Azərbaycanla Gürcüstan arasında “Keşikçidağ”la bağlı danışıqlar aparıldı

2019-05-14 18:16:43 / 2558 dəfə oxunub

Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin müavinləri arasında görüş başa çatıb.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 14 mayda Bakıda Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya arasında görüş keçirilib.

Eyni zamanda müvafiq dövlət qurumlarının nümayəndələrinin də iştirak etdiyi görüşdə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Görüşün nəticəsində iki dövlət arasında razılaşdırılmamış sahələr üzrə müzakirələrin Dövlət Komissiyalarının gələn həftə keçiriləcək növbəti iclasında davam etdirilməsi qərara alınıb.

Məlum olduğu kimi, Azərbaycan və Gürcüstan arasında sərhəd hələ SSRİ dövründə müəyyən olunub. Hər iki ölkənin müstəqilliyi əldə olunduqdan sonra Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət komissiyaları yaradılıb və indiyədək Komissiyaların 11 iclası keçirilib.

Bu proses çərçivəsində 480 km-lik Azərbaycan – Gürcüstan dövlət sərhədinin əksər hissəsinin delimitasiyasına dair komissiyalar səviyyəsində razılıq əldə edilib. Hazırda 166 km-lik hissələr üzrə ekspertlər səviyyəsində iş davam etdirilir.

Cari il Pasxa bayramı ərəfəsində Gürcüstan sərhədçiləri Azərbaycanın "Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən obyektlərinə asanlaşdırılmış qaydada keçidin təmin edilməsi barədə müraciət ediblər. Gürcüstanla mövcud sıx əməkdaşlıq ruhuna uyğun olaraq, bu müraciət Azərbaycan tərəfindən müsbət cavablandırılıb.

"Gürcüstan tərəfindən eyni rejimin növbəti həftəyə şamil edilməsi baradə yeni müraciət daxil oldu. Azərbaycan tərəfi bu müraciətə də anlayışla yanaşaraq, iki ölkə arasında sərhədin delimitasiyası məsələsinin ən qısa müddət ərzində yekunlaşdırılmasının vacib olduğunu bəyan etdi.

Gözləntimiz ondan ibarətdir ki, Azərbaycan ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası qısa müddət ərzində yekunlaşdırılacaq”-deyə XİN-dən bildirilib.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: sabahinfoaz@mail.ru
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!