Fundamentalizm siyasi ideologiyadır

2019-06-18 09:36:56 / 2199 dəfə oxunub

Fundamentalizm həm təfəkkür, həm də struktur böhranından nəşət edir, bunun əsas səbəblərindən biri isə dünyanın geniş bir sahəsində insanların kasıblaşmasıdır. Belə şəraitdə fundamentalizm xilaskar ideologiya kimi çıxış edir. O, yaxşı həyat perspektivi vəd edir, şirnikdirici vədlər verir. Terrorçular fundamentalistlər arasında azlıq təşkil edirlər. Və burada, əsasən, cavan adamlar təmsil olunublar. O adamlar ki, hər hansı perspektivdən məhrumdurlar. Onlar gizli terrorizmin toruna düşür və hesab edirlər ki, bunu islam naminə edirlər. Diletant olduqlarından, islam təlimini bilmədiklərindən anlamırlar ki, onlar islam norma və dəyərlərini pozurlar.

Georq-Avqust adına Gettingem Universitetinin əməkdaşı prof. Bassam Tibinin bu mövzu ilə bağlı fikirləri çox maraqlıdır. Ən çox diqqəti çəkən isə onun məsələyə obyektiv yanaşmasıdır. İlk növbədə o, dinlə dini fundametalizmi ayırmaq zərurətinə diqqət çəkir: "Fundamentalizmlə təhlükəsizlik siyasəti arasında qarşılıqlı əlaqə var, bunun təsvirində isə artıq söhbət islamdan getmir. İslamla bir din kimi söhbət aparmaq olar. İslam fundamentalizmi isə artıq təhlükəsizlik siyasətinin predmetidir. İslam bir dünya dinidir və bu dinin mənsubları planet əhalisinin beşdə birini təşkil edir (1,3 milyard nəfər), amma fundamentalizm deyəndə söhbət artıq bir siyasi hərəkatdan gedir, elə bir hərəkat ki, dini silah edib qeyri-dini hədəflər uğrunda çalışır və ifrata varır”.

Onun fikrincə, islam din və sivilizasiyadır, buna görə təhlükəsizlik siyasətinin predmeti ola bilməz. O, bir monoteist dindir, ilahi vəhylərə əsaslanır. Bir dünya dini və sivilizasiyası kimi islam gerçəkliyi dini rəngarəngliklə səciyyələnir. Mədəni tərəfdən də islamın müxtəlif növləri var.

"İslamın dini və mədəni rəngarəngliyi fundamentalizmə də öz möhürünü vurur. Bircə örnək göstərək: İndoneziyada 300-ə qədər lokal mədəniyyət var. Amma islamın bu fərqlənən növləri heç vaxt bir-birinə yabançı olmayıblar. Çünki islamı vahid bir dünyagörüşü birləşdirir. Bu şərait imkan yaradır ki, vahid islam sivilizasiyası mövcudluğunu davam etdirsin. Bu sivilizasiyanın tsəvvürləri bütün müsəlmanlar üçün birdir. Amma bu, islamı bir monolitə çevirmir, xüsusən də onu təhlükəsizlik siyasəti nöqteyi-nəzərindən əhəmiyyəti olan bir simaya çevirmir”.

İkinci tezis göstərir ki, fundamentalizm siyasi ideologiyadır: dinin siyasiləşdirilməsi istisnasız olaraq islam təzahürü deyil. Təhlükəsizlik probleminin analizi çərçivəsində iki fərqli cəhətə diqqət lazımdır. Əvvəla, bütün fundamentalistlər dinin siyasiləşdirilməsi nəticəsində əvvəlkilərə meydan oxuyan yeni düzənlər haqda düşünürlər. İkincisi, iş bu dünyagörüşü konfrontasiyası ilə bitmir, ziddiyyəti qeyri-nizami hərbi əməliyatlar vasitəsilə – dəqiq desək, terrorla gerçəkləşdirməyə səy edilir. Fundamentalistlər tərəfindən dinin siyasiləşdirilməsi milli-dünyəvi dövlət quruluşuna qarşı yönəlib. Mark Yurqenmayster bununla bağlı «yeni soyuq müharibəyə» aparan konfrontasiyadan danışır: «Əgər fundamentalistlər bu dünyagörüşü ziddiyyətini dağınıq hərbi əməliyyatlar vasitəsilə həll etmək istəyirlərsə, onda ikinci – dinin siyasiləşdirilməsindən doğan təhlükəsizlik siyasəti ilə bağlar yaranır».

"Dinin siyasiləşməsi təkcə islama aid təzahür deyil. Təəssüf etmək lazım gəlir ki, fundamentalizm deyəndə avropalıların çoxu islam haqda düşünürlər, çünki Avropa kütləvi informasiya vasitələri istisnasız olaraq islam fundamentalistlərinin terror aktları haqda məlumatlar yayırlar. Amma bu, o demək deyil ki, islam fundamentalistlərini məsum quzu kimi təsəvvür edək, məsələ ondadır ki, üç əsas fakt arasında qarşılıqlı əlaqəyə diqqət yetirək”.

Əvvəla, fundamentalizm dinin və sivilizvsiyalar arasında olan fərqlərin siyasiləşdirilməsi kimi qlobal xarakter daşıyır və bütün dünya dinlərində var. Və onun bütün növləri «bir bezin qırağıdır». Fundamentalist, düzdür, onun ikili xarakteri var, hər halda daha çox homo politicusdur, nəinki homo religiosus. Nə qədər təhlükəli olurlarsa, olsunlar, onlarla ordunun köməyi ilə mübarizə aparmaq olmaz. Çünki onlar əksər hallarda adi hərbi vasitələrə əl atmadan hərəkət edirlər. Onlarla davranmaq üçün yeni təhlükəsizlik siyasəti lazımdır.

İkincisi, fundamentalizm bütün dinlərdə ilahi düzənə əsaslanan dünyagörüşü kimi mövcuddur. Fundamentalistlərin çoxu bu məqsədə çatmaq üçün siyasi üsullarla mübarizə aparırlar. Onların az bir qismi isə bunun üçün zorakılığa, terrora əl atırlar. Buna görə də empirik planda fundamentalizmi terrorçuluqla eyniləşdirmək düzgün deyil. Zorakılıq fundamentalizmin aspektlərindən biridir. Daha vacibi onun siyasiləşdirilmiş dəyərlər konfliktidir, dünya düzəni haqda təsəvvürləidir.

Üçüncüsü, bir sıra avropalılar islamın siyasiləşməsi məsələsinə yanaşanda xoş məramla «islamizm» anlayışını ifadə edirlər. Və bunu «islam fundamentalizmi» anlayışına alternativ kimi işlədirlər. Bunun işin arxasında isə «fundamentalizm» ifadəsinin damğa kimi işlədilməsi xüsunda qınaqlara məruz qalmamaq istəyi durur. Bununla yanaşı, onlar istəmədən islamla bağlı stereotip təsəsvvürləri yaymış olurlar. Bu halda onlar «islamizm» anlayışını yaymaqla dinin siyasiləşməsi məsələsinin yalnız islama aid olması kimi yanlış bir fikri yaymış, bunun qlobal bir hadisə olduğunu gizlətmiş olurlar.

1996-cı ilin martında Misirin Şarm əl-Şeyx şəhərində terrorizmlə mübarizəyə həsr olunmuş yüksək səviyyəli görüşdə islam dövlətlərinin başçıları öz qərbli həmkarlarının yekun kommnükeyə «islam terrorçuluğu» anlayışını salmaq cəhdlərinin əleyhinə getdilər. Belə əsaslandırdılar ki, islam terrora nifrət edir və ona görə də terrorun islam sifəti ola bilməz. Eyni zamanda, onlar avropalıları islam fundamentalistlərinə siyasi sığınacaq verməməyə çağırdılar.

Səid Əhmədli

Yazı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Din və Demokratiya Mərkəzi İctimai Birliyi tərəfindən "Dinin siyasiləşdirilməsi meyllərinə qarşı mübarizə” mövzusunda maarifçilik tədbirləri layihəsi çərçivəsində çap olunur.

Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!