Azərbaycan ordusunun genişmiqyaslı təlimləri başladı

2019-05-20 09:51:59 / 1239 dəfə oxunub
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə bu gündən Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Sabahinfo.az-ın xəbərinə görə, təlimlərin əsas mövzusu düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsidir.

Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunub.

Çətin relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə tank, aviasiya, raket və artilleriya hissələri, eləcə də digər döyüş elementləri arasında uzlaşmanın təşkili, düşmənin müdafiəsinin dərinliyində desant və xüsusi manevr qüvvələrinin tətbiqi, idarəetmə orqanlarının bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji təminatı məsələləri üzrə tapşırıqlar yerinə yetiriləcək.

Bütün fəaliyyətlər təlimlərdə iştirak edən qoşunların gecə və çətin iqlim şəraitində dəqiq qarşılıqlı əlaqəsinin təmin edilməsi ilə icra olunacaq.

Təlimlər mayın 24-dək davam edəcək.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!