Azərbaycan təhsili yeni inkişaf mərhələsində

2019-07-02 13:45:09 / 1568 dəfə oxunub

Təhsil xalqın, millətin və cəmiyyətin var olması üçün əsas faktordur. Dövlət büdcəsindən asılı olan bu sahə hər bir ölkə üçün savadlı bir ordu yetişdirir. Bu ordu ilə istər texniki, istərsə də sosial və digər sahələrdə mühüm inqilablar etmək mümkündür. Bir sıra elm adamları təhsilə ayrılan vəsaitin gələcək üçün ən böyük sərmayyə ehsab edirlər. Təsadüfi deyil ki, Azərbaycanda da təhsil məcburidir. Ailədə yaşı 7 olanlar məktəbə ilk qədəmlərini atmış olur. Təhsildə edilən yeniliklərə görə, hətta məktəbəqədər hazırlıq dərnəkləri də fəaliyyət göstərir ki, bu da yenicə məktəb kolidorlarında addımlayan şagirdin bilik və bacarıqlarının formalaşmasında özünü daha qabarıq şəkildə büruzə edir.

İlk öncə onu qeyd edək ki, Azərbaycanda təhsilin inkişaf etdirilməsi dövlətin prioritet hesab etdiyi sahələrdəndir. Hər il cənab Prezident İlham Əliyev təhsil müəssisələrində yenidənqurma və müasir standartlara cavab verən texnologiyaların tətbiqi ilə bağlı müəyyən sənədlər imzalayır və bu yöndə davamlı addımlar atılır. Heydər Əliyev Fondunun bu sahəyə diqqət və qayğısı nəticəsində Azərbaycanın ən ucqar kənd məktəbində belə təhsil ocaqları təmir olunub, müasir avadanlıqlarla təmin ediliblər. Təsadüfi deyil ki, 2019-cu il dövlət büdcəsində təhsil sektoru üzrə xərclər 2 milyard 275 milyon manatdır. Bu isə ötən illərlə müqaisədə olduqca yüksək məbləğdir. Belə ki, 2018-ci ildə dövlət  büdcəsinin təhsil sektoru üzrə xərcləri 2 milyard 44 milyon manat, 2017-ci ildə isə bu göstərici 2 milyard manat civarında olub. 

Göründüyü kimi 2019-cu ilin təhsil cari ilə nisbətən 231 milyon manat və ya 11,3 faiz çoxdur. Təhsil xərclərinin dövlət büdcəsinin xərcləri tərkibində xüsusi çəkisi 9,2 faiz təşkil edir. Təhsilə qoyulan sərmayə bu sahənin ayrı-ayrı sektorlarında da özünü aydın hiss etdirməkdədir.

Təhsil sosial sahə olduğundan orada baş verənlər barədə mətbuat, ictimaiyyət daha tez məlumat əldə edir. Elə bu sətirlərin müəllifi də mətbuatda dəfələrdə təhsildəki problemlərdən  - "fond pulu”, "süpürgə pulu”, "müəllimlərə hədiyyə” və s. mövzulardan dəfələrlə yazıb. Ən ciddi problemlərdən biri isə, şübhəsiz, müəllim olmaq istəyən şəxslərin get-gələ salınması, əyri yollarla işə götürülməsi, saxta diplomlu şəxslərə "müəllim” adının verilməsi, dərs saatlarını məktəb rəhbərliyi tərəfindən ədalətsiz bölüşdürülməsilə bağlı idi. Bütün bu problemlərə baxmayaraq, Azərbaycan ailəsi övladları təhsildən yayındırmayıblar. Valideylər min bir əziyyətlə qazandıqları pulu övladlarının təhsilinə xərcləməyi əsirgəməyiblər.

Sevindirici haldır ki, son illər təhsildəki nöqsanlarla bağlı mətbuata gedən yazılara aidiyyəti-dövlət qurumları reaksiya verməyə başlayıblar, qüsurların aradan qaldırılması istiqamətinə addım atmağa başlayıblar.

Son illər müəllimlərin işə qəbulu ilə bağlı problemlər demək olar ki, həll olunub. Söhbət qəbul qaydalarının elektronlaşdırılmasından gedir.

Həmsöhbətimiz Mais Əliyev deyir ki, o, Azərbaycan Pedoqoji Universitetinin Fizika müəllimliyi fakültəsini bitirib: "Yaşadığım rayonda yaxın orta məktəblərin birində işləmək istədim. Məni get-gələ saldılar. Tələbləri mənə gülməli gəlirdi. Mən 4 il müəllimlik təhsili almışam ki, kimlərinsə maddi maraqlarını təmin edərək müəllim işləyib? Xöşbəxtlikdən, Təhsil Nazirliyi müəllimlərin işə qəbulunu test üsulu ilə etdi. İmtahan verib yaxınlıqdakı məktəbə düşdüm. Artıq 4-cü ildir ki, müəllim işləyirəm”.

M.Əliyev müəllimlərin diaqnostik qiymətləndirməsindən keçdiyini və bunun maaşına təsir göstərdiyini bildirdi: "Əslində diaqnostik qiymətləndirmə sistemi gənc müəllimlərin inkişafı üçün böyük töhfədir və məktəb rəhbərliyi tərəfindən sıxışdırılmağımızın, dərslərimizin əlimizdən alınmasının qarşısını alır”.

Xatırladaq ki, təhsil sektorunda islahatların aparılması "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda da nəzərdə tutulurdu. Bu fəaliyyət proqramı üzrə nəzərdə tutulan işlər uğurla həyata keçirilib. Artıq təhsil sistemində neqativ hallar demək olar ki, aradan qaldırılıb.  

Buna misal olaraq Milli Fəaliyyət Planında yer alan ali təhsil müəssisələrinin informasiya sistemlərinin formalaşdırılması, tələbələrə verilən arayış və sənədlərin elektron formada əldə edilməsi və təhsil haqlarının elektron formada ödənilməni göstərmək olar.

Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu ilə bağlı elektron xidmətin yaradılması və ümumtəhsil məktəbləri, lisey, gimnaziyalara qəbulla bağlı elektron sənəd qəbulu sisteminin əhatəsinin genişləndirilməsi də uğurla həyata keçirilən işlər sırasındadır.  

Təhsilin Azərbaycan modeli

 

Bu gün Azərbaycan təhsilinin qarşısında duran əsas problemlərdən biri şagirdləri milli-mənəvi dəyərlərə yiyələnmiş bir şəxsiyyət kimi formalaşdırmaqdır. Şagirdlərin mənəvi tərbiyəsinin cəmiyyətin həmişə diqqət mərkəzində olub. Təhsilin əsas vəzifəsi sağlam düşüncəli nəsillər formalaşdırmaqdır.  Tədrisin keyfiyyətcə yaxşılaşdırılması nə qədər vacibdirsə, şagirdlərin şəxsiyyət kimi formalaşması, həmçinin təlim-tərbiyə məsələləri bir o qədər önəmlidir.

1999-cu ildə Heydər Əliyevin imzaladığı fərmanla qüvvəyə minən "Dövlət gənclər siyasəti haqqında” qanun gələcək nəslin inkişafına göstərilən qayğını ifadə edir. "Dövlət gənclər siyasəti haqqında” qanun çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, ölkənin ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir.

2005-ci ildə prezident  İlham Əliyev tərəfindən "Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər) imzalanıb. Proqrama gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası, gənclərin sağlamlığının qorunması sahələrində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması kimi vəzifələr daxil edilib.

Azərbaycanda keçirilən beynəlxalq sviyyəli idman yarışlarında şagird və tələbələrin iştirakı təmin edilib. Eyni zamanda şagird və tələbələr arasında mütəmadi olaraq idman yarışları keçirilir.

Xaricə pul axını

Azərbaycanda aparılan təhsil islahatlarından biri də hər istəyənə ali təhsil almaq hüququ verməkdir. Təhsil hər kəs üçün əlçatan olmalıdır.  Bir çox ölkələr ali təhsilə yiyələnmək arzusu olan hər kəsə bu imkan yaradılır. "Bilik iqtisadiyyatı”nın vacib elementlərindən olan pullu təhsil hər kəs üçün əlçatan olmalıdır. Onsuz da Azərbaycanda imtahanda lazım olan balı toplaya bilməyən imkanlı abituriyentlər dünyanın ən inkişaf etmiş ölkələrində pullu təhsil ala bilirlər. Bununla da hər il ölkədən külli miqdarda vəasit xarici təhsil ocaqlarının büdcəsinə axır. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin qeyd etdiyi kimi: "Belə formada asan ali təhsil əldə etmək üsulundan valideynlər daha çox yararlanırlar. Bu da hardasa "əldəqayırma diplom" əldə etmək sevdasından irəli gəlir. Halbuki belə diplomlar vaxtilə Moskvada metroda da satılırdı. Övladını təhsil üçün xaricə göndərən valideyn ilk növbədə keyfiyyətə üstünlük verməlidir. Valideyn bilirsə ki, onun övladı orta məktəbi güc bəla ilə bitirib bizim təşkil etdiyimiz imtahanlarda nəticə göstərə bilmir və oxumağa meyilli deyil, ancaq onun dünya görüşünün artması üçün xaricə göndərirsə, bu, onun öz seçimidir.  Xaricə gedib o qədər maliyyə vəsaiti verənə qədər ölkədə fəaliyyət göstərən özəl ali təhsil müəssisələrində təhsil almaq olar”.

Azərbaycan dövləti xaricdə təhsil proqramlarına nə qədər dəstək versə də, bununla bağlı narahatlıqlar daim səsləndirilib. Narahatlıqlar baş verən beyin axını, gənclərin xaricdə yad ideologiyaların təsiri altına düşməsi və maliyyə vəsaitinin xaricə axması ilə bağlıdır.

Eyni zamanda son illər Azərbaycanın ali təhsil sistemində də böyük dəyişikliklər baş verib. Ölkədə beynəlxalq standartlara cavab verən ali təhsil ocaqları, bir sıra xarici təhsil müəssisələrinin filialları açılıb. Özəl və dövlət ali təhsil müəssisələrinin tərkibində yerli və xarici mütəxəssislər, professorlar tədrisə cəlb edilib.

Aparılan təhlillər göstərdi ki, Azərbaycanın ali təhsil ocaqlarında verilən tədrisin keyfiyyəti heç də xaricdəki tədrisin keyfiyyətindən geri qalmır. Həmçinin universitetlərimizin xarici professorları, alim və müəllimləri təhsil ocağına dəvət etmək imkanları var. Belə olan halda haqlı sual yaranır. Dövlət nə üçün əlavə xərc çəkib xaricdə təhsil proqramını maliyyələşdirməlidir?

Bir sözlə, ölkədə həyata keçirilən proqramlar uşaq və gənclərin mənəvi psixoloji inkişafı üçün yeni imkanlar açır. Bu da onların pis vərdişlərdən uzaq olmalarında, ölkənin uğurlu gələcəyi üçün layiqli vətəndaş kimi yetişmələrində mühüm rol oynayır.

Yuxarıda sadalanan bütün faktlar Azərbaycan təhsilinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.

 Ədil Ədilzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

 


Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!