Azərbaycanda çayçılıq ənənələri

2019-06-06 18:23:52 / 854 dəfə oxunub
Azərbaycanda çayçılığın bir əsrdən artıq tarixi var. Azərbaycana ilk dəfə çay bitkisinin hələ XIX əsrin sonlarında gətirildiyi deyilsə də rəsmi mənbələrdə bu 1912-ci il kimi göstərilir. İlk çay fabriki isə 1937-ci ildə Azərbaycanın cənub bölgəsi olan Lənkəranda istifadəyə verilib. Bundan sonra isə artıq kütləvi çay istehsalına başlanılıb. Sürətlə inkişaf edən çayçılıq sovetlıər dönəmində o həddə yüksəlmişdi ki, Azərbaycan çayı SSRİ-nin 200-ə yaxın şəhərinə və bir sıra xarici ölkələrə ixrac edilirdi. Çayçılıq üçün olduqca əlverişli olan Azərbaycanın cənub bölgəsinin bərəkətli torpaqlarında yetişən çay yarpaqları öz tərkibindəki göstəricilərə görə yalnız dünyanın ən keyfiyyətli çayları ilə müqaisə oluna biləcək səviyyədədir. Belə ki, Azərbaycan çayının tərkibində 28-30 % çayda əsas keyfiyyət göstəricisi olan tanin, 5-6 % kofein, 46-50 % ekstratlı maddələr var. Xoş ətri, zərif dadı və gözəl rəngi ilə insanların sevgisini qazanan AZərbaycan çayı qısa müddət sonra hər bir azərbaycanlının əvəzolunmaz gündəlik içkisinə çevrildi. Çay içkisi insanlar tərəfindən o qədər mənimsənildi ki, artıq bir azərbaycanlı ailəsinin qurulmasının ilk razılıq əlaməti olaraq çaya şəkər qatmaqla elçilərə təqdim etmək milli adət halı alıb. Yaşlı və gənc insanların dost məclislərində çay süfrəsi əvəzsiz nemətə çevrilib.

Azərbaycanda çayçılığın mövcud vəziyyəti

Ölkəmizdə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilmiş, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılmışdır. Bu sahənin inkişafı 70-80-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon kubmetr olan Xanbulançay, 1986-cı ildə Masallı rayonunda tutumu 46 milyon kubmetr olan Viləşçay su anbarları tikilərək istifadəyə verilmişdir. Həmin dövrdən etibarən çay plantasiyalarının sahəsi genişləndirilərək 13,4 min hektara, yaşıl çay yarpağı istehsalı 34,5 min tona çatdırılmışdır. Eyni zamanda, ölkədə çay yarpağı emal edən 14 müəssisənin və 2 çayçəkici fabrikin tikilməsi ildə 45 min ton çay yarpağının emalına imkan yaratmış, ölkə əhalisinin quru çaya olan ehtiyacının 65-70 faizinin yerli istehsal hesabına ödənilməsini təmin etmişdir. Aparılan elmi araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir. Bununla belə, 1990-cı illərdən etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlamış və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşmüşdür. Lakin bu vəziyyəti aradan qaldırmaq üçün 2016-cı ildən başlayaraq çayçılığın inkişafına məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, məhsul istehsalı isə 42,2 faiz artaraq 775,2 tona çatmışdır. Qeyd edək ki, çayçılığın təşkilinin, çay istehsalının tənzimlənməsinin və çay məhsullarının keyfiyyətinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən edən "Çayçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ölkədə çayçılığın inkişafı üçün əlverişli mühit yaratmışdır. Həmçinin ölkədə çayçılığn inkişafı məqsədilə xüsusi Dövlət Proqramı qəbul edilib. Hesablamalara görə, sözügedən Dövlət Proqramı ölkədə çay əkini sahələrinin genişləndirilməsi sahəsində aparılan işlərin daha da sürətləndirilməsinə təkan verəcək.

Yeri gəlmişkən xatırladaq ki, ötən il Azərbaycana 12 min 600 ton çay idxal edilib. Bu məqsədlə ölkədən 45 milyon dollar vəsait çıxarılıb. Mütəxəssislər hesab edir ki, Azərbaycanın çay istehsalı potensialı nəinki idxalı əvəz etməyə, hətta ixracı artırmağa da imkan verir. Azərbaycanın çay istehsalçısı kimi əsas üstünlüklərindən biri - dünya bazarına indi böyük tələbat olan orqanik məhsullarla çıxa bilməsidir. Ölkəmizin təbii-iqlim şəraiti daha az gübrə və kimyəvi preparatlardan istifadə edərək ekoloji təmiz məhsul – bioçay istehsalına imkan verir. Ekspert Mmüslüm İbrahimov deyir ki, dünya standartlarına uyğun bioçay istehsal etmək üçün daha da çox kapital tələb olunur: "Ancaq Azərbaycan isə bioçayı istehsal etməklə həm ekoloji təmiz çay istehsal etməyə başlayır, həm də bazara öz məhsulunun daha baha qiymətə çıxara bilir. Ümumiyyətlə bioçayın dünya bazarında satılması qiyməti nisbəti götürəndə, daha da qalxıb və bu, bizə böyük xeyir verəcək. 20-30 il əvvəl qiymətdə fərq çox az idi. Ancaq indi bioçayın qiyməti daha da qalxıb”. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Lənkərənda keçirdiyi müşavirə zamanı qeyd etdiyi kimi çayçılıqla bağlı əsas hədəflərdən biri Azərbaycan çayının son məhsul kimi ixracına nail olmaqdır. Dövlət başçısı qeyd edib ki, indi bir çox hallarda idxal edilən xammal paketlənərək ixrac olunur. Əgər milli xammal əsasında son məhsul ixracı genişlənərsə, bu, ölkəyə daha çox valyuta daxil olmasına səbəb olar. Prezident bu sahəyə dövlət dəstəyinin davam edəcəyini bildirib.

Ramal

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyinin həyata keçirdiyi "Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı barədə fermerlərin məlumatlandırılması " layihəsi çərçivəsində çap olunur.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!