Azərbaycanda çayçılıq ənənələri davam etdirilir

2019-06-10 15:49:31 / 1090 dəfə oxunub
Çay dünyada sudan sonra ən çox içilən içkilər siyahısında özünə yer alıb. Qədimdə Şərq aləmində çayı içki kimi deyil dərman kimi istifadə ediblər, o vaxtdan bəri dünyanın aparıcı tədqiqatçıları bu maraqlı bitki üzərində elmi araşdırmalar aparır. Nə qədər içkilər icad olunsa da, çaya təlabat ildən-ilə artır. Buna səbəb çayın xoş dadı, ətri, susuzluğu yatırması və müalicəvi əhəmiyyətinin olmasıdır. Azərbaycanın cənub bölgəsində isə çayçılığın inkişafına hələ uzun illər bundan əvvəl başlanılıb. Azərbaycanda çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilmiş, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılmışdır. Bu sahənin inkişafı 1970-1980-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon kubmetr olan Xanbulançay, 1986-cı ildə Masallı rayonunda tutumu 46 milyon kubmetr olan Viləşçay su anbarları tikilərək istifadəyə verilmişdir. Həmin dövrdən etibarən çay plantasiyalarının sahəsi genişləndirilərək 13,4 min hektara, yaşıl çay yarpağı istehsalı 34,5 min tona çatdırılmışdır. Eyni zamanda, ölkədə çay yarpağı emal edən 14 müəssisənin və 2 çayçəkici fabrikin tikilməsi ildə 45 min ton çay yarpağının emalına imkan yaratmış, ölkə əhalisinin quru çaya olan ehtiyacının 65-70 faizinin yerli istehsal hesabına ödənilməsini təmin etmişdir. Aparılan elmi araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə, ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti Azərbaycan ərazisində çay bitkisinin becərilməsinə imkan verir. Bununla belə, 1990-cı illərdən etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlamış və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşmüşdür. Lakin bu vəziyyəti aradan qaldırmaq üçün 2016-cı ildən başlayaraq çayçılığın inkişafına məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, məhsul istehsalı isə 42,2 faiz artaraq 775,2 tona çatmışdır. 2019-cu ilin yanvar-mart aylarında Azərbaycan 2,005 mln. ABŞ dolları dəyərində 308,4 ton çay ixrac edib, eyni zamanda 9,986 mln. dollar dəyərində 2,7 min ton çay idxal edib. İdxal ixracı 8,75 dəfə üstələyib. Azərbaycan subtropik bitkiçiliyin və o cümlədən çayçılığın sənaye miqyaslı inkişaf tarixinə nəzər saldıqda subtropik təsərrüfatların sürətli inkişaf mərhələsi milli liderimiz Heydər Əliyevin qayğısı və səyi ilə 1970-1980-cı illərdə baş vermişdir. Belə ki, 1969-cı ildə H.Əliyevin Azərbaycan KP MK Birinci katibi vəzifəsinə təyin edilməsi respublikada kənd təsərrüfatının digər sahələri ilə yanaşı çayçılığın da inkişaf etdirilməsinə böyük təkan vermişdir. Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda çayçılığın intensivləşdirilməsi hesabına çay becərilməsi və çayçılıq sənayesi kənd təsərrüfatının daimi gəlirli sahəsinə çevrilmişdir. Ölkədə çay plantasiyalarının 13,4 min hektara çatdırılması, çay yarpağı istehsalının isə ildə 34 min tonu ötməsi, bundan da 8,5 min ton keyfiyyətli Azərbaycan çayı əldə edilməsi mümkün olmuşdur. Eyni zamanda, çay yarpağı emal edən 14 və çay çəkib–bükən 2 fabrikin tikilməsi, ildə 45 min ton yaşıl çay yarpağı emal olunması üçün imkan yaratmışdır. Bununla yanaşı, çay yarpağı istehsalının səmərəliliyi 64% və əldə edilən gəlir isə 16 milyon manatı ötmüşdür. Çay emal edən fabriklər isə Azərbaycan çayı istehsalından 52 milyon manatlıq dəyərində məhsul buraxılışına nail olmuşdur. Çay becərmə və çay emalı ilə bölgədə 65-70 min adam məşğul olmuşdur. Azərbaycanda 1988-1994-cı illərdə baş verən məlum hadisələr kənd təsərrüfatının digər sahələrində olduğu kimi, çayçılıqda da öz mənfi təsirini göstərdi. Bazar iqtisadiyyatına keçid ərəfəsində çay becərilməsi və çay emalı ilə məşğul olanlar maddi-texniki və təşkilatı cəhətdən bir sıra çətinliklərlə üzləşdilər ki, bu səbəbdən də çay plantasiyalarında aqrotexniki xidmət içləri dayandırıldı və baxımsızlıq ucbatından külli miqdarda çay kolları quruyub sıradan çıxdı. Son illərin statistik məlumatlarına əsasən ölkədə vaxtilə mövcud olan (13,4 min ha) çay plantasiyalarının 90%-dən çoxu tədricən sıradan çıxmışdır. Hazırda ölkə əhalisinin çaya olan ehtiyacı əsasən xaricdən idxal olunan çaylar hesabına ödənilir. Ümummilli lider Heydər Əliyev müəyyənləşdirdiyi strateji xətti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişafı yeni keyfiyyət halına yüksəltmək istəyi onun imzaladığı sərəncam və fərmanlarda əksini tapmışdır. Prezident İlham Əliyevin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə "2018-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramında ölkə əhalisi üçün strateji əhəmiyyət daşıyan çay ərzaq məhsulu kimi öz yerini tapmışdır. Məqsəd ölkədə çayçılığın bərpası və çay istehsalının artırılması ilə ölkə əhalisinin yerli çay məhsulları hesabına təminatına nail olunması nəzərdə tutulmuşdur. Azərbaycanın aqrar bölməsinin mühüm sahələrindən biri sayılan çayçılığın, sitrusçuluğun və çəltikçiliyin dirçəldilməsi və inkişaf etdirilməsi məsələlərinə həsr edilmiş Lənkəran şəhərində 3 sentyabr 2017-ci ildə Prezident İlham Əliyevin keçirtdiyi respublika müşavirsində geniş müzakirə edilmiş və bu sahələrin intensivləşdirilməsi mühüm məsələ kimi qarşıya qoyulmuşdur. Toplantıda dövlət başçısı müasir elmi əsaslara söykənərək aqrar sahənin, xüsusilə də bölgə üçün ənənəvi sayılan çayçılığın, sitrusçuluğun və çəltikçiliyin inkişaf etidirilməsinin vacib məsələ olduğunu önə çəkmişdir. Nurlan Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyinin həyata keçirdiyi "Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı barədə fermerlərin məlumatlandırılması " layihəsi çərçivəsində çap olunur. Çay bitkilərinin becərmə texnologiyası Azərbaycan Respublikasının təbii torpaq-iqlim şəraiti əsasən isti, quru və subtropik olması ilə səciyyələnir. Subtropik iqlim şəraiti ölkənin ümumi sahəsinin 65 faizini əhatə edir. Hələ 1936-cı ildə məhşur alim, botanik-genetik, akademik N.S.Vavilov Bakıda keçirilən subtropiklərin I konfransında belə qeyd etmişdir: "Azərbaycan dünyanın endemik bitki bankıdır.Talış isə (Lənkəran-Astara bölgəsi, müəl.) onun ən varlı gözəl gəlinidir”. Bu görkəmli alimin ölkəmizin iqliminə və bitki aləminə, xüsusən onun cənub bölgəsinə verdiyi yüksək qiymət özünü doğrultmuşdur. Həqiqətən belə iqlim şəraitinin respublikamızda müxtəlif növ və sort tərkibli çay və iqtisadi baxımdan əhəmiyyətli digər bitkilərin geniş sənaye miqyasında inkişaf etdirilməsi üçün böyük aqroiqlim potensialına malikdir. Azərbaycan Milli Elmər Akademiyasının bölgədə fəaliyyət göstərən Lənkəran Regional Elmi Mərkəzi öz növbəsində çayçılığın inkişafı üçün aşağıda göstərilənlərin elmi-praktik əsaslarla işlənilməsini vacib sayır. Fermer təsərrüfatları üçün daha məhsuldar və keyfiyyətli çay sortlarını yaratmaqla və yekcins tinglərlə çay plantasiyalarının salmasına nail olmalı; Lənkəran-Astara bölgəsində sitrus bitkilərinin ən yaxşı adaptasiya olunmuş, yüksək təsərrüfat qiymətini almış sortların əldə edilməsi və fermer təsərrüfatlarına təqdim olunması; Bölgənin çay, sitrus və digər subtropik meyvə və texniki bitkilərin inkişafı üçün becərmə texnologiyalarının təkmilləşdirilməsi; Astara rayonunda sitrus bitkilərinin becərilməsi üçün daha əlverişli torpaq –iqlim şəraitin olmasını nəzərə alıb AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin "Astara Dayaq məntəqəsi”nin yaradılması; Bölgədə çayayararlı sahələrin müəyyənləşdirib və gələcəkdə bu sahələrdə çay plantasiyalarının salınması məqsədilə Lerik rayonu ərazisində AMEA-nın "Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birlikdə tədqiqat işlərinin aparılması çay və digər subtropik bitkilərin əkinəyararlı sahələrini müəyyənləşdirir; Lənkəran Dövlət Universiteti ilə həmkarlıq əsasında çay, sitrus və bəzək bağçılığı üzrə mütəxəssis kadrların hazırlanması və onların təkmilləşdirilməsi; Lənkəran –Astara bölgəsinin özünəməxsus təbii torpaq, iqlim şəraitində yetişdirilən kənd təsərrüfatı məhsulların yüksək keyfiyyətli olmasını nəzərə alıb "Made in Azərbaycan” brendi altında xaricə ixracatını artırmaq məqsədilə AMEA –nın Lənkəran Regional Elmi Mərkəzində müasir tələblərə cavab verən "biokimyəvi tədqiqatlar” şöbəsinin yaradılması və müasir labaratoriya avadanlıqları ilə təmin edilməsi və sair. Məlum olduğu kimi çay generativ (toxumla) və vegetativ (qələmlə, ayırmalarla və s.) üsullarla çoxaldılır. Çay bitkisinin inkişafı və onun məhsuldarlığı yerdən və çay plantasiyasının salınması üsulundan aslıdır. Çay qolu özünün təsərrüfat qiymətini 100-120 il müddətinə saxlaya bilir. Ona görə də çay plantasiyaları düzgün salınmalı və bitkinin tələbatına uyğun olmalıdır. Çay plantasiyası salınarkən hökmən torpağın reaksiyasını (pH) təyin etmək lazımdır. Çay altına yalnız o torpaqlar yararlı sayılır ki, onların 80-100 sm dərinliyə qədər pH-4-6.5 və qurunt sularının səviyyəsi 100 sm-dən aşağı olsun. Çay bitkisinin əsas zərərvericiləri və xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri: Çay bitkisinin əsas xəstəlikləri - ləkə xəstəliyi ( Qəhvəyi ,boz ,mis rəngli) və s. qarşı mübarizədə 1%-li bordo məhlulu və yaxud onları əvəz edən yeni preparatlardan istifadə etmək olar. Çay bitkisinin əsas zərərvericiləri - çay güvəsi, çay mənənəsi, yastıcalara və s.qarşı mübarizədə 0,2%-li dursban, 0,2% -li poliqor,0,4%-li Dnok və yaxud onları əvəz edən yeni preparatlardan istifadə etmək olar. Nəzərə almaq lazımdır ki, çay qolu çox ləng böyüyür. Birinci məhsulu dərənə qədər gərək çay sahəsinə uzun müddət qayğı göstərəsən. Yalnız 7-9 ildən sonra çay qolu birinci məhsulunu verir. Odur ki, çay becərilən plantasiyalar dəniz səviyyəsindən yüksəklikdə yerləşməklə orta meyilli olmalıdır. Yaşıl yarpağın yetişdirilməsində bitki və heyvan mənşəli maddələrdən (gübrə, peyin, dərmanlar) istifadə olunmalıdır. Yaşıl yarpaqların qida məhsullarını yığan zaman onların zərəsiz qablara zədələnmədən toplanması gərəkdir. Çay yarpaqlarının ilk emalında ən yüksək və müasir texnologiyadan istifadə etməklə keyfiyyətli yarımfabrikat (xam çay) əldə etməyə çalışmaq lazımdır. Xarici ölkələrdən gətirilən çayın daşınma müddətini qısaltmaqla onun nəqliyyatda daşınması zamanı keyfiyyətinin qorunmasını təmin etmək vacib şərtdir. Çayın əkilib-becərilməsində, eləcə də paketlənməsində sanitar-gigiyenik qaydalara əməl edilməli, insan orqanizminə zərəsiz qablaşdırıcı materiallardan (karton, kağız, folqa) istifadə edilməlidir.

 Nurlan

 Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyinin həyata keçirdiyi "Çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı barədə fermerlərin məlumatlandırılması " layihəsi çərçivəsində çap olunur.
Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!