Əli Əhmədov: Azərbaycanın parlaq gələcəyi və müxalifətin xəyal qırıqlığı

2019-07-31 11:09:39 / 506 dəfə oxunub

Azərbaycan Respublikasının XX əsrin sonlarında müstəqilliyinə qovuşan gənc dövlətlər sırasında ən uğurlularından biri olması bütün dünyada hamılıqla qəbul olunan gerçəklikdir. İqtisadiyyatını 3,5 dəfə artırmaq, əhalinin həyat səviyyəsini dəfələrlə yüksəltmək, möhtəşəm infrastruktur layihələri sayəsində ölkənin simasını büsbütün yeniləşdirmək, ən islahatçı dövlət adını qazanmaq və sair nailiyyətlər gənc dövlətlərdən heç də hamısına müyəssər olmamışdır.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, gözlərimizin önündə, cəmi 15 il ərzində Bakının dünyanın ən gözəl şəhərlərindən biri səviyyəsinə yüksəlməsi sözün əsl mənasında əfsanənin reallığa çevrilməsidir:

"Üç dəniz əfsanəsini, Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ideyasını əfsanədən həqiqətə çevirən Azərbaycan indi daha möhtəşəm möcüzələr yaratmaqdadır.

Azəbaycanın sadaladığımız və sadalamadığımız reallıqları onu yetərincə cazibədar edib, başqa sözlə desək, məşhurlaşdırıb. Ölkəmizin və onun paytaxtı gözəl Bakının ardı-arası kəsilməyən dünya miqyaslı mədəni, humanitar, idman və s. tədbirlərinə ev sahibliyi etməsi qeyd etdiyimiz cazibədarlığın ən bariz ifadələrindən biridir. Dediyimiz fikrin digər ifadəsi isə Azərbaycana xarici turist axınının durmadan artması sayıla bilər.

Azərbycanın bu günü gözəldir, gələcəyi isə parlaqdır. Bunu nəinki etiraf etmək, həm də qürur duymaq lazımdır. Ölkəmizi, deməli bizim hamımızı gözləyən parlaq gələcək xalqımızı və dostlarımızı sevindirir, ruhlandırır və daha böyük uğurlara səfərbər edir. Düşmənlərimiz və gözü götürməyənlər isə məyus olur, paxıllıq edir, Azərbaycana qarşı məkrli planlar hazırlayır.

Düşmənlərin məyus olması haradasa başa düşüləndir. Başa düşülməyən müxalifətin məyus olması, xəyal qırıqlığı sindromunu yaşamasıdır. Onların Azərbaycanın möcüzədən fərqlənməyən uğurlarını görməzliyə vurmasını bir kənara qoyaq, lakin ədalət hissini büsbütün unudub ölkəmizə qarşı böhtan atanlarla bir sırada dayanmaları bağışlanan deyil. Öz dövlətinə, öz ölkəsinə, öz xalqına böhtan atmaqla seçici rəğbətini qazanmaq heç kimə müyəssər olmayıb. Yalan, böhtan, şayiələr siyasi mübarizənin ən uğursuz vasitələridir. Bu yolu seçənlər, tarixin göstərdiyi kimi, seçici rəğbəti əvəzinə nifrət qazanır, ayrı-ayrı xarici dairələrin əllərində müvəqqəti vasitəyə çevrilir, nəticədə bütünlüklə iflasa uğrayırlar.

Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan möhtəşəm addımlarla parlaq gələcəyinə doğru inamla irəliləyir. Xalqın öz lideri Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, onun siyasətini qətiyyətlə dəstəkləməsi bu inamı daha da artırır".


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!