DİN gücləndirilmiş iş rejiminə keçdi - Əhaliyə müraciət edildi

2019-05-29 12:25:12 / 351 dəfə oxunub
Futbol üzrə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sabahinfo.az-a verilən məlumata görə, nazirliyin şəxsi heyəti mayın 31-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

Bildirilib ki, bu müddət ərzində ölkəmizə gələn əcnəbi qonaqların, turistlərin və azarkeşlərin təhlükəsizliyinin təmini, futbol azarkeşləri üçün Dənizkənarı Milli Parkda yaradılan "Fanzone”da, habelə "Sahil” bağı və "Qış Parkı”nda təşkil edilən əyləncə məkanlarında asayişin və təhlükəsizliyin təmin edilməsi xidmətə cəlb edilən polis əməkdaşları tərəfindən yüksək səviyyədə təmin edilir:

"Hər hansı bir təxribatın və qanunazidd hərəkətlərin qarşısını əvvəlcədən almaq üçün qeyd edilən ərazilərə daxil olan hər bir şəxs polis postlarında ciddi yoxlamadan keçirilir. Həmçinin "FAN” zonaya dəniz istiqamətindən kənar müdaxilənin qarşısını almaq məqsədi ilə polis patrul kateri sutkalıq xidmətə cəlb edilib.

Qeyd edək ki, final oyununa qədər "Çelsi” və "Arsenal” komandalarının təlim-məşq bazalarına təhlükəsiz şəraitdə hərəkət etmələri, habelə şəhərdə nəqliyyatın düzgün nizamlanması üçün əlavə yol–patrul naryadları xidmətə cəlb ediliblər. Bununla yanaşı gələn qonaqların Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisində qarşılanması, onların təhlükəsiz şəraitdə qaldıqları ünvanlara çatdırılmaları üçün polis postları yaradılıb. Respublika ərazisində strateji əhəmiyyətli obyektlərdə, o cümlədən xarici diplomatik nümayəndəliklərin yerləşdiyi ərazilər, qonaqların yaşadıqları məkanların mühafizəsi gücləndirilib.

Yerli azərkeşlərin stadiona daşınması üçün metronun "Qara Qarayev” və "28 May” metrostansiyalarının qarşısında yaradılan avtodayanacaqlarda təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həmin yerlərdə polis əməkdaşları xidmətə cəlb edilib.

Oyun günü xarici azərkeşlərin stadiona təyin olunmuş yerlərdən daxil olmaları və onlar üçün ayrılmış sektorlarda yerləşdirilməsini təmin etmək üçün polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Vətəndaşlardan və şəhərimizin qonaqlarından UEFA Avropa Liqasının finalına qədər və oyunu başa çatandan sonra "FAN” klub, habelə digər əyləncə məkanlarında, oyununun keçiriləcəyi Bakı Olimpiya stadionunun ərazisində polisin hüquqazidd halaların qarşını almaq üçün verdiyi qanuni əmr və göstərişlərinə əməl etmələri xahiş olunur".

Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!