Reklam bazarının inkişafı niyə ləngiyir?

2019-08-06 18:03:39 / 433 dəfə oxunub

Hazırda Azərbaycanda reklam sahəsinə çox biganə münasibət var. Əslində, reklama bu cür biganə münasibət özü-özündən yaranmayıb. Əgər bu xoşagəlməz münasibət bir tərəfdən yerli reklam bazarının ləng inkişafı ilə bağlıdırsa, digər tərəfdən də reklam bazarındakı monopoliyadan irəli gəlir.

Reklamların dili, tərtibi, keyfiyyəti və məzmunu baxımından da ciddi problemlər yaşanmaqdadır. Əgər tamaşaçı reklamlara biganə qalırsa, bu reklam işi ilə məşğul olanları ciddi düşündürməlidir. Yoxsa bahalığı bir yana qalsın, bayağı, əttökən reklamları telekanallarda yayınlamaqla hər hansı irəliləyişə nail olunması mümkün deyil.

Danılmaz faktdır ki, bu gün telekanallarda və küçələrdə reklam olunan bir çox məhsulların keyfiyyəti heç də həmin reklamlarda tərifləndiyi kimi deyil. Reklama aldanıb həmin məhsulu alanlar az bir müddət ərzində həmin məhsulun tamamilə keyfiyyətsiz olmasından şikayətlənirlər.

Ona görə də, bu gün reklam bazarında şirkətlərin sayı çox olsa da, bu sahədəki vəziyyətə görə, Azərbaycan dünyanın əksər ölkələrindən geri qalır. Reklam şirkətləri bir çox hallarda qanunlara əməl etmir. Ölkə vətəndaşlarının reklam şirkətlərinə inamının az olması da reklam bazarının inkişafını ləngidir. Azərbaycan tamaşaçısı və ya alıcısında reklam olunan veriliş və mallara marağın xeyli azaldığını müşahidə edirik. Yəni nələrsə reklam olunursa, deməli, nəsə bir əmması var. Belə müşahidələr çox vaxt özünü doğruldur da. Amma təəssüflər olsun ki, xarici ölkələrdə bunun tam əksini müşahidə edirik.

Reklam zamanı keyfiyyətsiz məhsulların təbliğ olunması təbii ki, reklam bazarının nüfuzuna xələl gətirir. Tamaşaçının istəyi budur ki, istər küçələrdəki reklam şitlərində, istərsə də, televiziyalarda keyfiyyət amilinə diqqət yetirilsin, alıcıların zövqünə uyğun məhsullar reklam olunsun.

Gəlin reklamların dilinə nəzər salaq. Ümumiyyətlə, bu gün reklamların dili ilə bağlı Azərbaycanda nə elmi monoqrafiya, nə də elmi məqalə maarifləndirici kitablar yoxdur.

Bu barədə aidiyyatı qurumlar fikirləşməlidirlər. Reklamların dili ilə bağlı elmi monoqrafiya, elmi məqalə və dərs vəsaitlərinin yazılması, eləcə də, hazırlanması üçün səylər artırılmalı, reklam mədəniyyətinin formalaşması istiqamətində yeniliklərə imza atılmalıdır. Ümumiyyətlə, reklam sahəsində ciddi dövlət nəzarəti olmalı, elmi, sistemli iş aparılmalıdır. Reklamlarda dilimizin qrammatik normalarına əməl olunması, milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, tariximizin, dəyərlərimizin qorunması başlıca şərt olmalıdır.

İndi dünya sürətlə dəyişir, belə bir vəziyyətdə biz yerimizdə durub saymalı deyilik ki. Azərbaycanda reklam bazarındakı hazırki durum acınacaqlı vəziyyətdə deyil, müəyyən irəliləyişlər var. Təkcə Bakı şəhərində diqqəti cəlb edəcək kifayət qədər reklam şitləri, lövhələri var. Sadəcə burada söhbət qanunlara əməl olunmasından, dilimizə hörmət etməkdən gedir. Bakıdakı reklam şitlərinə baxdıqca adamda belə bir təəssürat yaranır ki, bura sanki, hansısa Avropa şəhərlərindən biridir. Belə olmaz, fikir verin, bu gün şəhərimizin hər tərəfində "ximçistka”, "moyka” və s. əcnəbi dillərdə yazılmış lövhələrə rast gəlmək olar. Mənim fikrimcə, Reklam Şurasının yaradılması ideyası pis ideya deyil. Beynəlxalq təcrübədə belə bir Şuranın yaranmasının mümkünlüyünü özündə ehtiba edir. Ancaq burada əsas məsələ hansısa Şuranın yaranmasından deyil, dövlətin iradəsindən, istəyindən gedir ki, reklam sahəsindəki boşluqlaru aradan qaldıra bilsin.

Mən çox təəssüf edirəm ki, bu gün Azərbaycanda professional reklam çəkmək bu sahədə də işlər ürəkaçan deyil. Reklam işi ilə məşğul olanlar professionalıq əvəzinə təqlidçiliyə daha çox yer verirlər. Türkiyə, Rusiya və digər xarici telekanallarda gedən reklamlar bəzən olduğu kimi təkrar edilir. Bu da çox şit və yersiz alınır. Azərbaycan telekanallarında nümayiş etdirilən reklamları professional baxımdan səviyyəli etmək üçün telekanallar təkcə biznes maraqlarından çıxış etməməlidirlər. Reklam yayıcısı hər şeydən əvvəl "Reklam haqqında” Azərbaycan Respublikasının Qanuna əsaslanaraq reklamın milli-mənəvi dəyərlərə uyğun olduğunu müəyyənləşdirməlidir. Bu sahədə onlar daha çox işləməlidirlər.

Hamı dərk etməlidir ki, respublika ərazisindəki reklamlar dövlət dilimizin normalarına uyğun yerləşdirilməlidir. Əlbəttə ki, zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər əcnəbi dillərdən də istifadə oluna bilər. Bu zaman onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən çox olmamalıdır və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Ancaq paytaxtın küçələrindəki reklamlardan aydın görünür ki, onların əksəriyyəti əcnəbi dillərdədir…

Reklamın baxımlı olması üçün reklam şərtlərinə əməl olunmalıdır. Çünki, keyfiyyətsiz reklamlar tamaşaçıların diqqətini cəlb eləmir. Ancaq nədənsə, bunu bilə-bilə bizdə daha çox keyfiyyətsiz məhsulların reklamına üstünlük verirlər. Axı reklam belə olmamalıdır, özündə həqiqəti əks etdirməlidir, vətəndaşlara problem yaradan reklamlardan birdəfəlik imtina edilməlidir.

Bəzən təsadüfi adamların reklam işləri ilə məşğul olması keyfiyyətsiz tərcümələrin telekanallara yol açmasına səbəb olur. Mən təəssüf edirəm ki, belə bir acınacaqlı vəziyyət xarici ədəbiyyatların dilimizə tərcümə olunmasında da özünü biruzə verir. Telekanallarda nümayiş etdirələn xarici filmlərin başdansovdu tərcüməsi tamaşaçıların zövqünü korlayır.

Yazı, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyinin "Azərbaycan ədəbi dilinin qorunması mövzusunda tədbirlərin təşkilimövzusunda layihəsi çərçivəsində çap olunur

Son xəbərlər
Bütün hüquqlar qorunur: © Copyright 2016-2019 SabahInfo.az Müstəqil İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Azərbaycan Nəşriyyatı, 9-cu mərtəbə
Tel: (994 55) 440 34 97
Tel: (994 55) 627 08 25

E-mail: [email protected]
Baş Redaktor: Ədilzadə Ədil Tahir oğlu
DİQQƏT!!! Materiallardan istifadə edərkən SabahInfo.az Müstəqil İnformasiya Agentliyinə istinad zəruridir !!!