Zəlzələ bölgəsində rüşvət toplayan FHN "əməkdaşları" yaxalandı - RƏSMİ

2019-06-07 18:06:53 / 369 dəfə oxunub
Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

Sabahinfo.az-ın xəbərinə görə, məlumatda bildirilir ki, özlərini FHN əməkdaşı kimi təqdim edib dələduzluqla məşğul olan şəxslər yaxalanıb.

Belə ki, özünü Fövqəladə Hallar Nazirliyinin məsul işçisi Milana Xoçperova kimi təqdim etmiş Əlbəşirova Heyran Mürsəl qızının qanunsuz hərəkətləri barədə həmin nazirlik tərəfindən toplanmış material aidiyyəti üzrə hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla Heyran Əlbəşirovanın, əri Balağa Əlbəşirovla cinayət əlaqəsinə girməklə nazirliyin saxta xidməti vəsiqəsini hazırlamasına, özbaşına özünü həmin dövlət qurumunun məsul işçisi kimi təqdim edərək 2012-ci ilin may ayında Balakən və Zaqatala rayonları ərazisində baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinə dəymiş ziyanın ödənilməsinin təşkil edilməsi adı ilə etibarlarından sui-istifadə edərək ümumilikdə 21 nəfərə məxsus cəmi 24 min manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Həmin fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla həmin şəxslərə Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 32.4,312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət və ya təkrar rüşvət verməyə təhrik etmə), 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama) və 320.2-ci (Cinayət Məcəlləsinin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılaraq təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt” əlaqə mərkəzinə və 361-11-76 nömrəsinə və ya Fövqəladə Hallar Nazirliyinin 112 saylı "Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq tərəfindən təbii fəlakət və fövqəladə halların nəticələrindən zərər çəkən vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlər həyata keçiriləcək".

Son xəbərlər
Reklamların sayı artsa da…
2019-06-18 09:38:40
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!