçürüldü. Ümumilikdə neft layihəsi üçün bankdan şirkətə 62 milyon dollar pul ayrılıb. Həmin pulla Qazaxıstanda ərazi alıb, neft yatağı eləmişik. Bir neçə neft quyusu qazdıq. 2014-cü ildə Fuad Abdullayev görüş zamanı bildirdi ki, bankda problem yaranıb, bizi maliyyələşdirə bilməyəcəklər. Sonra biz dünya bazarında maliyyə axtarmağa başladıq. Məlum oldu ki, şirkətimiz dünya bazarında 4 fiziki şəxs olan səhmdarla maliyyə tapa bilməyəcəyik. Sonra biz başqa adla şirkət qurduq, rəsmiləşməyə bir il vaxt getdi. Bank artıq bizim şirkəti maliyyələşdirə bilmədi. Lakin bizə bank veksellərlə 2 milyon dollar pul verdi. Bir qədər keçəndə Beynəlxalq Bankda problem yarandı, Xəzər dənizinin ləpələri neft yatağımızı su altında qoydu. Mən bir neçə şirkətlə danışığa başladım, istəmirdim ki, şirkəti itirəm. Sonra Moskvaya şəhərinə gedən zaman orada həbs olunmuşam, Bakıya göndərilmişəm".

Məhkəmədə elan olunub ki, bu iş üzrə E.Sadiq barəsində cinayət işi başlanılıb, ayrıca icraata ayrılıb.

Məhkəmənin növbəti iclası mayın 20-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.



Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!