Ədəbi dil normalarına düzgün riayət edilmir

2019-06-25 11:50:37 / 1802 dəfə oxunub

"Dilini öldürən adam öz xalqını üç dəfə öldürür” –Hegel

Son illər Azərbaycan dilinin rəsmi statusunun təminatı, ədəbi dilin daha da zənginləşməsi və tətbiq dairəsinin genişlənməsi istiqamətində atılan bir sıra ciddi addımlar son dərəcə mühüm əhəmiyyət kəsb edir. Lakin müasir texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə mənimsənilməsinin sayəsində dilimizi zənginləşdirməklə yanaşı, əcnəbi söz və ifadələrin yersiz daxil edilməsi dilimizi mənfi təsirlərə məruz qoyur.

2012-ci ilin mayında imzalanan "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamda bu gün dilimizin müxtəlif səviyyələrdə, xüsusilə KİV-lərdə işlənməsində fonetik, sintaktik və semantik normalardan ciddi yayınmaların olduğu vurğulanır. Göstərilir ki, dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir, yerli-yersiz yad sözlər dilimizə gətirilir. Aidiyyəti qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmırlar. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub konkret nəticələr ümumiləşdirilmir, filmlərin dublyajında və xarici dillərdən edilən bədii və elmi tərcümələrdə nöqsanlar müşahidə olunur, küçə və meydanlardakı reklamlarda adi qrammatik qaydalar gözlənilmir. Azərbaycan dilinin internet sahəsində tətbiqinə diqqətin artırılmasının vacibliyi və s. məsələlər Sərəncamda xüsusi qeyd olunur

Media və Mülki Cəmiyyət İctimai Birliyinin "Azərbaycan ədəbi dilinin qorunması mövzusunda tədbirlərin təşkili” mövzusunda layihəsi çərçivəsində aparılan ilkin monitorinq zamanı çox ciddi pozuntular aşkarlanıb.

Müşahidələrimiz göstərir ki, orfoqrafik səhvlərin bəzilərində qanunvericiliyin tələblərinə əməl edilməməsinin də rolu var. Məlumdur ki, "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 2-ci bəndinə əsasən, 5 ildə bir dəfədən az olmayaraq nəşri təmin edilməlidir. Amma sonuncu orfoqrafiya lüğəti 2004-cü ildə çap edilib. 2012-ci və 2013-cü ildə nəşrinə uğursuz cəhd edilib. 2012-ci ildə nəşr olunan orfoqrafiya lüğəti Prezident Administrasiyası tərəfindən rədd edilib. "Kitabdakı ciddi qüsurlara görə” AMEA Dilçilik İnstitutunun nəşrə məsul əməkdaşlarına xəbərdarlıq edilib və Orfoqrafiya lüğətinin 2012-ci il nəşrinin ləğv edilməsi və satışdan yığışdırılması haqqında göstəriş verilib. 2013-cü ildə nəşr edilən lüğət də eyni aqibətlə üzləşib. Orfoqrafiya qaydaların Nazirlər Kabineti tərəfindən təsdiq edilmədən çap olunan lüğətdə 110 min sözdən təxminən 40 mininin qondarma olduğu bildirilır. Amma lüğət satışdan yığışdırılmayıb. Beləliklə, fərqli mənbələrin əsas götürülməsi kütləvi pozuntulrla nəticələnib. Belə ki, bəzi strukturlar 2004-cü, bəziləri 2013-cü ildə nəşr edilən, hüquqi qüvvəsi lüğəti, bəziləri isə dövlət başçısının imzaladığı "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ı əsas götürüb. Həmin təlimatın 39-cu maddəsində deyilir: "Böyük hərflə yazılması qanunvericilikdə bilavasitə nəzərdə tutulan vəzifələrin adları (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikasının Baş prokuroru və s.) istisna olmaqla, qalan vəzifə adları kiçik hərflə yazılır (Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Bakı Dövlət Universitetinin rektoru, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı və s.).

Nəticədə nazirliklərin saytlarında nazir və müavinlərin vəzifəsi üç fərqli şəkildə yazılması ilə rastlaşırıq:

Sahə və vəzifə adı böyük yazılan nazirliklər:

Kənd Təsərrüfatı Naziri (agro.gov.az)
Səhiyyə Naziri (sehiyye.gov.az)
Vergilər Naziri (taxes.gov.az)
Müdafiə Naziri (mod.gov.az)
Gənclər və İdman Naziri (mys.gov.az)

Sahə adı böyük, vəzif adı kiçik hərflə yazılan nazirliklər:

Fövqəladə Hallar naziri (fhn.gov.az)
Daxili İşlər naziri (mia.gov.az)

Həm sahə, həm vəzifə adı kiçik hərflə yazılan nazirliklər:

təbii sərvətlər naziri (eco.gov.az)
xarici işlər naziri (mfa.gov.az)
energetika naziri (minenergy.gov.az)
maliyyə naziri (maliyye.gov.az)
təhsil naziri (edu.gov.az)
ədliyyə naziri (justice.gov.az)

Türkiyə türkcəsinin təqlidi yolu ilə ədəbi dil normalarının pozulması.

Azərbaycan televiziyaları dil normalarını kobudcasına pozmaqla onu nüfuzdan salır, digər tərəfdən ucuz, şit, bayağı, xaltura verilişlər, qeyri-peşəkar dublyajlar, seriallar öz dilini sevənlərin də xarici (xüsusən Türkiyə) kanallarda yüksək səviyyəli film və verilişlərə baxması ilə nəticələnir. Bunun yekunu olaraq öz dilini sevən insanlar da başqa (rus, Türkiyə türkcəsi, ingilis) dillərin təsiri altına düşmək riski ilə üzləşir.Artıq dilimizin təkcə leksik deyil, həm də qrammatik normalarının pozulması faktları çoxalmaqdadır. Aşağıda verilən nümunələr – yazı başlıqları bunu aydın şəkildə göstərir:

"Cinayətkar” ola biləcəmsə,nə mutlu mənə” (http://karabakhmedia.az)

"Xəstəliklə boğuşanMusa Yaqub: "…bezmişəm daha” – (Sonxeber.az)

"Müəllimiqəribə səbəblə polisə şikayət edən direktor” (XezerXeber.az)

"AZAL-ın "uçan” vədodaq uçuqladanqiymətləri: – "Dünyanın ən baha aviaşirkəti adını özündə saxlayır” (güninfo.az)

Son illər elektron KİV-in sürətlə artması həm də mənbə mətbu orqanda gedən səhvlərin tirajlanması ilə nəticələnir. Saytların maddi-texniki bazasının zəif olması onlara korrektor ştatı saxlanılmır.

Təəəssüf bir sıra rəsmi saytlar da ədəbi dil normalarına düzgün riayət etmir. Bəzən bu saytlarda verilən informasiya rəsmi işgüzar üslubda və anlaşılmaz olur. İstər dövlət, istər özəl strukturların ictimaiyyət üçün açıqlamaları əhalinin bütün kəsimlərinin anlayacağı bir dildə, publisistik üslubda yazılmalıdır. Bu normanın pozulması halları çox geniş yayılıb. Bəzən bu açıqlamaları ilk cəhddən, bəzən isə ümumiyyətlə anlamaq olmur. Beləliklə, ədəbi dil normaları pozulmaqla yanaşı, cəmiyyətin məlumatlandırılması vəzifəsi də yerinə yetirilməmiş qalır.

Bəzən bu mətnlər o qədər anlaşılmaz olur ki, jurnalistlər ifadə edilən fikri sadələşdirə bilmirlər. Aşağıda verilən cümlə hüquq-mühafizə orqanlarından birinin saytından götürülüb. KİV fikri anlamadığına görə, sadəcə, mətnin sonundakı -mışdır şəkilçisini -ıb şəkilçisi ilə dəyişdərməklə kifayətlənib:

"İstintaq-əməliyyat tədbirləri zamanı MMC-nin direktoru Rüstəmovun Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və sonuncunun cinayət məsuliyyətindən azad olunması müqabilində guya işin ibtidai istintaqını aparan şəxsə səlahiyyətlərinin icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətlər etməyə görə 90 min manat məbləğində rüşvət verilməsi üçün ondan həmin rayon sakinindən cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanmışdır” (Prokurorkuq orqanlarının mətbuat xismətinin açıqlaması).

Yüksək rütbəli dövlət məmurların nitqində ədəbi dil normalarının pozulması:

"Sergey Lavrov Bakıda olarkən danışıqlarda bilirəm ki, Yerevanda da danışıqlarda bu məsələyə toxunmuşdu ki, biz mərhələli şəkildə və Rusiya tərəfi də razıdı ki, böyük təhlükəsizlik problemləri biz rastlaşırıq i Siz deyən kimi aprelin əvvəlində bu cəbhə xəttində toqquşma var xeyli əsgərlər tələf olanlar bu da bir daha da sübut edir ki, biz düz istiqamətində fikirləşirik ki, bu hərbçiləri biz gərək ilk növbədə təhlükəsizlik baxımından, deməli, qoşunnnarı geri qaytarax”.

"Hal-hazırda ziyalılardanEHTİRASsəsləri gəlməkdədir”.

"Bina uçarkən, binada 4 adam var idi. Onlardan ikisi xilas olmuş, digər isə"uspet eleyif”çıxa bilməmişlər”.

"Bir balaca yumurtadan da olsa, bir şey hazırlayınmamaaza”.

Bədii əsərlərdə ədəbi dil normalarının pozulması

Aşağıdakı nümunələr etik mülahizələrdən adını çəkmədiyimiz Xalq yazıçısının bədii əsərindən götürülüb.

"Lənət şeytana, iblisə vəonların hamısı köməkçilərinə” (s.45)

"…gənc mütəxəssis böyük bir həvəsləbaşladıVəng dağının ətəyindəki kəndə yola düşməyəhazırlaşdı” (s.72).

"Bəhram kişi isə F.Q.-ya çaydan ləzzətlə dada-dadaöz mavigülər gözlərini qıyıb bu sualı vermişdi” (s.73).

"Afaq kənarda, pəncərəyə yaxın yerdəstula keçib əyləşdi”(s.456)

"…atasıçoban olsa da savadsız, amma ağıllı adam idi”. (s.86) və s.

Bundan başqa, bəzi nümunələr isə göstərir ki, müəllif bədii üslubun tələbləri ilə tam tanış deyil, əsəri yazarkən, digər (əsasən elmi, rəsmi-işgüzar) üslubların təsirindən çıxa bilməyib:

"Bəhram kişi əlindəpadnos (sini), podnosda (sinidə)çay stəkanları evdən çıxdı” (s.67) "Bəhrama kişi özünü hövlnak (təngnəfəs) idarəyə, Mübarizin yanına çatdırdı” (s.92).

"Bəzən material ləngiyəndə ustalar qısa, ya uzun müddətli"perekura” (fasiləyə)çıxır, papirosu papirosa calayıb, tikinti meydançasında orda-burda oturub içdikcə çaydan içə-içə üzü daim qaş-qabaqlı ustabası Zərbəlinin dediyi kimi tikinti "sursatını” gözləyirdilər. Bu zaman xüsusi həvəslə Mübariz ağlına nə gəlirdisə bu ustalara sual dalınca sual yağdırır”. (s.109).

"Baş gicəllənməsi artıq uçub gedən F.Q.-nin isə səsi xeyli"prozaik” (adi)idi” (s.180).

"F.Q.-nin"mısmırığı” (qaşqabağı)heç olmasa indi barı açılsın, üzü, gözü həyətdəki axmaq payız havasını andırmasın”(s.414).

Monitorinq bir daha göstərdi ki, Kütləvi informasiya vasitələrində, reklam lövhələrində, televiziyalarda müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilmir, dildən istifadə qüsurlarına yol verilir.

Vasif SADIQLI

Yazı, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyinin"Azərbaycan ədəbi dilinin qorunması mövzusunda tədbirlərin təşkili” mövzusunda layihəsi çərçivəsində çap olunur


Son xəbərlər
Stadnik dünya çempionu oldu
2019-09-18 16:44:20
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!