Azərbaycanda çayçılığı necə inkişaf etdirmək olar?

2019-06-06 15:42:31 / 891 dəfə oxunub
 Azərbaycanda ən çox gəlir gətirən sahələrdən biri də çayçılıqdır ki, hazırda bu sahənin genişləndirilməsinə ehtiyac var. Etiraf edilməlidir ki, ölkədə çayçılığın inkişafına nail olmaqdan ötrü kifayət qədər imkanlar mövcuddur. Bu sahəyə innovariv texnologiyaların tətbiqi isə hazırda ən səmərəli üsul hesab edilir. Aqrar elmləri üzrə fəlsəfə doktoru Xalıqverdi Babayev hesab edir ki, mütəxəssislərin yeni istehsalat təcrübələrini və innovativ texnologiyalarını fərdi və fermer təsərrüfatlarında tətbiq etmək üçün çay və sitrus bitkilərinin tinglik şəbəkəsi (bazası) yaradılmalıdır. Ən yaxşı davamlı toxumu rayonlaşdırılmış sort və klonlardan, yerli populyasiyalardan yığmaq lazımdır. Hal-hazırda Lənkəran bölgəsi şəraitində mövcud çay plantasiyalarında toxum əkin materialı əldə etmək tam mümkün olmadığı üçün, toxum mübadiləsi sahəsində beynəlxalq təşkilatlarla (əsasən Gürcüstan Respublikası) əlaqələrin genişləndirilməsi vacibdir. Lakin daha çox üstünlük yerli toxumların tədarük olunmasına verilməlidir. Tam yaşlı plantasiyalar ağır və yarım-ağır budamadan sonra mütləq təmir edilməlidir. Plantasiyalarda 60%-dən yuxarı bitki sıradan çıxıbsa, sahə bərpa olunmalıdır. Bunun üçün mövcud çay plantasiyaları qiymətləndirilməli, pasportlaşma aparılmalıdır. Çaya yararlı torpaqlar mütləq nəzərə alınmalıdır. Fermer təsərrüfatları çay emal müəssisələri ilə bir ritmdə işləməli və çayçılığın təkrar istehsalı üçün emal müəssisələrindən aşağı faizlə kredit götürməlidirlər. Fermerlərlə aparılmış sorğuların və sahibkarlıq fəaliyyətinin təhlilindən aydın olur ki, çay istehsalının inkişafına bir sıra amillər kompleks surətdə təsir göstərir. Problemin həllinin aktuallığı bir sıra faktorlarla şərtlənir. Belə ki, yaşıl çay yarpağı istehsalının stimullaşdırılması və tənzimlənməsində kreditin rolu böyükdür. Bazar münasibətlərinə keçid, çayçılıq üzrə istehsal kooperativlərinin yaranması kreditə ehtiyacı daha da artırır. Çünki çayçılıq sistemində geniş təkrar istehsal prosesi təkcə hesabat ilində yaranan xalis gəlirdən yığım fonduna ayırmalar hesabına həyata keçirilmir. Bu, istehsalatın inkişafı üçün çox vacibdir, lakin vahid maliyyələşmə mənbəyi deyil. Hazırda kəndli (fermer) təsərrüfatlarında böhranlı vəziyyətin yaranması ilə əlaqədar məhsul satışı və xidmətlərdən əldə edilən vəsait geniş təkrar istehsalı həyata keçirməyə imkan vermir. Odur ki, təsərrüfatlarda kreditdən istifadə halları kəskin surətdə artmışdır. Bu məqsədlə kredit ehtiyatlarının yaradılması və ondan istifadənin səmərəli üsulları tapılmalı, əsas istiqamətləri, üstün cəhətləri göstərilməlidir. Çayçılıqla məşğul olan fermer təsərrüfatlarında dövlətin kredit siyasəti iqtisadiyyatın başqa sahələrindən fərqli olmalı, yaşıl çay yarpağı istehsalının artmasına, onun stimullaşdırılmasına xidmət etməlidir. Həmçinin çayçılıqda torpaq-iqlim xüsusiyyətləri nəzərə almaqla differensial kreditləşmənin həyata keçirilməsinə, ondan istehsalın yaxşılaşdırılmasında bir iqtisadi vasitə kimi istifadəyə böyük əhəmiyyət verilməlidir. Lənkəran-Astara bölgəsində iqtisadiyyatın ən aparıcı və strateji sahəsi olan çayçılıqda dövlət sahibkarlığının da fəaliyyətinə üstünlük verilməlidir. Çünki, dövlət sahibkarlığının başlıca məqsədi dövlətin sosial-iqtisadi və elmi-texniki vəzifələrinin həyata keçirilməsinə xidmət etməsidir. Belə ki, dövlət müəssisələri elm, kapital və əmək tutumlu sahələrin yaradılması ilə bağlı bütün tədbirləri öz üzərinə götürür və həyata keçirir. Fermer təsərrüfatlarında istehsalın son nəticəsi yaşıl çay yarpağının satışıdır. Hazırda müqavilə, satınalma qiymətləri vasitəsilə kənd təsərrüfatı məhsullarının əksər hissəsi realizə olunur. Qiymətlərin bu forması əsasən iki sahə arasında iqtisadi münasibətləri tənzimlədiyindən hər iki tərəfin (kənd təsərrüfatı və sənaye) mənafeyi nəzərə alınmalıdır. Lakin araşdırmalar göstərir ki, çayçılıqda mövcud qiymətlər yaşıl çay yarpağı istehsalçıların mənafeyini təmin etmir. Belə bir vəziyyət istehsal xərclərinin artımı qiymətləri üstələməsinə, təsərrüfatın zərərlə başa gəlməsinə səbəb olur. Hesablamalar göstərir ki, ayrı-ayrı kənd təsərrüfatı məhsullarının, həmçinin yaşıl çay yarpağının maya dəyərinin artım sürətinin onun satış qiymətini üstələməsi istehsalın səmərəliliyinin aşağı düşməsinə, təsərrüfatlara dəyən zərərin ilbəil artmasına səbəb olmuşdur. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq məhsul vahidinin maya dəyərinin kəskin artması materialın məsarifləri ilə bilavasitə bağlıdır. Belə ki, yaşıl çay yarpağı və sitrus meyvə istehsalı prosesində istifadə olunan maddi-texniki resursların, zəhərləyici və kimyəvi maddələrin, mineral gübrələrin istehlak olunmuş dəyəri məhsulun üzərinə keçir. Odur ki, kənd təsərrüfatında istifadə olunan bu resursların qiymətinin artması məhsulların maya dəyərinə bilavasitə təsir edir. Respublikada istehsal olunan zəruri istehsal vasitələrinin satış qiymətləri KTN-yi tərəfindən tənzimlənməlidir və elə bir şərait yaradılmalıdır ki, formalaşma prosesi keçirən fermer təsərrüfatları, kooperativləri və kiçik müəssisələr özlərinə lazım olan maddi-texniki vəsaitlərini satın ala bilsinlər. Azərbaycan çayının əvvəlki şöhrətini qaytarmaq üçün qiymət mexanizmindən geniş istifadə olunmalıdır. Hazırlanan standarta görə yaşıl çay yarpağı məhsulunun maya dəyəri onun bazar qiymətindən aşağı olmamalı və bununla fəaliyyətin rentabelliyi təmin edilməlidir.Resurs təminatı, maliyyələşdirmə, qiymət, elmi-informasiya təminatı təsərrüfatlarda həlledici amillərdir. Bu amillərdən hələlik mükəmməl istifadə olunmur. İqtisadi mexanizm (qiymət, vergi, gömrük, kredit məqsədli investisiya) texnologiya və maddi baza yaratmaq üçün vəsait rolunu oynayır. Çayçılıq və sitrusçuluqda mülkiyyətçilik və təsərrüfatçılıq forması, iqtisadi mexanizm yalnız möhkəm maddi baza olan şəraitdə səmərə verir. Digər tərəfdən isə maddi baza və səmərəli texnologiya iqtisadi mexanizmin, təsərrüfatçılıq və mülkiyyət formalarının fəal təsiri altında formalaşdıqda daha faydalı olur. 

Nurlan

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyinin həyata keçirdiyi "Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı barədə fermerlərin məlumatlandırılması " layihəsi çərçivəsində çap olunur.



Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!