Dil xalqı birləşdirən ən etibarlı vasitədir

2019-08-04 08:42:37 / 454 dəfə oxunub

Rəsul Mirhəşimli

Azərbaycan dili xalqımızın mənəvi varlığını ifadə edən əsas amildir. Qədim dillərdən biri olan Azərbaycan dili böyük inkişaf yolub keçib. Dil xalqın özünüqoruma instiktini gücləndirən, xalqı birləşdirən ən etibarlı vasitədir. Azərbaycan dilinin qorunması ilk növbədə hər bir vətəndaşın vəzifəsidir. İnsan hansı dildə düşünürsə, hansı dili daha yaxşı hiss edirsə, ən çox da o dilə bağlı olur. Hər bir insan nə qədər çox dil bilsə belə, ilk növbədə mənsub olduğu xalqımızın dilini bilməyə borcludur.

Azərbaycan dilinin qorunması qanunvericilik aktları, prezident fərmanları və bir çox normativ sənədlərlə tənzimlənir. "Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu”nda nəzərdə tutulur ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci ildə imzaladığı Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərmanı da dilimizin qorunması üçün tədbirlər planının hazırlanmasını nəzərdə tutur.

Qeyd edək ki, bir çox hallarda televiziya və radio kanallarında dilimizin normalarının kobud şəkildə pozulmasına rast gəlinir. Bəzi televiziya və radio kanallarının aparıcıları verilişlərə məişət danışığını gətirir ki, bu da dilimizin korlanmasına səbəb olur. Nəzərə alsaq ki, tamaşaçı və dinləyəcilər üçün televiziya və radio əsas etibarlı mənbə hesab olunduğundan bəzən insanlar dilimizin imkanlarının bəsit olduğunu düşünür. Halbuki Türkiyənin bir çox dilçi alimləri Türkiyə ədəbi dilinin formalaşmasında Azərbaycan ədəbi dilinin müsbət təsiri olduğunu qeyd edirlər.

Bu cür neqativ hallar onlayn mediada da özünü göstərir. Xəbər portallarında və saytlarda ismin – da, – də yerlik hal şəkilçisi ilə da, də qüvvətləndirici ədatları ilə qarışıq salmaları, bu ədatları söz kökünə bitişik yazılmasını müşahidə edirik. Çatışmazlıq sözünü səhv olaraq çatışmamazlıq, ismarış sözünü ismarıc şəklində yazılmasını görürük. Müqayisə edəndə görürük ki, çap mediasında onlayn mediadan daha az səhvlərə yol verilir. Bəlkə bu da onunla bağlıdır ki, çap mediasının hazırlanması bir neçə mərhələdən keçir, cümlələrin düzgünlüyünün təkrar yoxlanılması bu səhvlərin həcmini azaldır. Onlayn media isə xəbəri anında yaymaq kimi missiya daşıyıcı olduğu üçün bəzən sözlərin yazılış şəklinə, söz sırasının qorunmasına, cümlə struktruna o qədər də ciddi fikir verilmir.

Mətbuat Şurası və Milli Televiziya və Radio Şurası mütəmadi olaraq, mətbuat vasitələrində yol verilən dil pozuntularını qeydə alır və təhlilini aparır.

Xüsusi vurğulayaq ki, dil qaydalarının pozulması yuxarıda qeyd etdiyim dövlət sənədlərinin tələblərinin pozulmasıdır. Azərbaycan dilinin qorunması üçün hər bir vətəndaş daha da məsuliyyətli olmalıdır. Bu işin təbliğində və dilimizin qorunmasında mətbuat daha aktiv olmalıdır.

 

Yazı, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyinin "Azərbaycan ədəbi dilinin qorunması mövzusunda tədbirlərin təşkili”mövzusunda layihəsi çərçivəsində çap olunur

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!