Radikalizmə qarşı mübarizəsində maarifçilik aksiyalarının rolu

2019-08-04 18:44:24 / 1494 dəfə oxunub

Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

1992-ci ildə Azərbaycanda "Dini etiqad azadlığı haqqında” qanun qəbul olunub. "Dini etiqad azadlığı haqqında” qanunda (1-ci maddə) qeyd olunur ki, "Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz”.

Azərbaycan əhalisinin 96 faizini müsəlman, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edir. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır.

Dövlət-din münasibətləri Azərbaycanda xüsusi yer tutur. Tolerantlıq ənənələrini qoruyub saxlamaq dövlət siyasətinin əsas prioritetlərindən biridir. Ölkəmizdə tolerantlıq, multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi, ölkəmizdə 2016-cı ilin "Multikultralizm ili” elan olunması Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.

Bunlarla yanaşı müasir dövrdə bütün dünyada geniş vüsət alımış və əsas qlobal təhdidlərdən birinə çevrilmiş dini ekstremizm (dini ekstremist fəaliyyət) – dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm əməllərinə qarşı da Azərbaycanda preventiv tədbrilər görülür. 05 dekabr 2015-ci il tarixdən "Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun qüvvəyə minib. Müvafiq dövlət qurumları, xüsusən Dini İşlər üzrə Dövlət Komitəsi tərəfindən maarifləndirici tədbirlər həyata keçirilir. Azərbaycan hökuməti Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri vasitəsilə müsəlmanların inteqrasiyasını stimullaşdırır.

Dini ekstremizm (dini ekstremist fəaliyyət) – dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm ideologiyası, əməllərinə qarşı preventiv tədbirlərin dah geniş miqyasda aparılması, xüsusən gəncləri daha çox əhatə etməsi, tolerantlıq, multikultral dəyərlərin təbliği vətəndaş cəmiyyəti institutları üçün də aktual vəzifə kimi qarşıda durur. Aparlan müşahidələr, təhlillər göstərir ki, Azərbaycanda dini ekstremizm (dini ekstremist fəaliyyət) – dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm ideologiyasını yaymağa çalışan qüvvələr adətən gəncləri hədəf götürərək lokal ocaqlar yaradır, ilk növbədə burada möhkəmlənməyə çalışaraq, dayaq nöqtəsi kimi istifadə edirlər. Bu zaman elə region və rayonlar seçilir ki, məzhəb və dini fərqliliklərdən istifadə etmək mümkün olsun. Ötən il Nardaran qəsəbəsində baş verənlər göstərdi ki, dini düşmənçilik, dini radikalizm ideyalarını yaymağa çalışanlar dini etiqad azadlığı mühitindən çox məharətlə istifadə edirlər. Təcrübə göstərir ki, bir çox hallarda izibati, cəza metodları səmərə vermir və maarifçilik, gənclər arasında təbliğat daha məhsuldar olur.

Xüsusən dini radikalizm ideyalarının yayılması ilə bağlı risk faktorlarının daha güclü olduğu bölgələrdə konkret hədəf qrupları ilə maarifçilik işi aparılması daha böyük səmərə verir və daha böyük preventivepotensiala malikdir. Bu ondan irəli gəlir ki, dini radikalizm ideyalarının yayılmasında maraqlı olan qüvvələr məhz aktiv təbliğat metodlarından yararlanırlar. Gənclər arasında spesifik ədəbiyyatın yayılması, müxtəlif birlik və ittifaqlara cəlb etmə, spesifik dünyagörüşünün aşılanması üçün dini ayinlərə cəlb etmə metodlarından istifadə olunur. Bu metodlar belə fəaliyyətləri uzun müddət pərdələmək imkanı yaradır.

Bu yöndə fəaliyyətlərə yalnız preventiv, adekvat maarifçiliklə mane olmaq mümkündür. Vətəndaş cəmiyyəti institutları bu istiqamətdə dövlət orqanları tərəfindən həyata keçirilən siyasətə dəstək verməli və atılan addımları öz təşəbbüsləri ilə möhkəmləndirməlidirlər.

Yazı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Din və Demokratiya Mərkəzi İctimai Birliyi tərəfindən "Dinin siyasiləşdirilməsi meyllərinə qarşı mübarizə” mövzusunda maarifçilik tədbirlərilayihəsi çərçivəsində çap olunur.

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!