Sənədsiz evlərə görə kompensasiya verilsin, “kupça” üçün cüzi pul alınsın - TƏKLİFLƏR

2019-08-05 13:09:24 / 1318 dəfə oxunub

Son günlər ən çox müzakirə edilən məsələlərdən biri də "riskli ərazi” hesab edilən torpaqlarda inşa olunan qeydiyyatsız evlərin sahiblərinə kompensasiyanın verilib-verilməməsidir. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hazırladığı təkliflər paketindəbelə evlərə kompensasiya ödənilməsi təklif olunur.

Bunu iqtisadi ekspert Vüqar Bayramov bildirib.

"Aydındır ki, Bakı və ətraf ərazilərdə yerli icra hakimiyyəti orqanlarının,eləcə də bələdiyyənin xəbəri olmadan nəinki ev tikmək, hətta evin bünövrəsini tökmək mümkün deyildi. Bu "xəbərdarlıq” üçün ev sahibləri əlavə ödəniş etmək məcburiyyətində qalırdılar. Buna görə də əgər belə ərazilərdə evlərin inşasına yerli icra hakimiyyəti orqanları və bələdiyyələr əksər hallarda müəyyən ödəniş müqabilində "göz yumublarsa”, niyə həmin ev sahiblərinə kompensasiya ödənilməməlidir?

Bu baxımdan, beyin mərkəzi olaraq, belə evlərin köçürülməsi baş verərsə, kompensasiya ödənilməsinivacib hesab edirik və bu köçürmələr də həmin evlərin inşasına imkan yaradan yerli icra hakimiyyəti orqanlarının daxili mənbələri hesabına həyata keçirilə bilər. Bununla da dövlət büdcəsinə ağırlıq yaratmadan qeydiyyatsız ev sahiblərinə kompensasiyanın ödənilməsi təmin oluna bilər”, - ekspert əlavə edib.

O qeyd edib ki, CESD-in təklifləri əmlak amnistiyasını nəzərdə tutur:

"Bu mənada yaxın zamanda sənədsiz əmlaka aministiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin, eləcə də nəqliyyat qovşaqlarının yaxınlığında yerləşən evlərdir. Təklif edirik ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa, ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin.

Əlavə edək ki, bizim konsepsiyada inkişaf etməkdə olan ölkələrdə, o cümlədən qonşu Türkiyə və Rusiyada tətbiq edilən praktikadan istifadə olunub. Burada söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var”.

V.Bayramovun fikrincə, mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər:

"Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və "kupça” ilə təmin olunması prosesi başlanmalıdır”.(oxu.az)


Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!