Reklamların sayı artsa da…

2019-06-18 09:38:40 / 2154 dəfə oxunub

Qloballaşan həyatımızda əhalinin istər şəxsi məqsədlərlə sosial şəbəkələrdə, istərsə də peşəkar yazılarında, reklamlarda və mediada çoxsahəli inteqrasiyanın nəticəsi olaraq əcnəbi dillərdə söz və ifadələrdən istifadəsi geniş hal alıb. İlkin mərhələdə bu sadəcə yenilikçilik kimi qiymətləndirilsə də, artıq Azərbaycan dilinin gözəlliyinə zərər vuran bir problemə çevrilib.

Bu sahədə baş verən neqativ proseslər təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə çevrilib. Mövcud orfoqrafiya və qrammatika qaydalarına riayət olunmaması Azərbaycan dilində internet resurslarının kifayət qədər bol olmadığı, elektron və interaktiv dərsliklərin azlığı, Azərbaycan dilini öyrənən əcnəbi dilli insanlar üçün tədris vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab verməməsi narahatlıq doğurur. Bü gun reklam lövhələrində, qəzet və elektron mediada, hətta televiziyalarda da dildən istifadə qüsurlarına yol verilir. Təsadüfü deyil ki, bu məsələ ölkə başçısını da narahat edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci il mayın 23-də "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı haqqında” sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilmir: "Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir. Dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması adi hal alıb. Dublyaj edilən filmlərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsi bir qayda olaraq yüksək estetik tələblərə cavab vermir, onlar sönük və yarıtmazdır, dilimizin hüdudsuz ifadə imkanları ilə müqayisə edilməyəcək qədər aşağı səviyyədədir. Küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulması təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə çevrilib”. Sənəddə o da vurğulanır ki, Azərbaycan dilində internet resurslarının kifayət qədər bol olmadığı, elektron və interaktiv dərsliklərin azlığı, Azərbaycan dilini öyrənən əcnəbi dilli insanlar üçün tədris vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab verməməsi narahatlıq doğurur. Təbii ki, bu problem vətəndaş cəmiyyətinin də diqqətindən qaçmamalı, ictimai diqqəti onun həllinə cəlb etmək lazımdır.

Media və Mülki Cəmiyyət İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan ədəbi dilinin qorunması mövzusunda tədbirlərin təşkili” layihəsi də məhz yuxarıda sadalanan problemlərin həllinə yardım etmək məqsədi daşıyır. Belə ki, layihənin indiki mərhələsində Azərbaycanın əksər mətbuat orqanları, o cümlədən internet, radio və televiziya kanalları üçün xarakterik olan ədəbi dil normalarının pozulması halları, dilimizdən istifadə ilə bağlı mövcud vəziyyət və problemləri araşdırılıb. Dublyaj edilən filmlərdə, küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulması halları, həmçinin Azərbaycandilli saytların vəziyyəti təhlil və monitorinq edilmişdir.

Ekspertlərin fikrincə, reklam, əsasən, kapitalizm cəmiyyətinin atributu olduğundan sovet dövründə bu sahə o qədər də inkişaf etməmişdi. Lakin müstəqillik qazandıqdan sonra bu sahədə addımlar atılmağa başladı. Bu gün artıq həmin dövrdən illər keçib. Lakin nədənsə reklam bazarı hələ də arzuolunan formada inkişaf etməyib. Hələ bu sahədə qeyri-peşəkarların məşğul olduğu ilk dövrlərə nəzər salsaq, o zaman reklam bazarı çox yaxşı inkişaf edirdi. Bunun əsas səbəblərindən biri isə həmin dövrdə monopoliyanın olmaması idi. Ancaq son on-on beş ildə reklamların sayı artsa da, onu daha çox inhisarda saxlayırlar. Reklamın inkişafı üçün həm də reklamvericisi olmalıdır. Reklamverici hansısa bir agentliyə reklam sifarişi verir. Reklam agentliyi bu sahədə çalışan şirkətlərlə bunu hazırlayır və lazımı yerlərə çatdırır. Ancaq indi bu iş tamam fərqlidir. Bu gün istehsalçı özü reklamını hazırlayır və istədiyi yerə də təqdim edir. Bu da digər reklam şirkətlərinin işsiz qalmasına səbəb olur.

Qeyd etməliyik ki, hazırda reklam bazarında xarici reklamlar üstünlük təşkil etsə də, yerli reklamlar da çəkilir. Ancaq nədənsə yerli reklamların təsiri olmur. İnsanlar xarici reklamlardan aldıqları xoş hissləri burada duymadıqlarını, çox sıxıcı olduqlarından şikayətlənirlər. Həqiqətən də, xarici reklamlardan fərqli olaraq, yerli reklamlarda aktyorların həmin sözləri məhz reklam üçün dedikləri hiss olunur. Mütəxəssislər bu yöndə yaşanan problemlərin yetərli kadrların olmaması ilə izah edirlər. Məsələ burasındadır ki, Avropa ölkələrində bu sahədə xüsusi kadrlar yetişdirilir. Bizdə isə bu işlər həvəskarlar səviyyəsində həyata keçirilir. Bundan başqa, bu sahədə maliyyə problemləri də var. Ona görə də reklam çəkənlər əsasən aldıqları maaşa uyğun da reklam hazırlayırlar. Baxımlı reklam üçün maliyyə önəmli olduğundan bu problemlər olmadıqda reklam agentliklərinin daha professional aktyorları cəlb edib, daha müasir texnologiyadan istifadə edə biləcəklərini vurğulamalıyıq.

Zeynəb Oruclu

Yazı, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyinin "Azərbaycan ədəbi dilinin qorunması mövzusunda tədbirlərin təşkili”mövzusunda layihəsi çərçivəsində çap olunur

Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!