İlham Əliyev: Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir

2019-07-10 15:51:05 / 292 dəfə oxunub

Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələri ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib: "Mən MEDEF-dən belə böyük nümayəndə heyətini görməyə şadam. Bu, bizim əməkdaşlığımızın yaxşı nümunəsidir. Bilirsiniz ki, mən Parisdə və Bakıda MEDEF-in üzvləri ilə dəfələrlə görüşmüşəm. Üç il əvvəl böyük bir nümayəndə heyətinin səfərini xatırlayıram və indi müxtəlif şirkətlərin 40 nümayəndəsi ölkəmizdə səfərdədir. Bu, həqiqətən də tərəfdaşlığımızın çox yaxşı nümunəsidir. Bu, Azərbaycanda fəaliyyət göstərməyə böyük marağın olduğunu nümayiş etdirir. Sizin təmsil etdiyiniz bir çox şirkətlər ölkəmizdə müxtəlif layihələrdə artıq iştirak edir.

Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir. Hazırda biz əsasən iqtisadiyyatımızın şaxələndirilməsi üzərində işləyirik. Çünki, bu, əsas prioritetdir. Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir. Biz iqtisadiyyatımızın şaxələndirilməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, asan deyil, lakin düşünürəm ki, biz yaxşı irəliləyişə nail olmuşuq.

Prezident İlham Əliyev bu ilin iqtisadi göstəricilərinə nəzər salaraq bildirdi ki, qeyri-enerji sektoru 3 faizdən çox artıb və kənd təsərrüfatında bu il rekord həcmdə, təxminən 13 faiz artım olub. Qeyri-enerji sənayesində isə artım təxminən 15 faiz təşkil edir. "Bu, onu göstərir ki, şaxələndirmə yaxşı nəticələr verir”, - deyən dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, yerli və xarici şirkətlərin fəal iştirakı ilə Azərbaycan öz məqsədlərinə çatacaq. Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycanda bir çox görüşlər keçirəcəyini deyərək səfərin çox səmərəli keçəcəyinə ümidvar olduğunu bildirdi".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!