Nəcməddin Sadıkov NATO generalı ilə görüşdü

2019-07-10 17:57:17 / 2620 dəfə oxunub
Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov iyulun 10-da Azərbaycanda işgüzar səfərdə olan NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı, general Tod Voltersin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

General-polkovnik N.Sadıkov qonağı salamlayaraq onu yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib və uğurlar arzulayıb.

Azərbaycan ilə Şimali Atlantika Alyansı arasında 25 illik dayanıqlı əməkdaşlıqdan danışan Baş Qərargah rəisi bu əlaqələrin inkişaf etdiyini, Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyətini və ölkəmizin Əfqanıstandakı "Qətiyyətli Dəstək” Missiyasına verdiyi töhfəni qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov NATO-nun ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirərək Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində, general T.Volters Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.

General T.Volters NATO-nun Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini bildirərək Alyansın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Qonaq səmimi qəbula və göstərilən qonaqpərvərliyə, həmçinin Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşün keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!