Azərbaycanda çayçılığın inkişafına dair elmi tədqiqatlar aparılır

2019-06-11 18:08:28 / 1837 dəfə oxunub
Çayçılın inkişafı gəlirli sahə hesab olunduğundan ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirilir. Hesab olunur ki, yeni cay sortlarının idxalı nəticəsində ölkəyə külli miqdarda valyuta axınını təmin etmək olar. Faktdır ki, artıq Azərbaycan brendi hesab olunan yeni çay növləri dünya bazarında özünəməxsus yer tutub. Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanda "Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” qəbul edilib. Dövlət proqramının icrası nəticəsində Azərbaycanda 2027-ci ilədək çay plantasiyalarının 3000 hektara, yaşıl çay yarpağı yığımının 8,5 min tona çatdırılması nəzərdə tutulur. 

Dövlət Proqramında "Çayçılığın inkişafının əsas istiqamətləri” bölümündə, çay bitkisinin əkin sahələrinin genişləndirilməsi və intensiv becərmə texnologiyalarının tətbiqi hesabına çay istehsalının artırılması nəzərdə tutulur. Belə ki, Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında göstərilir ki, yeni çay sortlarının yaradılması, mövcud sortların anaclıq sahələrinin genişləndirilməsi və vegetativ üsulla əkin materialının yetişdirilməsi ön plana çəkilməlidir. Məhz Dövlət Proqramının icrası məqsədilə ölkədə fəaliyyət göstərən elmi tədqiqat institutları yeni növ çat axtarışını davam etdirilər. Elə bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Mərkəzinin əməkdaşları İlkin Hüseynov və Famil Əhmədov Azərbaycan Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun (AMÇETİ) Lənkəran filialını ziyarət ediblər. Məqsəd "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı olub. AMEA Lənkəran Regional Elmi Mərkəzinin (LREM) direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Fərman Quliyevlə görüşdə qonaqlara çayçılığın iqtisadi səmərəliliyi, bu sahənin inkişafı üçün yeni çay sortlarının yetişdirilməsinin vacibliyi, eləcə də Dövlət Proqramının icrası ilə bağlı görülən işlər barədə məlumat verilib. Professor bildirib ki, müasir elmi biliklərdən yararlanmaqla çayçılıq inkişaf etdirilməli, fermerlər arasında ciddi təbliğat işləri aparılmalıdır. AMÇETİ ilə LREM arasında bağlanmış əməkdaşlıq müqaviləsini xatırladan alim birgə elmi təcrübə sahəsinin formalaşdırıldığını və onun elmi rəhbərliyi altında böyük perspektivli 4 yeni çay sortunun yetişdirildiyini söyləyib. F.Quliyev intensiv sortların artırılması üçün AMÇETİ-nin Lənkəran filialının sahəsində anaclıq plantasiyasının salınmasının və ayrı-ayrı fermer təsərrüfatlarına bu çay sortlarından əkin materialları üçün verilməsininin zəruriliyini vurğulayıb.

Tanınmış alim Fərman Quliyev Azərbaycanın çay plantasiyalarının məhsuldarlığının və məhsulun keyfiyyətinin yaxşılaşdırılmasında çayın yeni sort və klonlarının yaradılması, onların kəndli fermer təsərrüfatlarına tətbiq edilməsini bu sahənin inkişafında ən mühum şərtlərdən saydığını bildirib. Qeyd edib ki, bu məqsədlə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi ilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun (ETİ) Lənkəran çay filialı bazasında elmi-tədqiqat işlərinin müştərək aparılması üçün müvafiq razılıq əldə olunub və əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, professor Fərman Quliyevin elmi rəhbərliyi altında "Çay bitkisinin sort və formalarının toplanması, Lənkəran-Astara bölgəsi şəraitində introduksiya olunması, öyrənilməsi, ən qiymətlilərinin seçilməsi, yeni sortların yaradılması” mövzusu üzrə tədqiqat işləri aparılıb. 

Tədqiqatlarda uzun illərdən bəri çay bitkisinin 50-dan çox sort və formaları toplanaraq Lənkəran çay filialının eksperimental kolleksiya plantasiyasında müqayisəli sınaqdan keçirilib və bir sıra uğurlar əldə edilib. Yeri gəlmişkən xatırladaq ki, bir müddət öncə dövlət başçısı İlham Əliyevin Cənub bölgəsinə səfəri çərçivəsində Lənkəranda çayçılıq, çəltikçilik və sitrus meyvəçiliyinin inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Bu müşavirənin əsas məqsədi aqrar sahənin inkişafını daha da sürətləndirmək, fermer təsərrüfatının bazasını möhkəmləndirməkdən ibarət olub. Dövlət başçısı tərəfindən "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi deməyə əsas verir ki, ölkədə bu sahənin inkişafına xüsusi önəm verilir və iqtisadiyyatın dayanıqlığının təmin olunmasında bu sahənin rolu dəyərləndirilir. Onu da qeyd edək ki, ölkəmizin çay və subtropik bitkilər üzrə ən böyük mütəxəssisləri tərəfindən əldə edilən elmi və praktiki nailiyyətlər ümid verir ki, cənub bölgəsində çayçılığı ən yeni üsullarla inkişaf etdirmək, daha məhsuldar, təbii iqlim şəraitinə dözümlü yeni çay sortlarından isifadə etməklə Dövlət Proqramında nəzərdə tutulmuş vəzifələrə daha səmərəli yolla çatmaq mümkün olacaq.

Orxan

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyinin həyata keçirdiyi "Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı barədə fermerlərin məlumatlandırılması " layihəsi çərçivəsində çap olunur.
Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!