Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin üçtərəfli iclası keçirilib

2019-07-15 18:50:28 / 2097 dəfə oxunub

İyulun 15-də Milli Məclisin sədri Oqtay Əsədov Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli toplantısının iştirakçıları ilə görüşüb.

Spiker üçtərəfli görüşün parlamentlərarası münasibətlərimizin daha da inkişafına dəyərli töhfə verəcəyinə inamını bildirib. Qeyd edib ki, bu cür görüşlərin müntəzəm keçirilməsi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Görüşdə bildirilib ki, bu formatda tədbirlərin keçirilməsi ənənəsi 2014-cü ilin aprelində məhz Bakıda yaranıb. Sonrakı görüşlər müvafiq olaraq Gürcüstanda və Türkiyədə keçirilib. Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əsasda əməkdaşlıq həm ölkələrimizin liderləri, həm də ayrı-ayrı struktur təşkilatlarımızın rəhbərləri arasında formalaşdırılıb. Bu cür çoxtərəfli əməkdaşlıq platformasının qurulması anlaşılan bir haldır, çünki Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq regional sülhün və sabitliyin, hərtərəfli inkişafın əsas dəstəkləyici amillərindən biridir. Azərbaycan, Türkiyə və Gürcüstan Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunması və möhkəmləndirilməsində maraqlıdır. Azərbaycanın ayrı-ayrılıqda həm Türkiyə, həm də Gürcüstan ilə yüksək səviyyəli, strateji xarakterli əlaqələri mövcuddur. Bu əlaqələr gündən-günə inkişaf edir.

Spiker belə bir fikri vurğulayıb ki, qloballaşan dünyada dövrün çağırışlarına cavab vermək baxımından hər üç ölkə parlamentindəki xarici əlaqələr komitələri üzvlərinin, o cümlədən beynəlxalq təşkilatlarda təmsil olunan digər deputatların mütəmadi görüşləri çox önəmlidir.

Türkiyə və Gürcüstan nümayəndələri Azərbaycan parlamentində yüksək səviyyədə təşkil olunmuş bu tədbirə verdiyi dəstəyə görə Spiker Oqtay Əsədova təşəkkür edib, üçtərəfli görüşün nəticələrini yüksək dəyərləndiriblər. Bildirilib ki, belə tədbirlər regionda baş verən proseslərin müzakirəsi, həyatın müxtəlif sahələrində əlaqələrin daha da dərinləşməsi üçün uğurlu platformadır.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Volkan Bozkır, Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər iştirak ediblər.


Son xəbərlər
Nazir yeni rəis təyin etdi
2019-10-16 16:12:57
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!