Çayçılıq yüksək ixrac qabiliyyətinə malik olan sahədir

2019-06-14 15:33:40 / 953 dəfə oxunub
Ölkəmizin əlverişli iqlim və keyfiyyətli torpaq şəraiti, mövcud işçi qüvvəsi qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bütün sahələrin, o cümlədən aqrar sahənin inkişafına münbit şərait yaradır. Ölkədə çayçılığın inkişafının yeni mərhələyə qədəm qoyması da buna əyani misaldır. Bu sahədə olan istehsal artımı digər ölkələrə çay ixracına şərait yaradır. Azərbaycan çay idxalı ilə yanaşı, istehsal etdiyi çay məhsullarının bir qismini də ixrac edir. 

Statistik məlumata görə ölkədən 3 milyon dollar dəyərində çay ixrac edilib. İxrac potensialının artması ölkədə valyuta axınına birbaşa olaraq şərait yaradır. Məhz bu amil nəzərə alınaraq ölkədə çayçılıq təsərrüfatlarının inkişafına xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyevin Cənub bölgəsinə səfəri çərçivəsində Lənkəranda çayçılıq, çəltikçilik və sitrus meyvəçiliyinin inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirildi. Bu müşavirənin əsas məqsədi aqrar sahənin inkişafını daha da sürətləndirmək, fermer təsərrüfatının bazasını möhkəmləndirməkdən ibarət idi. Bu sahənin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, çayçılıq, çəltikçilik və sitrus meyvəçiliyi əsasən Lənkəran bölgəsində inkişaf edib: "Bu bölgənin subtropik iqlimi və sarı torpaqları olduğu üçün Lənkəranda çayın və sitrus meyvələrinin yetişdirilməsinə şərait var. Sovet dövründə Lənkəran çayçılıq və sitrus meyvəçiliyi bölgələrindən biri idi. Həmin dövrdə respublikamızda 35 min tondan çox yaşıl çay yarpağı istehsal edilirdi. Sonradan istehsal 500 tona düşdü. Lakin son dövrlər görülən tədbirlər nəticəsində həm istehsal min tonu, həm də çay plantasiyaları 1000 hektarı keçib. Bu da təqdirdəlayiq haldır”. İqtisadçı, həmçinin qeyd edib ki, çayçılıq, çəltikçilik və sitrus meyvəçiliyi Azərbaycanda yüksək ixrac qabiliyyətinə malik olan və daha çox gəlir gətirən sahələrdir: "Dövlət başçısı Lənkəranda keçirilən müşavirədə də qeyd etdi ki, hazırda ölkəmizə çay idxalı ixracdan çoxdur. Lakin biz ixracı artırmalı, idxalı azaltmalıyıq. Prezident İlham Əliyev Lənkəranda keçirilən müşavirədə bununla da bağlı öz tapşırıq və tövsiyələrini verdi. Hesab edirəm ki, bu müşavirədən sonra sözügedən sahələrin inkişafında böyük dönüş yaranacaq. Daxili bazarlarda sözügedən məhsullara tələb yüksəkdir, eyni zamanda, böyük ixrac imkanı vardır. Onu da qeyd edim ki, bu məhsulların idxalı ilə bağlı Azərbaycan il ərzində 100 milyon dollara yaxın vəsait sərf edib. 

Azərbaycan təxminən il ərzində 45 milyon dollar çay, 37 milyon dollar düyü idxalına vəsait sərf edir. O, deməkdir ki, bu sektor daha da inkişaf etdirilməlidir. Bu gün biz çayçılığa diqqət yetirsək görərik ki, son bir ildə dünya bazarında çayın qiyməti təxminən 30% artıb. Eyni zamanda qonşu ölkələr olan Türkiyə, Rusiya və Qazağıstan adambaşına çay istehlakına görə dünyada ilk 15-liyə daxil olan ölkələr sırasındadır. Çayçılığın inkişaf etdirilməsi nəticə etibarilə ölkənin ixrac qabiliyyətini artıracaq və daha çox məhsullarını qonşu ölkələrə daxil olmadan xarici bazarlara çıxış imkanını genişləndirəcək ki, bu da Azərbaycanın qeyri-neft ixracatının inkişaf etdirilməsi baxımından vacibdir. O baxımdan bu müşavirə həm ölkədə aqrar məhsullara olan tələbin yerli istehsal hesabına ödənilməsi, valyutanın ölkədə qalması, həm də Azərbaycanın qeyri-neft məhsullarının ixrac imkanını artırması baxımından vacibdir ki, nəticə etibarilə bu da ölkəyə daha çox valyutanın daxil olmasına şərait yaradacaq”.

İqtisadçı ekspert deyib ki, böyük bazarlara ixracın təmin edilməsi üçün ilk olaraq daxili tələbin ödənilməsi zərurəti var. Mövcud potensialın qiymətləndirilməsi ondan xəbər verir ki, yaxın illərdə Azərbaycan çay ixracatını artırmaq imkanına malikdir. Çay qeyri-neft sektorunda prioritet istiqamətlərdən biridir. Çay ixracatının artması növbəti illərdə bu istiqamətdən ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradacaq. İxrac artımına təsir edən əsas amillərdən biri isə istehsal potensialının artmasıdır. Hazırda mövcud çay plantasiyalarında görülən işlər, əkin sahələrinin artırılması, çayçılığın inkişafına göstərilən dövlət qayğısı da çay istehsalının daha sürətli inkişafına şərait yaradır. Çayçılıqla məşğul olan kənd təsərrüfatı işçiləri də qeyd edirlər ki, hazırki vəziyyəti nəzərə alsaq, növbəti illərdə daha çox məhsul artımı gözlənilir. Buna görə də bütün aqro-texniki tədbirlər görülüb, çay sahələrinin gübrələnməsi, şumlanması tədbirləri həyata keçirilib. Bu baxımdan cavan sahələrdən də bu il əlavə məhsul götürmək imkanı yaradılıb. Bu da ümumi məhsulun artımına gətirib çıxara bilər. Əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan çayı Yaxın Şərq və Avropa ölkələrinə ixrac olunsun. O baxımdan istehsalın genişləndirilməsi növbəti mərhələdə daha böyük bazarlara yerli çayın ixrac edilməsi imkanını yarada bilər. Yeri gəlmişkən xatırladaq ki, çay ölkəmizdə ümumi ixracın 0.04 %-ni təşkil edir.

Aynur

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyinin həyata keçirdiyi "Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı barədə fermerlərin məlumatlandırılması " layihəsi çərçivəsində çap olunur.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!