Yaddaşa əbədi yazılan üç GÜN

2019-05-21 14:49:17 / 1609 dəfə oxunub

YAP Səbail rayon təşkilatının və Səbail rayonu C.Əskərov adına 50 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin bir qrup şagirdinin Bakıya üçgünlük səfəri başa çatıb.

Öncə onu qeyd edək ki, 20 nəfər Cocuq Mərcanlı şagirdin iştirak etdiyi səfərdə  məktəbin direktoru Zamin Həziyev və 2 nəfər müəllimdə qatılıb. Şagirdlər YAP Səbail rayon təşkilatının qərargahına, Şəhidlər Xiyabanı və Bakının bir sıra gəzməli-görməli yerlərində olublar. YAP Səbail Rayon Təşkilatının Qərargahı ilə tanışlıq zamanı Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev bu formatda səfərin ilk dəfə reallaşdırıldığını diqqətə çatdırıb. Deputat bildirdi ki, cəbhə bölgəsində hər an təhlükə ilə üzbəüz yaşayan uşaqların Bakı şəhərinə gəlməsi, buradakı tarixi, mədəni abidələrlə tanış olması, müasir, gündən-günə inkişaf edən, gözəlləşən paytaxtımızı görməsi məktəb lilər üçün böyük hadisədir. "Cocuq Mərcanlı Azərbaycan üçün Böyük Qayıdışın, Böyük Qələbənin rəmzidir. Düşmənlə təmas xəttindəki bu kənddə yaşayan hər bir sakin kiçiyindən böyüyünə qədər hər biri qəhraman və fədakar insanlardır. Biz Cocuq Mərcanlılar üçün nə etsək azdır. Bu layihəni düşünərkən əsas amalımız bundan ibarət idi ki, Cocuq Mərcanlıda yaşayan və hər yaşdan olan məktəblilər Bakıya, Səbail rayonuna gəlsinlər, buradakı gözəllikləri görsünlər və ölkəmizdəki əmin-amanlıq, təhlükəsizlik, sabitlik və inkişafın bir daha şahidi olsunlar. Qoy bütün Cocuq Mərcanlılar bilsinlər ki, onlar yalnız deyillər və biz burada onlarla həmrəyik və onların sevincləri, uğurları, problemləri ilə yaşayırıq” deyən Ş.Hacıyev vurğuladı ki, bu səfər çərçivəsində Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə Səbail rayonu C.Əskərov adına 50 nömrəli tam orta məktəb arasında əməkdaşlıq memorandumu imzalanması nəzərdə tutulmuşdur. Millət vəkili diqqətə çatdırdı ki, bu səfər gözəl bir başlanğıc olacaq və 50 nömrəli tam orta məktəbin başladığı bu işi Səbail rayonu məktəbləri ildən-ilə daha geniş formatda davam etdirəcəklər.

Səfərin bütün təşkilatçılarına ürəkdən təşəkkür edən Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev bildirdi ki, Bakının Səbail rayonu sözün əsl mənasında bütün Cəbrayıllıların, Cocuq Mərcanlı sakinlərinin ən böyük dəstəkçilərindən biridir. Son iki ildə rayonun 100 nəfərlik heyətinin Cocuq Mərcanlı kəndinə üç dəfə unudulmaz səfəri reallaşıb. Həqiqətən bu gün bütün Cocuq Mərcanlılar möhtərəm Prezidentimizin və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının ordumuza, sərhəd bölgəsində yerləşən kəndlərimizə və əhaliyə daima lazımi dəstəyini hiss edirlər. Bunun ən bariz nəticəsidir ki, Cocuq Mərcanlıda yaşayan 150 ailə düşmənlə birbaşa təmas xəttində 300 metrlik məsafədə təhlükəsiz və rahat şəraitdə yaşaya bilirlər. Təbii ki, bütün bunlar Azərbaycan dövlətinin, ölkə başçısının və Ali Baş Komandanın bu gün hər bir vətəndaşın yanında olduğunun və əhalinin rifah şəraitinin yaxşılaşdırılması üçün çalışdığını sübut edir.

 

Niyyət Protokolu imzalandı

Səfərin ilk günü Cocuq Mərcanlı məktəbliləri Səbail rayonu C.Əskərov adına 50 nömrəli tam orta məktəbdə "Sinəsi dağlanmasın, bölünməsin bu torpaq” adlı vətənpərvərlik tədbirində iştirak ediblər.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev, 50 nömrəli tam orta məktəbin direktoru Sədaqət Həsənova, Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamin Həziyev, Azərbaycan Dillər Univeristetinin Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində pedaqoji təcrübə keçən tələbələri və təcrübə rəhbəri, eləcə də YAP Səbail rayon təşkilatının gənc fəalları qatılıb.

Qonaqları ürəkdən salamlayan 50 nömrəli tam orta məktəbin direktoru Sədaqət Həsənova bildirib ki, məktəbin bütün müəllim-şagird kollektivinin sevincinin həddi hüdudu yoxdur: "Çünki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin məktəbliləri bu gün Bakının, Səbail rayonunun qonaqlarıdır. Cəbhə bölgəsində yaşayan bu qorxmaz uşaqları bu gün məktəblərində görməkdən son dərəcə şad olduqlarını diqqətə çatdıran direktor bu səfərin ərsəyə gəlməsində zəhməti olan bütün təşkilatlara, xüsusən YAP Səbail rayon təşkilatına, Bakı şəhər İcra Hakimiyyəti və Səbail rayon İcra Hakimiyyətinə səmimi qəlbdən təşəkkür etdi”.


Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev Cocuq Mərcanlı məktəblilərini ürəkdən salamladı və bildirdi ki, bu layihə, Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən "Ölkəmizi tanıyaq” devizi altında respublika məktəbliləri üçün artıq bir neçə ildir ki, ənənəvi olaraq uğurla keçirilən maarifləndirici tur-aksiya silsiləsinə aid oluna bilər. Millət vəkili Cocuq Mərcanlı sakinlərinin doğma yurdlarına qayıtmasını, bugünkü səfəri, eyni zamanda Səbail rayonu 50 nömrəli tam orta məktəbin timsalında məktəblər arasında sıx əməkdaşlığın ba-şlanmasını böyük hadisə olaraq qiymətləndirdi. Deputat döyüş bölgəsində yaşayan məktəblilər üçün Bakıya maarifləndirici-əyləncəli səfərin təşkil olunması fikrinin bütün təşkilatçılar tərəfindən böyük məmnuniyyətlə və ruh yüksəkliyi ilə qarşılandığını vurğulayaraq Cocuq Mərcanlı məktəbliləri üçün planlaşdırılan üçgünlük səfər proqramı haqqında məlumat verdi. Qeyd olundu ki, Cocuq Mərcanlıdan Bakıya qonaq gələn və müxtəlif yaş qruplarını təmsil edən şagirdlər üçün elə bir gəzinti proqramı hazırlanmışdır ki, bu səfər məktəblilər üçün uzun müddət unudulmayacaq tarixi hadisə olacaqdır. Cocuq Mərcanlı məktəbliləri Bakının, Səbail rayonunun ən görməli, gözəl yerlərini gəzəcək, Bakının incisi, mirvarisi olan Dənizkənarı Milli Parkla, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə başdan-başa tanış olacaq, eləcə də bütün mərkəzi muzeyləri, mədəniyyət ocaqlarını, qədim tarixi abidələri, məbədləri, o cümlədən Azərbaycan Xalça Muzeyini, "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu və "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edəcək, tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz haqqında məlumat alacaqlar.

Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi və Səbail rayonu 50 nömrəli məktəb arasında sıx əməkdaşlıq haqqında niyyət protokolunun da bu gün imzalanması təşəbbüsünü ürəkdən alqışlayan Ş.Hacıyev bu addımın gələcəkdə daha böyük layihələrə zəmin yaradacağına dair əminliyini ifadə etdi.

Səbail rayonunun geniş tərkibdə Cocuq Mərcanlı kəndinə artıq üç dəfə səfər etdiyini diqqətə çatdıran deputat vurğuladı ki, bu dəfə Cocuq Mərcanlı sakinlərinin Bakıya səfərini təşkil etməklə biz cəbhə bölgəsində düşmənlə 100-150 metr məsafədə mərdliklə, dəyanətlə dayanan insanlara olan dəstəyimizi, onlarla həmrəyliyimizi və onları heç vaxt unutmadığımızı bir daha nümayiş etdiririk. Cocuq Mərcanlı məktəblilərinə səfərlərində xoş istirahətlər arzu edən millət vəkili əminliyini ifadə etdi ki, Azərbaycanın işğal altında olan bütün torpaqları tezliklə düşmən tapdağından azad olunacaq və biz bu kimi tədbirlərimizi Şuşada, Laçında, Xankəndində keçirəcəyik.

2016-cı il möhtəşəm Aprel qələbəsindən sonra tamamilə yenidən bərpa olunan Cocuq Mərcanlı kəndindən bu gün Bakıya qonaq gələn məktəbliləri salamlayan Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev bütün təşkilatçılara bu gözəl təşəbbüs və uğurla reallaşdırılan səfər üçün ürəkdən təşəkkür etdi. Cocuq Mərcanlı məktəblilərinin Bakıya, Səbailə gəlişinin hər kəs üçün böyük bayram olduğunu qeyd E.Ağayev Azərbaycanın üçrəngli şanlı bayrağının tezliklə Şuşada, Xankəndində, işğal altında olan bütün torpaqlarımızda dalğalanmasını və bu bayramın ərazi bütövlüyü tam təmin olunmuş vahid Azərbaycana aid olmasını arzuladı.

Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamin Həziyev YAP Səbail rayon təşkilatı başda olmaqla bu təşəbbüsün reallaşmasında əməyi olan bütün təşkilatçılara, Səbail rayon İcra Hakimiyyətinə və 50 nömrəli məktəbin bütün müəllim-şagird kollektivinə səmimi qəlbdən təşəkkür etdi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Vətənlərində qaçqın vəziyyətinə düşən 1 milyon Azərbaycan vətəndaşından öz doğma yurduna dönmək xoşbəxtliyinin məhz Cocuq Mərcanlılara ilk olaraq nəsib olmasından qürurla danışan Z.Həziyev bu bəxtəvərliyin yaxın zamanda bütün qaçqınlarımıza nəsib olmasını arzuladı.

Çıxış edən Azərbaycan Dillər Universitetinin Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində pedaqoji təcrübə keçən tələbəsi Aysel Səlimanova və təcrübə rəhbəri Məmməd İsmayılov Azərbaycan Dillər Universitetinin qaçqın-köçkün məktəblərində həyata keçirdiyi təcrübə layihəsi haqqında məlumat verdilər və Cocuq Mərcanlıda yaşadıqları unudulmaz təcrübə haqqında təkrarolunmaz təəsüratlarını tədbir iştirakçıları ilə bölüşdülər.

Daha sonra məktəb direktorları Səbail rayonu C.Əskərov adına 50 nömrəli məktəb və Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin qardaşlaşması ilə bağlı niyyət protokolu imzaladılar. Niyyət protokolunda qeyd olunub ki, bu müqavilə ilə qardaşlaşmış iki məktəb bir-birlərinin uğurlarına sevinəcək, təhsil sahəsində olan yenilikləri bölüşəcək və bütün istiqamətlərdə sıx əməkdaşlıq edəcəklər.

Tədbirdə məktəblilərin ifasında yüksək vətənpərvərlik ruhunda ədəbi-bədii, musiqili kompozisiya nümayiş olundu. Göstərilən səhnəciklər, ifa olunan mahnılar və səsləndirilən poeziya nümunələri həm Cocuq Mərcanlı məktəblilərinin, həm də qonaqların böyük marağına səbəb oldu.

Sonda Cocuq Mərcanlı məktəblilərinə xatirə hədiyyələri və tədbirdə iştirak edən bütün məktəblilərə Təşəkkürnamələr təqdim olundu.

 

Məktəbliləri Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər


 Səfər çərçivəsində Cocuq Mərcanlı məktəbliləri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Daha sonra Cocuq Mərcanlılar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, həmçinin görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də xatirəsini yad edib, məzarları üzərinə güllər qoyublar.

Məktəblilər Fəxri Xiyabanda Azərbaycanın görkəmli şəxsiyyətlərinin, siyasi xadimlərinin, yazıçıların, alimlərin, mədəniyyət işçilərinin, o cümlədən 2019-cu ildə anadan olmasının 150 illiyi tamam olan Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin də məzarını ziyarət edib və Azərbaycan xalqının çoxəsrlik mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr vermiş ziyalıların əziz xatirəsini anıblar.

Cocuq Mərcanlı məktəbliləri Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər, məzarları üzərinə güllər düzüblər.

Sonra şagirdlər Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk Şəhidliyi” abidəsini ziyarət etdilər, Osmanlı ordularının Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda həlak olan 1130 qəhərman türk şəhidinin əziz xatirəsini yad etdilər və 1918-ci il sentyabrın 15-də Bakının azad olunmasını Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisə kimi bir daha yaddaşlarda canlandırdılar.

Məktəblilər Bakı Bulvarı və "Yanardağ” Dövlət Tarixi Qoruğunda



Bakıda qonaq olan Cocuq Mərcanlı məktəbliləri üçün mayın 18-i və 19-unda geniş gəzinti proqramı təşkil olundu. Məktəblilər Heydər Əliyev adına liseyin təşkilatçılığı ilə "E-Twinning School” layihəsinin tədbirində iştirak etdilər, Bakının, Səbail rayonunun ən görməli, gözəl yerlərini gəzdilər.

Məktəblilər Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda unudulmaz bir gün yaşadılar, burada müxtəlif növ attraksionlara, yelləncəklərə və bütün Milli Park ərazisindən keçən qatara mindilər.

Funikulyora minən və bu təcrübədən çox razı qalan Cocuq Mərcanlılar daha sonra "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar sarayı ilə başdan-başa tanış oldular, eləcə də mərkəzi muzeyləri, mədəniyyət ocaqlarını, qədim tarixi-mədəni abidələri, məbədləri, o cümlədən Azərbaycan Xalça Muzeyini, "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu və "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət etdilər, tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz haqqında məlumatlar aldılar, muzeylərdə nümayiş olunan tarixi eksponatlar və stendlərlə tanış oldular. Məktəblilər Qız Qalasının ətəklərində bu əzəmətli tikiliyə heyranlıqlarını ifadə etdilər. Bakıda qonaq olduqları üç gün ərzində Bibiheybət ərazisində məktəblilər üçün musiqili əyləncə proqramları təşkil olundu.


Məktəblilər Bakı şəhərində gördüklərindən və öyrəndiklərindən razı qaldılar və şəhərdən xoş təəssüratlarla ayrıldılar.

 



Ədil Ədilzadə

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!