Cənub bölgəsində çayçılıq təsərrüfatlarının inkişafına xüsusi önəm verilir

2019-06-09 17:26:34 / 615 dəfə oxunub
Azərbaycanda çayçılıq sahəsinin inkişafı qədim tarixə malikdir. Hələ qədim zamanlardan başlayaraq müasir dövrə qədər ölkədə ən müxtəlif növdə çay məhsulları yetişdirilib. Əslində ölkəmizin iqlim şəraiti bu növ məhsulun yetişdirilməsi üçün münbit şərait yaradır. Elə bu səbədən də Azərbaycanın ayrı-ayrı bölgələrində çayçılığın inkişafına diqqət yetirilib. Xüsusən, respublikanın cənub bölgəsində çayçılıq geniş yayılıb, hazırda da bu sahənin inkişafına önəm verilir. 

Məlumat üçün qeyd edək ki, Lənkəran-Astara bölgəsində çayçılığın inkişaf etdirilməsinə dair ilk dövlət qərarı 1931-ci ildə olmuşdur. Həmin dövrdən keçmiş SSRİ-nin ikinci çayçılıq bazasının Azərbaycanda yaradılması qərara alınmışdır. 1932-ci ildə ilk çayçılıq təsərrüfatı Lənkəran rayonunun keçmiş Kirov, indiki İstisu qəsəbəsində yaradılmışdır. İlk çay fabriki də 1937-ci ildə İstisu qəsəbəsində qurulmuş və çayın kütləvi istehsalına da bundan sonra başlanmışdır. Azərbaycanda yerli çayın istehsalı 1980-cı illərin ortalarında maksimuma çatıb. Çox keçmədən 6 rayonun 63 təsərrüfatında 3413 hektardan çox çay plantasiyası salınmış, 14 çay emal edən, 2 çayçəkici və qablaşdırıcı fabrik fəaliyyətə başlamışdır.

Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə tutumu 52 milyon kubmetr olan Yuxarı Xanbulançay dəryaçasının istifadəyə verilməsi Lənkəranda əkin sahələrinin, o cümlədən çay plantasiyalarının genişlənməsinə, məhsul istehsalının artımına və 30 mindən çox sakinin daimi işlə təmin edilməsinə səbəb olmuşdur. Həyata keçirilən tədbirlər sayəsində kənd təsərrüfatı məhsullarının həcmi ildən-ilə artmış, təkcə 1988-ci ildə rayonda 6 min 878 hektar sahədən rekord səviyyədə - 16 min 335 ton yaşıl çay yarpağı yığılmışdır. Lənkəran çayı 1981-ci ildə Almaniyanın Leypsiq şəhərində keçirilən müsabiqədə "Azərbaycan buketi" mükafatına və qızıl medala layiq görülmüşdür. Lakin 1990-cı illərdən başlayan məlum hadisələr nəticəsində ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlamış və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşmüşdür. Ölkə demək olar ki, 99,9 faiz çay idxal edən dövlətə çevrilmişdir. Lakin ölkə rəhbərliyi bu neqativ prosesi durdurmaq üçün bir sıra önləyici tədbirlərə əl atdı. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra çayçılığın bərpası üçün ciddi tədbirlər görüldü. Azərbaycanda çayçılıqda davam edən tənəzzülü dayandırmaq, çay sahələrini yenidən bərpa etmək üçün çayçılığın təşkilinin, çay istehsalının, habelə çay məhsullarının keyfiyyətinin təmin edilməsi və digər məsələlərin tənzimlənməsi məqsədilə 2002-ci il dekabrın 17-də "Çayçılıq haqqında” Qanun təsdiqlənmişdir.
Çayçılığın inkişafına, məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, məhsul istehsalı isə 775,2 tona çatmışdır. Son illərdə Prezident İlham Əliyev tərəfindən qeyri-neft sektorunun uğurla inkişaf etdirilməsi, aqrar sahənin inkişafının da ön plana çəkilməsi, kənd təsərrüfatı məhsulları, o cümlədən çay yarpağı istehsalçılarına, çay tingi yetişdirənlərə subsidiyaların, güzəştli qaydada mineral gübrələrin verilməsi bu sahədə çalışanlara əlavə stimul vermişdir. "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”, "Kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam”, "Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam və digər mühüm qərarlar aqrar sahənin, o cümlədən çayçılığın inkişafında yeni bir mərhələ açır. Nəhayət, 12 fevral 2018-ci ildə qəbul edilən "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” çayçılığın inkişaf istiqamətlərini müəyyənləşdirən əsas sənəd olmuşdur. Dövlət Proqramında deyilir: "Proqramın həyata keçirilməsi Azərbaycanda çayçılıq ənənələrinin inkişaf etdirilməsinə, rəqabətin qorunmasına, çaya olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, çay emalı məhsullarının ixracının və çayçılıqla bağlı digər sahələrin inkişafına və çayçılıq rayonlarında əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə, ölkənin ümumi aqrar potensialını gücləndirəcək.”

Hazırda cənub bölgəsində yeni çay növlərinin inkişafına üstünlük verilir. Belə ki, Lənkəran Regional Elmi Mərkəzi və Meyvəçilik və Çayçılıq ET İnstitutunun birgə yaratdıqları müxtəlif forma və klonları üzərində aparılan elmi-tədqiqat işlərinin nəticəsində 2015-ci ildə üç yeni çay forma və klonları, Dövlət Sort Sınağına qəbul olunmuş, hərtərəfli öyrənilmiş bu perspektiv klon və formalar təsərrüfat göstəricilərinə görə rayonlaşdırılmış çay seleksiya sortundan – nəzarət variantından ("Azərbaycan-2”) çox yüksək göstəricilərə malik olması təsdiqini almışdır. Mütəxəssislərin qənaətinə görə, gələcəkdə bu sortların artırılıb təsərrüfatlara verilməsi ölkə ərazisində çayçılığın intensiv inkişafına böyük təkan verəcək.

Adil

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyinin həyata keçirdiyi "Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı barədə fermerlərin məlumatlandırılması " layihəsi çərçivəsində çap olunur.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!