Azay Quliyev ATƏT PA-ın yekun iclasında çıxış etdi - MƏTN

2019-07-08 12:30:43 / 1581 dəfə oxunub

ATƏT Parlament Assambleyasının Luksemburqda keçirilən 28-ci illik sessiyasının yekun plenar iclasında ATƏT PA vitse- prezidenti Azay Quliyev çıxış edib.


Sabahinfo.az A.Quliyevin çıxışının mətnini təqdim edir:


"İlk növbədə 28-ci İllik Sessiyanın gözəl təşkil olunması və göstərilən yüksək qonaqpərvərliyə görə Lüksemburq Böyük Hersoqluğuna və Deputatlar Palatasına təşəkkürlərimi bildirirəm.


Biz bir sıra mühüm sənədlərin qəbulu ilə nəticələnmiş çox məhsuldar müzakirələr keçirə bildik. Bu isə ATƏT Parlament Assambleyasının əhəmiyyətinin bilavasitə göstəricisidir və müvafiq olaraq dəyərləndirilməlidir.


Məmnunam ki, Assambleya öz müvafiq qətnamələri vasitəsilə ATƏT-in prinsipləri, öhdəlikləri və dəyərlərinə sadiq qaldığını bir daha sübuta yetirmişdir. Bu gün biz bütöv ATƏT regionuna güclü bir siqnal göndəririk ki, bizim prinsiplərimiz və öhdəliklərimiz ikili standartlar və coğrafi selektivlikdən azad şəkildə bərabər və şərtsiz tətbiq olunmalıdır.


Biz bir daha təsdiqlədik ki, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığı prinsipləri daxil olmaqla, Helsinki Yekun Aktının prinsipləri üzv dövlətlər arasında mövcud olan münaqişələrin həlli üçün bünövrəni təşkil edir.


Biz həmçinin insan hüquqlarının və fundamental azadlıqların universallığını, eləcə də etnik və dini ayrıseçkilikdən uzaq şəkildə bütün vətəndaşlarımıza münasibətdə bərabər qaydada tətbiq edilməli olduğunu təsdiqlədik. Bu xüsusilə münaqişələr nəticəsində yaşadıqları yerləri zorla tərk etməli olmuş məcburi köçkünlərin insan hüquqlarının müdafiəsi üçün doğrudur.


Mən həmçinin təmsil etdiyimiz ölkələrin vətəndaşlarının rifahının artırılması və iqtisadi inkişafa nail olmaq məqsədlərinə çatmaq üçün əməkdaşlığımızın əhəmiyyətini bir daha təsdiqlədiyimizlə bağlı məmnuniyyətimi bildirmək istərdim. Biz enerji mənbələrinin və onların təchizat marşrutlarının şaxələndirilməsinin əhəmiyyətini vurğuladıq. Bunula yanaşı, biz ticarət və nəqliyyat prosedurlarının sadələşdirilməsi vasitəsilə əlaqəliliyin möhkəmləndirilməsi məqsədini güdən İpək Yoluna Dəstək Qrupunun məhsuldar iclasını keçirdik. Qrup dialoqun təşviqi və parlament nəzarətinin təmin edilməsi üçün səmərəli bir platformadır və mən bu təşəbbüsə daha çox yeni üzvlərin qoşulmasını salamlayıram.


Sessiya göstərdi ki, bütün fərqlər və mümkün fikir müxtəlifliyinə baxmayaraq, biz, parlamentarilər, vahid məqsəd – Vladivostokdan növbəti İllik Sessiyamızın keçiriləcəyi Vankuverə qədər böyük bir ərazidə beynəlxalq hüquq və normaların təşviqi ideyası ətrafında birləşə bilirik.


Əməkdaşlığınız üçün sizə bir daha təşəkkür edirəm!”


Son xəbərlər
TƏBRİK
2019-09-02 12:02:59
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!