İlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib - YENİLƏNİB

2019-05-23 13:00:58 / 4079 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Çin Xalq Respublikasının Xarici İşlər naziri Van Yinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sabahinfo.az xəbər verir ki, bu haqda Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı, ilk növbədə, Çində keçirilən ikinci "Bir kəmər, bir yol” Beynəlxalq Forumuna dəvətə görə Çin tərəfinə minnətdarlığını bildirərək, bunu ölkələrimiz arasında dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Forumun uğurla keçirilməsi və bu mötəbər beynəlxalq tədbirdə qəbul olunan qərarlar münasibətilə təbriklərini çatdırdı. Dövlət başçısı, eyni zamanda, Çin Xalq Respublikasının Sədri Si Cinpinin 28 May - Respublika Günü münasibətilə təbrik məktubunu göndərməsi ilə bağlı minnətdarlığını çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev bildirdi ki, Çinə son səfəri zamanı Çin Prezidenti ilə keçirilən görüşlər və aparılan səmərəli müzakirələr əlaqələrimizin strateji xarakter daşımasını bir daha təsdiq etdi.

Dövlət başçısı Çin Xalq Respublikasının Xarici işlər nazirinin ölkəmizə səfərinin Azərbaycanla Çin arasında əməkdaşlığın çox yüksək səviyyədə olmasını nümayiş etdirdiyini bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Çini daim onun üçün vacib olan məsələlərdə dəstəkləyir. İkitərəfli münasibətlərə toxunan dövlət başçısı siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu və iqtisadi-ticarət sahəsində əməkdaşlığımızın yaxşı perspektivlərə malik olduğunu qeyd etdi. Prezident İlham Əliyev bir daha Çin Xalq Respublikasına səfərini xatırlayaraq, orada Çinin aparıcı şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərin ölkələrimiz arasında ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğuladı. Dövlət başçısı bildirdi ki, Azərbaycan Asiya və Avropa arasında vacib tranzit məntəqəsinə çevrilib və nəqliyyat sahəsinin inkişaf etdirilməsi ölkəmizin prioritetlərindən biridir. Dövlət başçısı dedi ki, Azərbaycan "Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri olub və ölkəmizin nəqliyyat infrastrukturu bu layihə çərçivəsində nəqliyyat daşımaları üçün istifadə edilə bilər.


Xarici işlər naziri Van Yi Çin Xalq Respublikasının Sədri və onun qeyd etdiyi kimi, Prezident İlham Əliyevin dostu Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə edərək, Bakının dünyada məşhur şəhər olduğunu və ilk saatlardan paytaxtımızın gözəlliyinin dərin təəssürat bağışladığını dedi. O bildirdi ki, Çin-Azərbaycan əlaqələri strateji xarakter daşıyır və ölkəsi Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Van Yi qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi və sosial sabitlik təmin olunub, ölkəmiz iqtisadi baxımdan davamlı inkişaf edir, əhalinin rifah halı ardıcıl surətdə yüksəlir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daim artır və möhkəmlənir. Ölkəmizin uğurlarının Çində maraqla izlənildiyini bildirən qonaq əldə olunan bu nailiyyətlər və eyni zamanda, qarşıdan gələn 28 May - Respublika Günü münasibətilə təbriklərini çatdırdı.

Dövlət başçısı Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çin dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Söhbət zamanı "Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan və Çin arasında əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı, nəqliyyat, enerji, sənaye, turizm və informasiya-kommunikasiya texnologiyaları sahəsində əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi aparıldı.


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!