Cənub bölgəsində yeni çay plantasiyaları salınır

2019-06-17 15:39:00 / 1264 dəfə oxunub
Ölkədə çayçılıq sahəsində mütərəqqi sığorta mexanizmi yaradılacaq. Bu, çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulub. Tədbirlər Planının bu bəndini Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası icra edəcək. Eyni zamanda, Tədbirlər Planına əsasən çayçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi baza təkmilləşdirilməli, standartlar beynəlxalq tələblərə uyğunlaşdırılmalı, çay istehsalı və emalı sahəsində keyfiyyətə nəzarətin təkmilləşdirilməsi və daxili bazarın qorunması üçün təkliflər hazırlanmalı, çayçılıq sahəsində fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyası təşviq edilməli, çayçılıq sahəsində mütərəqqi təcrübəsi olan xarici şirkətlərlə əlaqələrin genişləndirilməsi dəstəklənməlidir. Həmçinin çayçılıq sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, çayçılığın infrastruktur təminatının yaxşılaşdırılması, bu sahədə dövlət dəstəyi tədbirləri, marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqi kimi məsələlər də nəzərdə tutulub. Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 12-də "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Kənd Təsərrüfatı Nazirliyi isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Prezidentə məlumat verməlidir. Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib ki, rayonları üçün ən perspektivli sahələrdən biri də çayçılıqdır: "Ötən əsrin 70-80-ci illərində çayçılıq Astara rayonunda ən yüksək inkişaf mərhələsinə çatmış və 3 min hektar çay plantasiyasından 7 min tona qədər məhsul istehsal edilmişdi. Həmin dövrdə çay plantasiyalarında işləyənlərin sayı 12 min nəfərdən çox olmuşdu. 1990-cı illərin əvvəllərində diqqətdən kənarda qalan çay sahələri tədricən sıradan çıxmışdır. Torpaq islahatı aparılan zaman çayçılıq üçün əlverişli olan torpaqlar sakinlərə pay torpağı, çay kolları isə əmlak kimi verilmişdir. Pay torpağından tədarük etdiyi yaşıl kütləni təhvil verməyə yer tapmayan mülkiyyətçi çox əziyyətlər bahasına başa gəlmiş və məhsuldarlığının ən yüksək mərhələsində olan kolları qıraraq odun kimi istifadə etmişdir. Hazırda rayonumuzda mövcud olan 345 hektar çay plantasiyasından 188 hektarı bərpa olunan, 157 hektarı isə yeni salınan çay sahələridir. Ötən il 1500-dək sakinimizin çalışdığı plantasiyalardan 646 ton yaşıl çay yarpağı tədarük edilib. Cari ildə isə bu göstəricinin 1000 tona çatdırılması nəzərdə tutulur”. O, həmçinin qeyd edib ki, 2015-ci ilin aprel ayında "Astaraçay” çay emalı fabrikinin açılışı zamanı cənab prezidentin qeyd etdiyi "əminəm ki, vaxt gələcək, Azərbaycan öz çayını daha da böyük həcmdə dünya bazarlarına çıxaracaqdır” çağırışından ruhlanan çayçılar rayonun əvvəlki şöhrətini qaytarmaq əzmindədirlər. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov isə qeyd edib ki, cənab prezidentin tapşırığına əsasən, əvvəllər bu bölgənin ən gəlirli sahəsi olan çayçılığın inkişaf etdirilməsi məqsədilə dağlıq ərazidə yeni texnologiyaya əsaslanan 42 hektar çay plantasiyası salınıb, 60 hektarda isə əkin işləri yaxın aylarda başa çatdırılacaq: "Bu əraziyə rayonun daxili imkanları və digər maliyyə mənbələri hesabına 11 kilometr asfalt, 6 kilometr çınqıl döşənərək yol çəkilib, "Azərsun” şirkəti tərəfindən suvarma sistemi qurulub. Hazırda burada 50-yə yaxın iş yeri yaradılıb. "Azərsun” şirkəti tərəfindən daha 200 hektara qədər sahədə çay plantasiyasının salınması üçün torpaq mülkiyyətçiləri ilə danışıqlar aparılır”. O, qeyd edib ki, yaxın illərdə çay plantasiyasının rayonda ən azı 1400 hektara çatdırılmasına imkan var: "Prezidentin tapşırığına əsasən 1000 hektarı əhatə edən yeni çay plantasiyasının salınması üçün hazırlıq işləri görülüb. Torpaq mülkiyyətçiləri ilə maarifləndirmə işləri, müvafiq nazirliklərin, "Astaraçay” şirkətinin rəhbərliyi ilə müzakirələr aparılıb və ilkin razılaşmalar əldə olunub. Həmin sahələrdə bu ilin payızından başlayaraq çay əkinlərini aparmaq mümkündür”. 

Nurlan 

 Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyinin həyata keçirdiyi "Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı barədə fermerlərin məlumatlandırılması " layihəsi çərçivəsində çap olunur.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!